Ona hər şey yaraşırdı... Pəncərənin önündə dayanıb yaşıl-ala gözləri ilə Parlament prospektində şütüyən maşınlara sakitcə nəzər salmağı da, incə rəftarı da, geyindikləri də... Üzərinə taxdığı zinət əşyalarının ən ucuzunu da bahalı daş-qaş kimi daşıyırdı... O, bir gözəl idi... Durna boylu, sərvi qamətli, ala gözlü, sakit və huzur dolu... Gözəlimiz idi... Bircə bu dünənki ölüm xəbərindən başqa hər şey yaraşırdı ona... Hətta al qırmızı mafəsi də tabutdan çox, xına paltarını xatırlatdı mənə.
Xəstəlik xəbəri bizi şoka salmışdı. Elnarə və xəstəlik... Xəstəliklərin amansız olduğunu eşitmişdik. Bu qədər yox da... İki ayın içində füsunkar bir gözəlliyi şam kimi söndürəcək qədər yox da...Elnarəni sıralarımızdan qoparacaq qədər qəddar olduğunu kim ağlına gətirə bilərdi ki...
Ölüm yaşı deyildi axı Elnarənin... Bir ananın son ümidi idi Elnarə...
Mən onu 20 ilə yaxındır ki, tanıyırdım. Qorxa-qorxa parlament Aparatına addım atdığım ilk günlərdə rastıma çıxan, dost kimi, təcrübəli işçi kimi köməyini təklif edən, yardımını əsirgəməyən ilk insanlardandı...
Elə adamlar olur ki, onu xatırlamamaq üçün emosional, aqressiv məqamlarında arada yaşanan bir halı nəzərinə gətirib özünü sakitləşdirirsən... Elnarədə nəyi gətirəsən. Ömründə bir yatan qarışqanın belə xətrinə dəyməyən, ən ağrılı, ən çətin məqamlarında belə zərifliyini, sakitliyini, təmkinini, insansevərliyini sonuna qədər qoruyan ala gözlü mələkdə nəyi yadına salıb, alışan qəlbini soyudasan?.. Sevincli günündə də, dar günüdə də hər kəsin yanındaydı, baş ucundaydı. Gözəl gözləri xoş günümüzdə parlayır, pis günümüzdə kədərlə boğulurdu...
Milli Məclis Aparatının Ümumi şöbəsinin Baş məsləhətçisi idi Elnarə Məmmədzadə...
Bu şöbə özünün nizam-intizamı, peşəkarlığı ilə hər zaman Aparat işçilərinə nümunə olaraq sərgilənib. Elnarə də bu şöbənin ən sevilən əməkdaşlarından biriydi. Bir neçə gün öncə bu acı xəbəri aldığım zaman həmin şöbənin yerləşdiyi mərtəbəyə qalxdım. Təbii ki, Aparat işçiləri arasında istənilən məqamda emosiyasız davranmaq bir qaydadır. Amma həmin gün bütün tapular yıxılmışdı. Neçə illər bir kollektivdə, bir otaqda çalışdığı rəfiqələri Rəna xanıma, Aybəniz xanıma, Rəsmiyyə xanıma, İlahiyyə xanıma təsəlli vermək mümkün deyildi.
Göz yaşları qaynar bulağa dönmüşdü. Elnarə yaş olub gözlərdən süzülürdü... Bəlkə həyatımda ilk dəfə idi ki, həm özümə, həm başqalarına təsəlli verməkdə bu qədər aciz olduğumu anladım, kimsənin gözünə görünmədən qaçdım ordan... Gözəl Mələyimiz! Sən hər zaman qəlbimizdə yaşayacaqsan, Səni heç vaxt unutmayacağıq... Səni tanıyan hər kəsin başı sağ olsun! Üç övlad böyüdüb, heç birinin barını dərməyən anan – Şərqiyyə xanımın başı sağ olsun! Yəqin ki, çox sevdiyin dostlarının, rəfiqələrinin, kollektiv üzvlərinin gözəl günlərində sənin azad ruhun bizi göylərdən izləyəcək, sıralarımızda olduğunun özün şahidi olacaqsan...
Məkanın cənnət olsun!
Qərənfil MANSUROVA
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı