Modern.az

“Ələsgər”lə bağlı xatirələrin davamı

“Ələsgər”lə bağlı xatirələrin davamı

17 Aprel 2015, 20:41

telejurnalist

Mənzil telefonunun da düşər-düşməzi olarmış

Sovetlər dövründə hər mənzildə şəhər telefonu olmazdı. Cib telefonu çıxmazdan əvvəl mənzil telefonuna tələbat böyük idi, adamlar illərlə, on illərlə mənzilinə telefon çəkdirmək növbəsində dayanardılar. Anam Ali Sovetin sabiq deputatı və fərdi təqaüdçü olduğuna görə bizim o vaxtlar Qaraşəhər adlanan rayondakı həyət evinə telefon çəkmişdilər. Bunun qiyməti yox idi. Di gəl ki 40 mənzilli həyətdə cəmi iki-üç mənzildə telefon olduğuna görə rahatlığımız yox idi. Sənubər xala adlı qonşumuz gecə-gündüz bilməzdi, telefonla zəng etməyə gələrdi.

Bir gün gecədən xeyli keçmiş qapının zəngi çalındı. Yarıyuxulu qapını açdım.

- Anan evdədi?, - deyə Şəki ləhcəsi ilə danışan Sənubər xala soruşdu.

- Hə, yatıb.

- Çağır gəlsin.

Anamı durğuzdum. Eşidirdim ki, qonşu anama irad tuturdu.

- Nə tez yatırsınız?

- Gecə saat 2-dir də.

- Mən elə bilmişəm ki saat 1-dir. Bağışlayın, zəng etmək istəyirdim.

Anam “buyurun” dedi. Mənim də yuxum qaçmışdı. Qonşumun zəng etdiyi adam da deyəsən yatmışdı. Dəstəyi çox gec götürdü.

- Əbdürrəhman müəllim evdədi?

Telefon xəttinin o başından nə deyildiyini eşitmədim. Sənubər xala:

- Heç, elə-belə, Əbdürrəhman müəllimin kefini xəbər almaq istəyirdim.

Deyəsən narazılıq edildiyinə görə qonşu dəstəyi yerinə qoyub getdi.

Belə müraciətlər tez-tez olurdu. Digər qonşular da yerli-yersiz zəng etməyə gəlirdilər. Telefon gözümdən lap düşmüşdü.

Bir dəfə isə səhər tezdən – saat 6-da qırıq-qırıq zəng çaldı. Bu şəhərlərarası stansiyanın zəngi idi. Yarıyuxulu dəstəyi qaldırdım.

- Allo, bu filan nömrədir?, - deyə telefonçu qız rus dilində soruşdu. Heç bilmədim nə nömrə dedisə, avtomatik olaraq rusca “Da!” dedim. İstəyirdim ki, nömrəni bir də soruşum. Qız aman vermədi, rus dilində dedi ki, Kirovabada (o vaxt Gəncə Kirovabad adlanırdı) cavab verin.

- Ələsgər müəllimdir?

Az qaldım deyəm ki, nə “Ələsgər” müəllim? “Mən özüm Ələsgər axtarıram, indi məni “Ələsgər” etmək istəyirsən?”

Kişi ara vermədən pıçıltı ilə dedi:

- Dediklərinizi Ağstafa – Bakı qatarının beşinci vaqonu ilə göndərmişəm. Sürücünü göndər götürsün. Provodnikə etibar etmədiyimə görə pulu göndərmədim. Tanış bir adamla sizə çatdıracam.

Mənim sürücüm hardaydı, camaata mən sürücülük xidməti göstərirdim. Eləmədim tənbəllik, motorollerimə (o vaxtlar “Vyatka” markalı motorollerlə işə gedib-gələrdim) minib dəmiryolu vağzalına getdim. Qatar dayanmışdı. 5-ci vaqonun bələdçisinə yaxınlaşıb elə “Ələsgər” sözünü deyəndə bələdçi köməkçisinə: “Tez ol, zənbili gətir”.
O, bir iri həsir zənbil gətirdi. Bələdçi dedi ki, bir az gözlə, sərnişinlər hamısı düşsün, sonra aparıb maşınınıza qoyaram.

- Əziyyət çəkməyin, mən özüm apararam.

- Apar, amma Ələsgər müəllim sənə əziyyət verməyimizi bilməsin.

Zənbili götürüb deputat otağının yanındakı pilləkənlə aşağı düşəndə bir neçə taksi sürücüsü mənə yaxınlaşdı. Onlara əhəmiyyət vermədim. Biri əl çəkmədi, əlimdəki zənbili zorla alıb “maşınla gedəcəksən?” soruşdu. “Yox, motorollerlə” – dedim. Güldü. Beləcə ağır zənbili taksi dayanacağınadək gətirdi. Mən də motorolleri elə orada saxlamışdım. “Vyatka”nın yanına çatanda dedim ki, “çox sağ ol, mənim motorollerim budur”.

- Nə? Sən doğrudan deyirdin motorollerlə gedəcəksən?

- Mənim səninlə zarafatım vardı?

Sürücü pərt halda “mən elə bilirdim ki ...”

Xülasə, ondan ayrılıb evə gəldim. Anam zənbili görüb görcək soruşdu:

- Bu nədir belə?

- Kirovabaddan dostum göndərib.

Zənbildə ağ-appaq tənzifə bükülmüş 16-18 kiloluq erkək, təmizlənmiş baş-ayaq və içalat, xeyli qoyun pendiri, iki banka xama, bir torba tərxun və digər göyərtilər, iki şüşə birlitirlik araq, təndir çörəyi və lavaş, qoz, badam, fındıq ləpəsi…

İşə getdim, əhvalatı dostlarıma danışdım, “Ələsgər” olduğumu sübut etmək üçün onları axşama cız-bız yeməyə dəvət etdim. Beləcə bir həftə yeyib-içdik, “Ələsgər”in də, qonşularının da, bütün ələsgərlərin də sağlığına badələr qaldırdıq.

Bu da telefon düşərliyi. Amma heyf ki, söz verdiyi puldan xəbər çıxmadı ...

P.S. “Ələsgər”lə bağlı xatirələr növbəti yazıda.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI