Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Avropa Parlamentinin qondarma erməni soyqırımını tanımağa yönəlmiş qətnaməsini şərh edib.
Bahar Muradova Modern.az-a açıqlamasında deyib ki, belə qətnamənin qəbulu Ermənistanın yürütdüyü təcavüzkar siyasəti stimullaşdırır.
Vitse-spikerin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətindən, bunun bölgəyə faciə gətirməsindən xəbərdar olsa da, məsələyə etiraz etmir.
“Onlar Ermənistanın bu fəaliyyətinə münasibət bildirmirlər. Amma 100 il bundan əvvəl baş vermiş və tarixçilərin tədqiqat obyekti olmalı olan bir “hadisə” haqqında düzgün olmayan siyasi qərar verirlər”.
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri söyləyib ki, Avropa Parlamentinin məlum qətnaməsi çox ağılsız bir qərardır.
“Bu ağılsız qərar və hərəkətdir. Heç inanmaq istəməzdim ki, onlar bəşəri nöqteyi-nəzərdən bu qərarı qəbul ediblər. Bir daha əmin oldum ki, Ermənistanın təcavüzkar siyasətinə məqsədli şəkildə dəstək verilir. Bu isə acı təəssüf hissi doğurur”,-deyə Bahar Muradova söyləyib.
Aqşin Kərimov