Modern.az

“Seçici dedi ki, yoldaşı hamilədir, ona kömək edim” - MÜSAHİBƏ

“Seçici dedi ki, yoldaşı hamilədir, ona kömək edim” - MÜSAHİBƏ

16 Aprel 2015, 09:33


Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir.
Bu dəfə suallarımıza 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilmiş deputat Jalə Əliyeva cavab verir.

- Dörd il öncə ikinci dəfə deputatlığa namizədliyinizi verərkən seçki platformanızı hansı formada qurmuşdunuz? Konkret olaraq, seçicilərinizə hansı vədləri vermişdiniz? 

- Seçki platformamda müəyyən sahələrdə nələri edəcəm kimi fikirlər olmayıb. Hər görüşdə platformamızdan irəli gələrək, ümumi fikrimiz o olub ki, qapımız hər zaman seçicinin üzünə açıq olacaq, telefonumuz 24 saat açıq olacaq. Eyni zamanda, istər rayondakı ofisimizə,  istərsə də Milli Məclisə üz tutanları qəbul edəcəyik.
Rayon,  şəhər,  ölkə əhəmiyyətli məsələləri qabartdıqları, hansısa çatışmazlığı, problemi irəli sürdükləri zaman bunu səlahiyyətlərimiz daxilində həll etməyə çalışacağıq.

- Bütün seçicilərin qanunları tam bildiklərini söyləmək doğru olmaz. Həll edə bilməyəcəyiniz və sizə aidiyyatı olmayan məsələlərlə bağlı müraciətlər barədə danışmağınızı istərdik. 

- Bu təkcə Azərbaycan üçün keçərli deyil. Dünyanın hər bir yerində seçici seçdiyi vəkilini hüquqlarını qoruyan, onun sözünü yuxarı instansiyalara çatdıra bilən subyekt kimi görür. Bu zaman  irəli sürdükləri fikirlərdə, xahişlərdə, iradlarda bəzən subyektiv olurlar. Sizin bu rubrikada həmkarlarımın  da bu cür məsələlərlə tez-tez rastlaşdıqlarını oxumuşam. Hətta,  ikinci dəfə deputat seçildikdən sonra, rayondakı çıxışım zamanı dedim ki, nədənsə, elə düşünürlər ki, millət vəkili həm işıq idarəsidir, həm su idarəsidir, həm də “JEK”dir.

Vətəndaş bilməlidir ki, konkret sahə ilə məşğul olan ayrıca qurum var. Ölkədə saat mexanizmi kimi işləyən dövlət qurumları var. Təbii ki, mütəmadi olaraq ölkə rəhbərliyinə hesabat verilir. Milli Məclisdə tez-tez nazirliklərin hesabatı dinlənilir. Elə məsələlər var ki, deputatın müdaxiləsi ilə bu iş sadəcə bir az tezləşə, asanlaşa bilər. Amma elə qlobal məsələlər var ki, Dövlət Proqramı çərçivəsində həll edilir və Azərbaycan bunu bütün dünyaya çıxarır.

Bütün bunlara baxmayaraq seçici hər zaman düşünür. Tutaq ki, bir seçicinin  məhləsinə qaz çəkilib, amma digər birinin yaşadığı  məhləyə qaz çəkilişi nədənsə 10 gün gecikir. Dərhal millət vəkilinə müraciət etmək laızmdır. Bu cür müraciətlərin özü də bəzən haqlı, bəzən isə haqsız olur.

Ola bilər ki, hansısa yerli məmurun işinə səhlənkar yanaşması ucbatından həmin vətəndaşın məhləsinə qaz çəkilməyib. 

- Rastlaşdığınız maraqlı seçici məktubları olubmu? 

- Olub. Zərdab rayonunun (kəndin adını çəkməyəcəm) kəndlərindən birində görüşdən çıxanda mənə bir məktub təqdim edildi. Məktubun maraqlı tərəfi o idi ki,  ali savadlı gənc bir kadr tərəfindən təqdim olunmuşdu. Məktubda yazılmışdı. “Biz ailəliklə sizi sevirik. Növbəti seçkilərdə də sizə səs verəcəyik. Amma xahişim odur ki, ən böyük markadan (markanın adını indi xatırlamıram) 2 ədəd televizor və daha nələr alıb göndərin”.

Digər bir maraqlı xahiş də olmuşdu. Bir bəy gəlib mənə dedi ki, “həyat yoldaşım ana olacaq. Mənə kömək edin”. Dedim qardaşım, lap yaxşı, Allah xeyir versin. Nə gözəl hissdir ki, evinizə körpə gəlir. Mənə dedi ki, “məsələ ondadır ki, həkim bizə demişdi ki, uşaq təbii yolla dünyaya gələcək. İndi isə deyir ki, qeysəriyyə üsulu ilə olacaq. Mən nə edə bilərəm... Siz mənə kömək edin”. Belə hallar da olur. Ümumilikdə isə çox şərəfli işdir ki, qapını döyən 10 nəfərdən heç olmasa 3, 4, 5-ni əliboş qaytara bilmirsənsə, nəsə əlindən gələn köməyi edirsənsə, deməli, hansısa işlərə faydan olur.

Ötən 4 il ərzində neçə ürək qüsuru olan uşağın valideyləri mənə müraciət ediblər. Heydər Əliyev Fonduna təşəkkür edirəm. Ora müraciət etmişəm və həmin uşaqlar əməliyyat olunub. 16 yaşlı uşaq həyata qaytarılıb.

Sonra 2 nəfərin ürəyində açıq əməliyyata maddi kömək göstərmişik. Övladlığa uşaq götürmək istəyənlərin arzularını gerçəkləşdirmişik. Bunlar savab işlərdir. Çoxlu işlər görülüb. Bunların hamısını sadalamaq istəmirəm. 

- Zərdab rayonunun icra başçısı ilə üst-üstə düşməyən fikirlər olubmu? 

- Bəzən görürsən ki, deputat-icra başçısı arasında problem olması fikirləri səslənir. Mənə maraqlıdır ki, deputatla icra başçısı arasında münasibətlər niyə gərgin olmalıdır? Düşünürəm ki, olmamalıdır. İcra başçısı rayona prezident tərəfindən təyin olunmuş, onun tövsiyə və tapşırıqlarını yerinə yetirən, ona əməl edən bir insandır. Deputat isə həmin rayonun seçicilərinin səsini eşidən, onların istəklərini yuxarı instansiyalara çatdıran insandır. Deputatla icra başçısı  əl-ələ verib dövlətin, xalqın xeyrinə çalışmalıdır. 

- Xanım deputat olaraq ötən illər ərzində seçildiyiniz rayonda insanlarının sizə olan münasibəti çox maraqlıdır. 

- Düşünürəm ki, qadının deputat olmağın  müəyyən anlamda rolu var. Bildiyiniz kimi, Aran-Şirvan zonası hər zaman maarifçiliyi ilə seçilib. Deputat seçildiyim Zərdab rayonu,  bütün Azərbaycanın siması, mətbuatın, düşüncənin ən böyük obrazı olan Həsən bəy Zərdabini yetişdirib.

Zərdablılar da bu tanınmış şəxsiyyətin davamçılarıdır. Ona görə də zərdablılar qadına, ailə ənənələrinə çox diqqət yetirən və hörmətlə yanaşan insanlardır. Əlbəttə ki, bütün zərdablılara təşəkkür edirəm ki, ilk dəfə məni bu rayonda 10 il əvvəl görəndə qadın kimi daha çox dəyərləndirdilər. Belə bir fikir var ki, qadının ürəyi daha yumşaqdır, qadın daha həssadır, anadır. Çox güman ki, bizi daha yaxşı eşidə bilər. O baxımdan maneə yox, özümə qarşı ehtiram, hörmət görmüşəm. Yaşlılar məni hər zaman övladları kimi bağırlarına basıblar. Mənim Zərdab rayonunda o qədər babam, nənəm var ki! Uşaqların da nəzərində valideyn kimiyəm.

 - Növbəti parlament seçkilərinə qatılıb 3-cü dəfə deputat seçilməyi düşünürsünümü?

 - Seçkilərə bir müddət var. Sözün düzü, bu haqda danışmaq tezdir. Eyni zamanda, insan heç bir şeyi təkbaşına etmir. Ümid edək ki, üçüncü dəfə həmin insanlar etimad göstərərlər. O zaman mən də deputatlığa namizədliyimi vermiş olaram.

 Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama