Modern.az

Deputatdan Hesablama Palatasına TƏKLİF: “Böyük konfrans təşkil edə bilərik”

Deputatdan Hesablama Palatasına TƏKLİF: “Böyük konfrans təşkil edə bilərik”

İqtisadiyyat

17 Aprel 2015, 12:54

“Hesablama Palatasının fəaliyyətini qiymətləndirməkdən ötrü meyarlar sistemindən istifadə etmək lazımdır. Birincisi, Hesablama Palatası 2014-cü ildəki fəaliyyəti barədə hesabat Milli Məclisə müvafiq hüquqi normativ aktlara uyğun surətdə təqdim edə bildimi? Bəli, təqdim olunan hesabat normativ hüquqi aktlara uyğundur. İkincisi, Hesablama Palatası 2014-cü ilin iş planına tam əməl edə bildimi? Bu suala da müsbət cavab vermək olar. Hesablama Palatası iş planına uyğun işləyib və oradakı bütün bəndləri yerinə yetirə bilib.

Üçüncüsü, Hesablama Palatası özündən əvvəlki illərlə müqayisədə fəaliyyətində müsbət dinamizmə nail ola bildimi? Bu suala da konkret rəqəmlərlə cavab vermək olar. 2007-ci ildə 23, 2008-ci ildə 43, 2009-cu ildə 41, 2010-cu ildə 47, 2011-ci ildə 53, 2012-ci ildə isə 70, 2013-cü ildə 75, 2014-cü ildə isə 82 nəzarət və analitik tədbir həyata keçirə bilib. Yəni 17 tədbir çox, yaxud da 32 faiz artıq audit və analitik tədbir apara bilib”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.

Deputat Hesablama Palatasının səlahiyyətləri ilə fəaliyyətinin uyğun olub-olmadığı barədə məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, Hesablama Palatasının fəaliyyətində  müsbət dinamizm ötən il də davam edib.

İqtisadçı deputatın fikrincə, əvvəlki illərdə olduğu kimi, ötən il də sözügedən qurum  aşkarladığı pozuntular hesabına ona çəkilən xərclərdən xeyli artıq vəsaitin dövlət büdcəsinə yönəldilməsinə nail ola bilib.

Əli Məsimli “Hesablama Palatası öz fəaliyyətini quran zaman işin səmərəliliyini artırmaqdan ötrü digər qurumlarla hansı dərəcədə koordinasiyaya girə bilib” sualını da cavablandırıb:

“Həm Nazirlər Kabinetinin, həm Maliyyə Nazirliyinin, həm Vergilər Nazirliyinin, həm də inzibati orqanlarla birgə işin timsalında qeyd etmək olar ki, ötən il Hesablama Palatası başqa qurumlarla koordinasiya işini genişləndirə bilib. Hesab edirəm ki, o, bu istiqamətdə fəaliyyəti daha da genişləndirməklə büdcəyə on milyon manatlarla əlavə vəsaitin daxil olmasına şərait yarada bilər. Hesablama Palatası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində səy də  göstərə bilib. Hesablama Palatası davamlı olaraq beynəlxalq əlaqələrini genişləndirib. Bu bir tərəfdən Hesablama Palatasının dünyada gedən prosesləri nəzərə almaqla öz fəaliyyətini təkmilləşdirməsinə, digər tərəfdən Azərbaycanı tanıtmaq istiqamətində çox sanballı addımlar atmasına gətirib çıxara bilər. 2014-cü ilin hesabatında ən diqqət çəkən məqamlar Hesablama Palatasının nəzarət və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətinin əhatə dairəsinin genişlənməsidir”.

Əli Məsimli bununla belə, Hesablama Palatasının ali maliyyə nəzarəti orqanı kimi fəaliyyətini gücləndirməsi üçün bir sıra təkliflər də edib: 

“Mütərəqqi ideya barədə söz demək asan olsa da, Rəqabət Məcəlləsi sahəsindəki az qala 10 illik səylərimizin reallaşmaması buna əyani sübutdur ki, onu həyata keçirmək çətindir. Amma “Asan Xidmət”in təcrübəsi optimizm yaradır ki, istəyəndə nəsə etmək olur. Bununla belə, maksimalist olmadan, həm də Azərbaycan reallıqlarını nəzərə almaqla bir nüansı qeyd etmək istərdim ki, kifayət qədər səriştəli professionallardan ibarət bir komanda kimi formalaşan Hesablama Palatasına əlavə şərait yaradılsa, o Maliyyə Nazirliyi və digər müvafiq qurumlarla koordinasiyalı fəaliyyətin faydalı iş əmsalını artıra bilsə, 2014-cü ilin hesabatında sadalanan rəqəmlərdən qat-qat artıq, bəlkə də yüz milyon manatlarla vəsaitin büdcəyə qaytarılması və onun dağıdılmasının qarşısının alınması istiqamətində səmərəli işlər görə bilər.

Bundan ötrü digər şərtlərlə yanaşı, həm də “Dövlət maliyyə nəzarəti haqqında” qanunun qəbulu sürətləndirilməli və işlək mexanizm yaradılıb həyata keçirilməlidir.

Son 5-6 ildə Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə yüzə yaxın təklif təqdim edilib.

Fikrimizcə, həmin təkliflərin vaxtında və sistemli şəkildə həyata keçirilməsi Hesablama Palatası tərəfindən on milyonlarla əlavə vəsaitin üzə çıxarılmasına və səmərəliliyinin artırılmasına xidmət eldə bilər. Həmin təkliflərə dair bir arayışın Milli Məclisə təqdim olunması həm parlamentin nəzarət funksiyasının artırılmasına, həm də o qurumların Hesablama Palatası qarşısında məsuliyyətinin artırılmasına müsbət təsir göstərər.

Kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi mümkün olan hissəsini leqallaşdırıb vergiyə cəlb etməklə dövlət büdcəsinə yüz milyon manatlarla ölçülən əlavə vəsait cəlb etmək olar.

İri vergi ödəyicilərinin büdcəyə olan borclarında azalma meyli hiss olunsa da, bu mənbə hesabına dövlət büdcəsinə hələ xeyli vəsait cəlb etmək olar.

İqtisadiyyatda çox ciddi tormozlayıcı rol oynayan debitor və kreditor borclarının, eləcə də sistemdaxili borcların artmasına dair Hesablama Palatası Milli Məclisin İqtisadi siyasət komitəsi ilə birgə aidiyyəti qurumları cəlb etməklə böyük bir konfrans təşkil edə bilər.

Həmin müzakirələr nəticəsində ortaya çıxan təklif və tövsiyələri hökumətə təqdim etməklə bu sahədə çox faydalı bir canlanma yarada bilər və büdcəyə xeyli vəsait daxil olmasına şərait yarada bilər”.

Milli Məclisin aprel ayının 14-də keçirilən iclasında Hesablama Palatasının hesabatına münasibət bildirən deputat Vahid Əhmədov bir sıra iradlar səsləndirib. Milli Məclis üzvü deyib ki, Azərbaycanda daha çox aşağı vəzifəli məmurlar cəzalandırılır. O təklif edib ki, qanunvericilik dəyişdirilsin və yüksək vəzifəlilər məsuliyyətə cəlb olunsun.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama