Modern.az

Maliyyə Nazirliyi: Azərbaycanda 251 mln. manatlıq büdcə kəsiri yaranıb

Maliyyə Nazirliyi: Azərbaycanda 251 mln. manatlıq büdcə kəsiri yaranıb

14 Aprel 2015, 14:58

Maliyyə Nazirliyi 2015-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb.
Modern.az-ın məlumatına görə, Nazirlik bildirib ki,  2015-ci ilin birinci rübündə dövlət  büdcəsinin mədaxili 3938,8 mln. manat,  xərcləri 4198,8 mln. manat olub,  251,0 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Gəlirlər

2015-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3900,8 mln. manat proqnoza qarşı  3938,8 mln. manat və yaxud 1,0 faiz çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6  faiz  icra edilməklə dövlət büdcəsinə 1594,8 mln. manat vəsait təmin edilib.

Həmin vəsaitin 69,5 faizi və yaxud 1051,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz-bənd çoxdur.

2015-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 341,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz və yaxud 11,5 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 48,6 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə  11,8 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. manat və yaxud 13,5 faiz  çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1941,7  mln. manat  vəsait transfert edilib.

Xərclər

2015-cü ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz və yaxud 4189,8 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin üç ayında dövlət büdcəsi xərclərinin 33,0 faizi və yaxud 1380,6 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz və yaxud 108,7 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq  2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə  müdafiə xərclərinə 24,2 faiz (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13,0 faiz (7,7 mln. manat), səhiyyə xərclərinə 7,0 faiz (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7 faiz (3,6 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin üç ayında  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına  507,7  mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilib.

2015-ci ilin üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.


Cari ilin 1-ci rübündə dövlət büdcəsində 251 mln. manat kəsir yaranıb ki, bu da mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına  örtülüb.

İcmal büdcə

Cari ilin üç ayında icmal büdcənin gəlirləri 4367,2 mln. manat, icmal büdcənin xərcləri  isə 4967,2  mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 mln. manat coxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama