Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikada bacarıq bilikdən də vacibdir” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Jurnalistikada bacarıq bilikdən də vacibdir” - RUBRİKA

Media

17 Aprel 2015, 10:04


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

İctimai Televiziyanın “Açıq Dərs” verilişinin aparıcısı Orxan Cabbarlının ilk dinləyiciləri məhəllə uşaqları olub: “- Sənin yaxşı danışıq qabiliyyətin var, səndən yaxşı diktor olar, - bu fikiri tez-tez eşidirdim. Məktəbdə oxuduğum vaxtlar idi. Qonşu uşaqlardan biri evimizin yaxınlığında elektrik avadanlıqları təmir edən ustanın yanında bu peşəni öyrənirdi. Günlərin birində təklif etdi ki, “gəl bir məhəllə radiosu yaradaq və sən də aparıcılıq et. Texniki tərəfin mən düzəldəcəm”. (haqqında danşdığım uşaq indi bu sahə üzrə iri şirkətlərdən birində aparıcı mütəxəssisdir). Beləliklə, bir neçə gün çox kiçik bir radiusda, yaxınlıqda olan evlərdən axşamlar bizim səsimiz eşidilirdi. Bütün məhəllənin uşaqları mənim ilk dinləyicilərim oldu. Onların marağını nəzərə alıb hətta “studiyaya” arada telefon bağlantısı da edirdik. Bir neçə gün sonra valideynlərimiz tərəfindən “radiomuzun” fəaliyyəti dayandırıldı…! Məktəbi bitirdim. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil oldum. Bakalavr pilləsini bitirdikdən sonra ölkəşünaslıq və beynəlxalq turizm ixtisası üzrə magistr pilləsində təhsilimi davam etdirdim. Universitetdən məzun olduqdan sonra hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurub Bakı şəhəri A.Hüseynzadə adına 20 saylı məktəb-liseydə coğrafiya müəllimi kimi fəaliyyətə başladım. Eyni zamanda Bakı Dövlət Universitetinin (BDU) akt zalında yarımştat işə qəbul olundum. Akt zalında işləməyim heç də təsadüfi deyildi. Belə ki, birinci kursda BDU-nun Şən Hazırcavablar Klubuna tələbələr seçilirdi, mən də seçilənlər arasında oldum və oxuduğum müddət ərzində klubun ən fəal üzvlərindən biri oldum. Bu nəzərə alınaraq, işə götürüldüm. Təhsilimi davam etdirmək məqsədi ilə aspiranturaya da sənəd verdim və AMEA-nın Coğrafiya İnstitutunun aspirantı oldum. Radio, televiziya sahəsində işləməyi çox istəyərdim. Bu məqsədlə ciddi cəhd etməsəm də, amma hərdən maraqlanırdım. 2007-ci ilin iyun ayında BDU-nun həyətində məzunlar üçün böyük bir tədbir təşkil olunmuşdu. Mərasim iki hissədən ibarət idi: rəsmi və bədii. Universitet məzunlarından iki tələbə tədbirə aparıcı təyin edilmişdi. Tələbələrin həyəcanlı olması diqqət çəkirdi. Tədbirdə çıxış edən təhsil naziri, rektor və qonaqların məzunlara təbrikləri səsləndi. Tələbələrə diplomlar təqdim edildikdən sonra konsert proqramının başlanacağı elan olundu. Akt zalının işçisi olaraq istəmirdim ki, cüzi də olsa hər hansı bir problem yaransın. Bir az əvvəl elan olunan konsert proqramına başlamaq ərəfəsində səhnədə bir boşluq yarandı. Təşkilatçılar arasında bir təlaş baş verdi. Vaxt gedirdi və səhnəyə heç kim çıxmırdı, aparıcılar özlərini itirmişdi. Vəziyyətdən necə çıxmaq olar deyə ətrafa bir göz gəzdirdim. Səs pultunun yanında bir mikrofon gördüm, tez ora yaxınlaşaraq mikrofonu götürə biləcəyimi soruşdum. Mikrofonu götürüb səhnəyə çıxmadan uca səslə universitet məzunlarını salamladım. Ardıcıl olaraq fakültələrin adlarını səsləndirdikcə həmin fakültələrdən olan məzunların alqışları eşidildi. Ani bir vaxtda universitetin həyətində böyük bir coşğu yarandı. Təxminən 3 dəqiqə belə davam etdi. Kənardan bir nəfərin əli ilə hər şeyin əla olduğunu bildirməsi məni daha da ruhlandırdı. Artıq bir az əvvəlki təlaş yox idi, aparıcı xanım səhnəyə çıxmağa hazır olduğunu mənə işarə etdi. İşimi başa çatdırdığımı düşünərək mikrofonu səs rejissoruna uzadıb kənarlaşmaq istədim. Bir az əvvəl əli ilə işarə edən şəxs məni saxladı və kimliyimi soruşdu. Mənsə özümü təqdim etdim. “Canlı efir olduğunu bilirdin?”, - deyə soruşanda mən təəcüblə “xeyr” deyə cavab verdim. Sonra başqa bir nəfər də gəldi və İctimai Televiziyanın əməkdaşları olduqlarını bildirərək tədbirin aparıcılığını səhnədə danışan xanımla mənim birlikdə davam etdirməyimi istədilər. Ssenari ilə tanış olmadığımı söylədim və bunun mümkünsüz olduğunu dedim.
“Yaxşı olacaq, sən bacaracaqsan” deyib, mənə tez bir zamanda məzun forması geyindirib səhnəyə tərəf apardılar. Beləliklə, ilk dəfə ssenaridən xəbərim olmadan canlı efirə çıxdım. Ətrafda minlərlə tələbə və məzun, televiziya qarşısında isə milyonlarla tamaşaçı. Bunu bir anlıq fikirləşdim və etiraf edim ki, çox həyəcanlandım. Amma geriyə yol yox idi. Artıq səhnədə idim. Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə möhtəşəm bir konsetr proqramının aparıcısı idim. Tədbir qurtarandan sonra televiziyanın əməkdaşları mənə təşəkkür edərək İctimai Televiziyaya dəvət etdilər. Beləliklə, mən İctimai Televiziyada fəaliyyətə başladım. Əvvəlcə müxbir, sonra redaktor, böyük redaktor, “Yeni Gün” və “Carçı” informasiya proqramının aparıcısı, hazırda isə Gənclər, Elm və Təhsil departamentində “Açıq Dərs” verilişinin aparıcısıyam. Eyni zamanda saat hesabı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetində tədrislə məşğulam. Jurnalistika təhsilim olmasa da, bu sahədə özümü daha da təkmilləşdirirəm. Jurnalistikayla bağlı bir neçə yerli və beynəlxalq layihələrdə iştirak etmək mənə çox bilgi qazandırdı. Londonda iştirak etdiyim təlimi xüsusi vurğulamaq istərdim. Hazırda çalışdığım sahədən çox məmnunam və düşünürəm ki, jurnalistikada bilik nə dərəcədə önəmlidirsə, bacarıq ondan da vacibdir”.

“ATV.az” saytının redaktoru Əziz Əlibəyli üçün jurnalistika köməyə ehtiyacı olan insanlara dəstəkdir: “Elə bir həyat tərzi yaşayırıq ki, onun qanunlarına da tabe oluruq. Məsələn, heç zaman ağlımın ucundan da keçməzdi jurnalistika sahəsində çalışam. Bakı Avrasiya Universitetini bitirmişəm. İxtisasca diplomatam. Bu peşəyə vurğun olsam da, nəzəri sahəsini çox yaxşı bilsəm də, diplomat olmadım. Bunun üçün nə yetərli şərait vardı, nə də imkan. Amma az da olsa, biznes strukturunda beynəlxalq əlaqələr sahəsi üzrə menecer kimi çalışmışam. Bilirsiniz ki, bizim sahə sırf beynəlxalq münasibətlər, xarici siyasət və diplomatiya sahəsini əhatə edir. Uzun müddət müxtəlif saytlarda xarici siyasətə dair təhlillər yazmışam. Sonra bu vərdiş yavaş-yavaş digər xəbərlərə də sirayət etdi. Yaxın jurnalist dostların bələdçiliyi ilə bu sahənin bütün spesifikasını öyrənmiş oldum. İlk dəfə “Teleqraf.az” saytında işləməyə başladım. Sonra “ANSpress”, “Publika.az”da siyasət redaktoru kimi uzunmüddətli bir fəalliyyət dövrü keçdim. Hazırda “ATV.az”da redaktoram. Artıq jurnalistika işimdən başqa, həyatımdır, gündəlik yanaşma tərzimdir. Jurnalistika mühitdir, dostların, köməyə ehtiyacı olan insanlara dəstəyindir. Kiminsə səsi olmağındır. Buna görə də hansısa peşmançılıqdan söhbət gedə bilməz”.

İctimai Radionun əməkdaşı Zümrüd Rüstəmova dinləyiciləri qohumları qədər çox sevir: “İxtisasca hüquqşünasam. Heç bir gün də öz ixtisasım üzrə işləməmişəm. Əslində forma geyinmək ən böyük arzum olub. Uşaq olanda hakim kürsüsü yuxularıma girərdi. Amma hər şeydə bir xeyir var - mən taleyə inanıram. Çünki məktəb şəkillərimə baxıram, əksəriyyətində əlimdə mikrofon var.
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilk iş yerim olub. Bura işə düzələndə düşünürdüm ki, yəqin, beynəlxalq şöbədə çalışacağam. 20 yaşım yox idi. Öncə arxiv şöbəsində işlədim, elə radioya məhəbbətim də burada başlayıb. Özüm də sadiq radio dinləyicisi olmuşam. Radio dinləməyi çox sevirdim. İlk efirim 2008-ci ildə olub - Kazımla duet aparmışıq. Əgər həmin gün efir məni ofsunlamasaydı, yəqin ki, ilk və son gün olardı... Uşaqlıqdan müəllimlərim səsimi bəyənirdi. Bir neçə dəfə şeir müsabiqəsində qalib gəlmişəm. Amma İctimai Radioda tanınmış dramaturq İmir Məmmədli “səsin çox gözəldir, yaşına görə ədəbiyyatı yaxşı bilirsən” deyib məni radioya dəvət etdi. Və o gündən radiodayam.
Radioda işlədiyim üçün bir gün belə peşman olmamışam. Çünki bura çox maraqlı və sehrlidir. Mikrofon önündə daha səmimi, olduğun kimi olursan. Şəxsən mən elə oluram. Ümumiyyətlə, bu sahədə səmimi insanlar işləməlidir. Çünki bugünkü dinləyicinin seçimi çoxdur, onlar səmimiyyəti duyur. İctimai Radioda çalışdığım üçün ona görə xoşbəxtəm ki, burada məqsəd sadəcə dinləyicini əyləndirmək deyil, həm də maarifləndirməkdir. Buna görə özümüz də durmadan öyrənməliyik. Dinləyicilər bizim böyük ailəmizin üzvləridir. Mən onları qohumlarım qədər çox sevirəm, onlar üçün darıxıram, sevinirəm, üzülürəm...
Bu gün İctimai Radioda ən böyük şansımız gənc rəhbərlə işləməyimizdir. Düzdür, bu işlərdə təcrübə çox önəmlidir, amma dinamik iş və gündəmi izləyib ona ayaq uydurmaq üçün gənc kollektiv böyük şansdır! Mən dinləyicilərdən yorulmur, doymuram. İnşallah ki, onlar da bizdən yorulmurlar”.

“Artpress.az” saytının redaktoru Səxavət Sahilin fikrincə, əsas məsələ ixtisas deyil, sevdiyin peşədi: “Mən ixtisasca neft mühəndisiyəm. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Cəmi bir ay öz ixtisasım üzrə işlədim. Sonra gördüm ki, mühəndislik peşəsi mənim xasiyyətimlə düz gəlmir.
Jurnalistikaya tələbə vaxtı qəzetlərdə çap olunan yazılarımla başlamışam. Yaradıcılıqla məşğul olurdum, qəzetlərə hər dəfə şeir aparmaq olmurdu. Deyirdilər ki, məqalə, araşdırma yaz. Mən də başladım yazılar yazmağa. Belə-belə jurnalistikaya keçdim. Bir müddət televiziyada, xəbər sahəsində işlədim, sonra xəbər saytında redaktor oldum. İndi də öz sevimli işimlə - mədəniyyət saytında redaktoram. Hesab edirəm ki, yaradıcılığa ən yaxın sahə məhz jurnalistikadır. Əsas məsələ ixtisas deyil, sevdiyin peşədi. Bu daha çox zövq verir. Özümü jurnalistikaya yad hesab etmirəm, on ildən çoxdur ki, bu sahədəyəm.
1999-cu ildə jurnalistikaya gəlmişəm və ilk dəfə işə başladığım “Press-media” və “Gün” qəzeti olub. Uzun müdətli iş yerim isə ATV-nin Xəbərlər departamenti olub. Səkkiz ilə yaxın orada çalışmışam. Ondan əvvəl müxtəlif qəzetlərdə yazılarım çap olunub.
Əlbəttə, jurnalistikaya gəldiyimə görə məmnunam, mənim üçün ən maraqlı sahədir. Yaradıcılığa ən yaxın sahə jurnalistika olduğu üçün bundan başqa peşəni özümə yaxın bilmirəm. Hərdən elə olur ki, bezirəm, yoruluram, lakin bu keçəri olduğu üçün peşmançılıq demək olmaz”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi