Modern.az

Azərbaycanda əhali əmanətini sürətlə dollara çevirir

Azərbaycanda əhali əmanətini sürətlə dollara çevirir

İqtisadiyyat

17 Aprel 2015, 16:25


   

“Devalvasiyadan sonra banklar manatla verilən kreditləri demək olar dayandırıblar. Bir neçə bank hazırda milli valyutada kredit verir. Onun şərtləri ağır olduğundan hamı üçün əlçatan deyil”.

Modern.az saytının məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib.  

O qeyd edib ki, bank sektorunun kredit qoyuluşu faktiki olaraq tormozlanıb:  

“Banklar xarici valyutada kredit təklif edir, əhali və sahibkarlar isə manatla kredit istəyir. Hər ikisi özünü potensial devalvasiyadan qorumaq üçün dollarla borc verib, manatla borc almaq istəyirlər. Əhali sürətli şəkildə əmanətlərini dollara çevirir. 2015-ci ilin yanvar-fevral aylarında dollar əmanətlərinin payı 38,5 faizdən 62,3 faizə yüksəlib. Bu müddətdə dollar kredit qoyuluşunda da mövqeyini möhkəmləndirərək payını 27,3 faizdən 40,5 faizə yüksəldə bilib”.  

İqtisadçı bildirib ki, ümumi kredit qoyuluşunda dolların xüsusi çəkisinin sürətli artımı fonunda istehlak kreditlərində payı cəmisi 31 faiz təşkil edib, halbuki 2 ay öncə 24,6 faiz olub:  

“Banklar hazırda əsasən dollar krediti təklif edir. Bir tərəfdən xarici öhdəliklərin, digər tərəfdən depozitlərin dollarlaşması bankların manatla kredit vermək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, öhdəliklərin yarısını təşkil edən və ildən-ilə artan xarici öhdəliklər bankların devalvasiya gözləntilərinə qarşı həssaslığını artırır.  

Kreditləşmənin indiki səviyyəsi təkcə əhali və sahibkarlar üçün deyil, həmçinin banklar üçün problem yaradır. Bankların faiz gəlirlərinin azalması baş verəcək, bu da kredit təşkilatlarının onsuz da yaxşı olmayan maliyyə vəziyyətini daha da pisləşdirəcək.

Fikrimcə, banklar kredit strategiyasına dəyişiklik etməlidir. Bunun ən uğurlu yolu dollarla verilən kreditlərin faiz dərəcəsinin aşağı salınması ola bilər. Banklar əmanət cəlbində dollar əmanətlərinin faizini kəskin azaldıblar. Artıq manat əmanətləri ilə dollar əmanətləri arasında fərq xeyi artıb. Yəni dollarla vəsait cəlbi nisbətən ucuzlaşıb.

Bu ucuzlaşmadan istifadə edərək banklar təcili sürətdə dollarla kredit təklifini əhəmiyyətli yumşaldaraq faiz dərəcəsini aşağı salmalıdır. Bu halda əhali ucuz dollar kreditinə üz tuta bilər”.      

Gülşən RAUFQIZI  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama