Modern.az

“Aşıq Ədaləti vurmaq Allahsızlıqdır” - MÜSAHİBƏ

“Aşıq Ədaləti vurmaq Allahsızlıqdır” - MÜSAHİBƏ

17 Aprel 2015, 09:42

Son zamanlar istər televiziya kanallarında, istərsə də el şənliklərində saz sənəti, ozan-aşıq ənənəsinə göstərilən münasibət ziyalıların kəskin reaksiyalarına səbəb olub.

Televiziya kanallarının birində çəkiliş zamanı aşıq Ədalət Nəsibovun da bu məsələyə sərt və qeyri-etik  reaksiyası sosial şəbəkələrdə, eləcə də  mediada saz sənətinin əsl mahiyyətini bir kənara qoyaraq, yalnız bu detalın müzakirəsinə səbəb oldu.

Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvi, filologiya elmlər namizədi Elxan Məmmədli  Modern.az saytına müsahibəsində həm həmin hadisəyə, həm də ümumilikdə televiziya kanallarının saz sənətinə göstərdiyi biganəlikdən danışıb:

- Televiziyalarda baş verən hadisələr artıq neçənci dəfədir saz sənətinin, ustad aşıqların nüfuzuna xələl gətirir. Sizcə, bu nədən qaynaqlanır? Bəzi aşıqlar niyə sazı sevdirmək əvəzinə gözdən salır?

- Bunların hamısı düşünülərək edilir. Saz qeyrətdir, qəhrəmanlıqdır, saz mənəviyyatdır və saz yüksək əxlaqdır. Bu əxlaqa zərbə vurmaq üçün  belə verilişlər verilişlər hazırlanır. Bəyənmədiyimiz sovet dövründə, heç olmasa ayda bir dəfə aşıqlar televiziyaya çıxıb dastanlarımızı təqdim edirdilər. “Koroğlu”dan , “Aşıq Qərib”dən, “Əsli və Kərəm”dən, “Novruz və Qəndab”dan parçalar ifa edirdilər. Aşıq Kamandarın, Mikayıl Azaflının, çox gözəl ifaçı, göyçəli Hacı Bayramovun, Aşıq Əmrahın ifaları bu gün də “Qızıl fond”da qorunub saxlanılır. Onlar bizim tərbiyəmizin, xalqa sevgimizin formalaşmasında çox böyük rol oynayıb. Amma indi bəzi aşıqlar sazı gülünc vəziyyətə salmaqla məşğuldurlar. Aşıq az qala televiziya kanalında sazla top-top oynasın. Sazı sinəsində yox, qoltuğunun altında, ayaqlarının arasında çalır. Bunu hamımız görürük. Cəsarətlə deyirəm ki, bu gün aşıq sənətinə, saza zərbə vuran qüvvə televiziyalardır. Mən o gün “Mədəniyyət” kanalında Akif Əlinin verilişində də dedim ki, irad deyil, sadəcə, təklif verirəm. Amma əslində irad olmalı idi. Niyə ustad aşıqların “Qızıl fond”da olan ifalarını, lentlərini indi gənc nəslə göstərmirsiniz? Niyə indiki gənclik Mikayıl Azaflıdan, Pənahdan, Şakirdən, Şəmşirdən, Əmrayadan, Kamandardan, Məmmədağadan xəbərsiz olmalıdır?!

- Siz aşıq yaradıcılığının bilicisi kimi həmin televiziya kanallarına və sazı gözdən salan aşıqlara hansı təkliflər verərdiniz?

- Saz ifaçılarının da dövlət səviyyəsində müsabiqəsi keçirilməlidir. Düzdür, “Lider”də kiçik müsabiqə keçirildi. Birində mən də münsif kimi iştirak etdim. Aşıqların minlərlə konturları getdi ora. Amma axırda kiçik bir saz hədiyyə etdilər. Bu da düz deyil! İmkan da vermirdilər ki, təhlil edəsən. Deyə bilmədik ki, bu düz oxudu, əyri oxudu, qüsurları harada oldu. Necə ki, muğam müsabiqəsində ustadlar düzgün təhlil edir, qüsurları deyir, eynilə də o cür saz sənətinə aid olan müsabiqədə mütəxəssislər danışmalıdır. Sazın da müsabiqəsi dövlət səviyyəsində keçirilməlidir. İndi Azərbaycanda istedadlı gənc aşıqlar çoxdur. Amma onlar müsabiqə vasitəsilə mütəxəssislər tərəfindən daha da püxtələşməlidir.

- Konkret olaraq televiziya kanallarına hansı təklifləriniz var?

- Əvvəlcə onu deyim ki, dedin-demədin, heç səni eşidən olmayacaq. ATV kanalı son zamanlar böyük işlər görür. Amma aşıqlarla, bu sənətlə bağlı proqram hazırlayırsansa, ora ifaçılarla bərabər bu sənəti bilən, onu təhlil etməyi bacaran insanlar da çağırmaq lazımdır. Həmin adam aşıqların ifasına qulaq asandan sonra kimi düz, yaxud səhv oxuduğunu deməlidir. Səhv oxuyursa, nöqsanları haradadır. Bir də görürsən, deyişirlər. Amma, əslində deyişmə deyil! Heç bilmirsən ki, bir-birilərinə nə  deyirlər!  

- Son günlər Aşıq Ədalətlə bağlı olan söhbətlər səngimək bilmir. Biz bir aşığın fəaliyyətini kənara qoyub elə bir məsələdən yapışmışıq...

- Ədalət Azərbaycan mədəniyyətində bir hadisədir. Deyərdim ki, Azərbaycan sazını dünyaya o tanıtdırıb. Ədalət belə sənətkardır. Vaxtilə Mirzə İbrahimov yazırdı ki, əgər Azərbaycan incəsənətində dünyaya çıxaracaq bir nəfərimiz belə olmasa idi, təkcə Ədalətin sazı ilə dünyaya çıxa bilərdik. Bu, elə belə söz deyil. Ədalət bunu bacardı da. İndi insandır, hirslənib o məqamda bir söz deyib. Hər şeyi buna bağlamaq lazım deyil. Onun bu yaşa qədər gördüyü işləri, fəaliyyətini nəzərə almaq lazımdır. Heç kəsə verilməyən istedad aşıq Ədalətə verilib. Ədaləti vurmaq olmaz, bu allahsızlıqdır.

- Bəs, Aşıqlar Birliyinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Allah Zəlimxan Yaquba can sağlığı versin. O, ora yeni sədr təyin olunanda bizim planlarımız çox idi. Mən də orada idarə heyətinin üzviyəm. Düşünürdük ki, gənc aşıqlar üçün xüsusi dərnəklər təşkil edək, yaddan çıxan dastanlarımızı nəşr edək. Təkliflərimiz çox idi. Amma hələ ki ancaq yubileylər, tədbirlər keçirilir. Təkcə yubileylə də iş aşmır.

- Birlik Azərbaycan mədəniyyəti üçün sanballı işlər görə biləcək?

- Aşıqlar Birliyi aşıq yetişdirmir. Aşığı ustad yaradıcı mühit yetişdirir. Aşıqlar Birliyi ancaq onları saf-çürük edə bilər. Daha istedadlılarını ayıra bilər. Amma çox təəssüf, yenə də televiziyada görürük ki, tanınmayan, o qədər də zəhmət çəkməyən aşıq Əməkdar mədəniyyət işçisi kimi özünü təqdim edir. Əməkdar sözünün arxasında çoxlu zəhmət dayanır. Mən ad çəkməycəyəm. Özünüz axtarıb tapa bilərsiniz. Amma adları da gözdən salmaq olmaz. Kimin tanışı varsa, elə onu fəxri ada təqdim edirlər.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI