Cəlaləddin Qasımov
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
Modern.az saytı Milli Qəhrəmanla bağlı xatirələrin təqdimatına davam edir...
əvvəli burada
Gecə saat 4-dür. Növbətçi:
- Komandir, neçə gündür ki, evə getmirsiniz, gecələr də yatmırsınız. İndi şükür, sakitçilikdir. Bəlkə evə gedəsiniz? Oğlunuz da iki gündür, sizin yanınıza gələ bilmir. Siz əsiri dindirirdiniz, ona görə. Allahverdi:
- Mən evə necə gedim? Xəstəxanada zabitimiz ağır əməliyyatdadır. Xalqımı gözü yaşda qoyub, necə girim yorğan-döşəyə? Heç gözümə yuxu girər? Mənim yeyib-içmək də yadımdan çıxıb. Dostuma verdiyim sözü yerinə yetirdim, biraz rahatlandım. Allah sənə rəhmət eləsin, Kamil.
Növbətçi çıxıb bir stəkan çay gətirdi. Allahverdi hava telefonu vasitəsilə xəstəxana ilə əlaqə saxladı. Əsgərlər:
- Komandir, əməliyyat başlayıb. Bir saat olar.
Sürücüsü Əmir içəri girdi:
- Komandir, əsirlikdən xilas etdiyiniz kapitan Azərin atası gəlib. Sizi görmək istəyir.
Allahverdi Bağırov ayağa qalxıb dedi:
- Onlar bilməsin ki, oğulları əməliyyatdadır. Xəstəxanaya getsələr, həkimləri işləməyə qoymayacaqlar.
O çölə çıxdı. Qonaqları qarşılayaraq otağına gətirdi. Sonra da növbətçiyə dedi:
- Ağsaqqalımıza çay gətirin.
Azərin atası:
- Biz bura çay içməyə gəlməmişik, oğlumuzun dalınca gəlmişik. Bakıda Müdafiə Nazirliyindən dedilər ki, ermənilərlə danışmışıq, bu gecə övladımızı azad edəcəklər. Nə xəbər var övladımızdan?
Kapitan Azərin atası Allahverdinin düz gözlərinin içinə baxır, ondan cavab gözləyirdi:
- Hə, niyə susursan? Övladımızdan nə xəbər var?
Allahverdi:
- Övladınızı ermənilərdən azad elədim.
Kişi:
- Nə, azad elədiniz, bəs hanı?
Allahverdi:
- Oğlunuz təcili Bakıya getdi. Bir saat olar. Bakıya dəyib qayıdacaq.
Kişi ayağa qalxdı:
- Allaha şükür. Yəqin evə gedəcək, bizi axtaracaq.
Allahverdi:
- Yox, oğlunuz bilirdi ki, siz Ağdamdasınız. Bakıdan danışanda demişdilər. O qayıdacaq.
Kapitan Azərin atası:
- Bu nə deyir? İki aydı, gözümüzə yuxu getmir. O boya yolu basa-basa durub bura gəlmişik, oğlumuz isə ata-anasını saymır, onlarla görüşmədən Bakıya yola çıxır? Axı nə üçün?
Allahverdi:
- Çox vacib olan bir məlumat üçün.
Kişi:
- Ata-anasından vacib olan nəsə var? Bax, məni eşitmədi, qulaq asmadı, axırı da belə oldu. Adama deyən gərək, sənin Ağdamda nə işin var? İki ayda ermənilər onun başına Allah bilir nə oyun açıblar. Bakıda hamı kefdə, damaqda, barlardadır. Mənim oğlum da burda Vətən qoruyur.
Əmir içəri girəndə baxdı ki, çaylar içilməyib. Dedi:
- Komandir, xəstəxanadan zəng vurmuşdular. Təcili -I qrup qan lazımdır. Tapa bilmirlər.
Allahverdi cəld ayağa qalxdı. Hava telefonu ilə oğluyla danışdı:
- Təcili özünü xəstəxanaya çatdır. Qan verəcəksən.
Sonra da xəstəxana ilə əlaqə saxladı:
- Mən gəlirəm, oğlum da bir azdan orda olacaq. İkimizin də qanı -I qrupdur.
O, ayağa qalxıb qapıya tərəf yönələndə sürücüsü Əmir dilləndi:
- Komandir, xəstəxanadan zəng vuranda dedilər ki, qan çox lazımdır, iki nəfərlə bitməz. - I qrup qan çətin tapılan qrupdur.
Allahverdi növbətçiyə:
- Əsgərlərimizə həyəcan təbili çaldır. Xəstəxanaya getsinlər, kimin qanı düz gəlirsə orda olsun.
O, qapıdan çıxanda Azərin atası qolundan çəkdi:
- Mənim də qan qrupum -I-dir, biz də xəstəxanaya gedirik.
Onlar Allahverdiyə qoşulub xəstəxanaya getdilər. Azərin atası heç nədən xəbəri olmadan qan verdi.
Mən də qan vermək istədim, amma qan qrupum uyğun gəlmədi. Qanvermədən sonra Allahverdi Bağırov kapitan Azərin atasını da yanına alıb qərargaha qayıtdı.
Kişi:
- Bayaqdan səni danlayıram. Oğlumuzun bizimlə görüşməməyi mənə çox pis təsir elədi. A bala, Bakıda hamı kef eləyir. Orda restoranlarda pul xərcləyənlər heç Vətəni düşünmürlər. Məni bağışla, sən bayaq dedin ki, oğlumu ermənilərdən azad eləmisən, heç minnətdarlığımı belə bildirə bilmədim. Müdafi Nazirliyində mənə dedilər ki, “sənin oğlunu biz qurtarmışıq”. Gəl bir səni bağrıma basım.
Kişi Allahverdini qucaqlayıb öpdü, sonra da növbətçiyə səsləndi:
- A bala, bir çay gətir. Dörd saat yol gəlmişəm, belə komandirin çayını içməsəm ayıb olar.
Növbətçi çay gətirəndə kişiyə üzünü tutub dedi:
- Bizim komandirimiz dünən səhər saat 9-da bir stəkan çay içib.
- Bilirəm a bala, komandiri mən indi tanıdım. Onun əsgərindən ötrü can yandırdığını, doğmalıq göstərdiyini gördüm. Gəlmişdim, oğlumu aparım, amma indi fikrimi dəyişdim, oğlumla görüşüb gedəcəyəm. Komandirdən də xahiş edəcəm ki, mənim oğlumu öz dəstəsinə alsın. Belə komandirin yanında şəhid olsa da, bilərəm ki, Vətəni belə sevən oğullar var, onların yanında şəhid olub. Komandir, mən oğlumu sənə tapşırıb gedəcəm. Vətənimin dərdi məni də yandırır. Amma məni də qınama, Bakıdakı toy-bayramı görəndə dözmürəm.
Allahverdinin baxışları yumşalmışdı, o nurani üz ifadəsilə kişini dinləyirdi. Hava telefonunu növbətçiyə vermişdi ki, xəstə barəsində məlumat gəlsə, atası eşitməsin.
Növbətçi içəri girdi:
- Əməliyyat uğurlu keçdi, xəstə iki saatdan sonra ayılacaq.
Kapitan Azərin atası:
- Komandir, bu xəstə kimdir belə? Sənin qohumundur, yaxınındır, nolub? Hər dəfə bu xəstə barəsində məlumat veriləndə sən həyəcan keçirirsən.
- O mənim əzizimdir. Ağdamı qoruyan hər kəs mənim əzizimdir.
- Deməli, mənim oğlum da Ağdamı sənin yanında, sənin dəstəndə qoruyacaq? O da sənin əzizin olacaq, eləmi?
- Sizin oğlunuzu mən dünən gecə gördüm. O Ağdamı çoxdan qoruyur və mənim əzizimdir. Fərqi yoxdur mənim yanımda, ya da başqa dəstədə, Şuşada, Laçında Vətəni qoruyanların hamısı mənim əzizimdir.
- Sizdən bir xahişim də var. O qan verdiyimiz əsgərimizin yanına məni də apar. Heç olmasa qan qardaşımızı, yaşını da bilmirəm, cavandısa balamızı görüm, bayaqdan çox narahat idin. Mən bunu görüb artıq narahat deyiləm oğlum üçün. Çünki sən bütün valideynlərin əvəzinə onlardan muğayat olursan. Sən Allah, bir xəbər tut, gör oğlum gəlirmi, atasıyla görüşsün, biz də rahat olub evimizə gedək.
Allahverdi saatına baxıb dedi:
- Üç saatdan sonra çatacaq.
Elə bu zaman növbətçi həyəcanla içəri girdi:
- Komandir, ermənilər 19-cu posta hücuma keçiblər.
Allahverdi:
- Həyəcan siqnalı çaldır!
Allahverdi Bağırov əsgərlərini toplayıb yola çıxmağa hazırlaşanda növbətçiyə dedi:
- Mən gec gəlsəm, xəstəxana ilə əlaqə saxlayarsan. Kapitan Azər özünə gələndə atasını, özün aparıb görüşdürərsən.
Allahverdinin bir gözü də məndə və əlimdəki qeyd dəftərçəmdəydi.
Ondan xahiş etmişdim ki, bir dəfə məni döyüşə aparsın. Həyəcan təbili veriləndə Elman Hacıyevi, Haqverdi Bayramovu, Məzahiri hər zaman Allahverdinin yanında görmürdüm.
Mən də əsgərlər qoşulub maşına mindim. Biz 19-cu posta yaxınlaşdıq. Allahverdi postdakı əsgərlərimizlə görüşdü. Səhər açılmışdı. Allahverdi müavini Əkbərə:
- Komandir, siz məndən tez gəlmisiniz.
Əkbər:
- Mən də elə bir az olar ki, gəlmişəm. Həyəcan siqnalını eşidən kimi…
Digər komandir Yaqub Rzayev də bizə yaxınlaşdı, Allahverdiyə bildirdi ki, “ermənilər bizimlə oyun oynayır. Hücuma keçdilər, 30 dəqiqə atəş açandan sonra geri çəkildilər”.
Allahverdi:
- Düşmən yenə hiyləyə əl atıb, o bizim posta hücüm etməklə ordumuzun diqqətini bura cəlb etməklə basşqa yerdən basqın edəcək. Hava telefonu ilə xəbərdarlıq edin. Hamı ayıq-sayıq olsun.
O, özü könüllü müdafiə dəstələrinin postlarına tərəf getdi. Hava telefonu ilə öz postundakı əsgərlərlə əlaqə saxladı. Bir az yol getmişdik ki, hava telefonundan bildirdilər ki, düşmən Şelliyə hücuma keçib. Allahverdi sürücüsü Əmirə:
- Sür, tez ol.
O mənə dedi ki, indi ağır döyüşlər gedəcək. Ermənilər düşünülmüş şəkildə döyüş planı hazırlayıblar.
Biz 15 dəqiqəyə Şelliyə çatdıq. Şelliyə yaxınlaşanda postdakı əsgərlərimiz onu tanıdılar. Allahverdi maşını saxlayıb, əsgərlərimizlə görüşdü. Şelinin yarısını Allahverdinin dəstəsi qoruyurdu. Yarısını isə Fred Asifin dəstəsi. Ermənilər Fred Asifin qoruduğu əraziyə hücuma kecmişdilər.
Allahverdi:
- Nə baş verib? Yenə hücuma keçiblər?
- Bəli, komandir, qarşısını aldıq. Şelliyə girmişdilər, kənd sakinlərindən yeddi nəfər ölüb. Yaralılar da var.
- Komandiriniz hardadır?
Əsgərlər Fred Asif olan yeri nişan verdilər:
- Elə indi köməyə Şirin Mirzəyev də gəldi.
Allahverdi onlara yaxınlaşdı, Fred Asif hava telefonu ilə ermənilərlə danışırdı. Düşmən əsir düşmüş beş əsgərini geri almaq üçün danışıqlar aparırdı, onlar şərtlərini deyirdilər.
Şirin Mirzəyev hava telefonu ilə erməni komandirinə:
- Silahsız kənd sakinlərinə hücum edib öldürənləri dəyişməyəcəyik. Onların beşinin də cəzasını kənd camaatı verəcək. O öldürdükləri adamların qohumları var ha, bax onlar.
Ermənilər:
- Biz sizin əsirləri verəndə belə şərtlər qoymurduq axı. Əsirlərinizi qaytarırdıq.
- Siz necə, hansı şərtlərlə qaytarırdınız, biz onu yaxşı bilirik.
Fred Asif hava telefonunu əlinə aldı:
- Sizin kimi silahsız adamlara mənim xalqım divan tutsaydı, mən əlimə silah alıb döyüşə getsəydim, onda siz haqlı, mən isə namussuz olardım. Nə də o azərbaycanlının dəyişdirilməsini istəyərdim, deyərdim ki, özünüz onu mühakimə edib, qərarını verin.
Ermənilər:
- Dünən bizimkilər Allahverdiyə sizin beş türk əsirini qaytarıblar. Bundan sonra biz də nə sizi, nə də Allahverdini eşidəcəyik.
Allahverdi ratsiyanı götürüb erməni komandirə söyüşlər yağdırdı. Erməninin cəsarəti çatıb bir kəlmə də cavab verə bilmədi. Bir neçə saniyədən sonra erməni komandir dilləndi:
- Allahverdi, mən əsəbiləşmişdim. Bilmirdim ki, sən də ordasan, biz səni tanıyırıq, sənin sözünü həmişə eşidəcəyəm.
Allahverdi:
- Əsirləri istəyirsinizsə, dəyişdirək, biz də azyaşlıları istəyirik.
O, cibindəki altı Xocalı uşağının adını onlara söylədi. Hansı ki, valideynləri Allahverdidən onların azad olunması üçün imdad diləmişdilər.
Erməni komandir
- Oldu. Bizə vaxt ver, sənə cavab verəcəyəm.
Allahverdi Fred Asifgilə dönüb dedi:
- O uşaqlardan bircəsi sağ qalıbsa, Qarikin bütün sülaləsini məhv edəcəm. Çünki mənə and içib ki, altı azyaşlının orqanlarını satıblar, özlərini də öldürüblər.
Allahverdi erməni əsirlərə baxdı:
- Bu əsirlərdən biri yarımcandır, ömrünə bir şey qalmayıb. Bunlar necə əsir düşüblər?
Şirin Mirzəyev:
- Həyəcan siqnalı gəldi, dəstəmi sərhədə yığdım. Onlara deyirdim ki, Allahverdi Bağırov məlumat verib ki, ermənilər hücum planı hazırlayıb, amma hansı ərazidən məlum deyiı. Beş dəqiqə keçmədi ki, atəş səsi eşitdim. Köməyə gəlirdim, uzaqdaydım. Bir də gördüm ki, iki yüz nəfərlik erməni döyüşçüsü Şelliyə doğru irəliləyir. Artıq bir hissəsi kəndə girmişdi, baxdım ki, bir UAZ maşını, içində üç nəfər atəş aça-aça düz ermənilərin üstünə gedir. UAZ maşınımız sərhədi bağladı, ermənilər mühasirəyə düşdü, bunu görən ermənilərin bir hissəsi qaçdı. Amma kəndə girənlər qaça bilmədi. Hər tərəfdən mühasirəyə alındılar, qaçarkən öldürüldülər. Beş nəfəri əsir aldıq, biri yaralandı. Dördü isə sapsağlamdır. Mən yaxınlaşana kimi ermənilər geri çəkilmişdi. Bilirsən o qəhrəman kimdir? Biri Cəbi Cəbiyev, ikinci Adil Kəngərli, üçüncü…
Allahverdi:
- Mən buna qəhrəmanlıq deməzdim, məğlubiyyət deyərdim. Üçüncüsü də Fred Asifdir? Ancaq o, belə cəsarətlə düşmənin üzərinə gedər.
Şirin Mirzəyev:
- Bəs sən deyirsən məğlubiyyətdir? Mən heç nə başa düşmədim.
- Kimdir Ağdamı qoruyan? Kimdir erməniləri diz çökdürən, adımızı eşidəndə əsən kimdir? Yaqub Rzayev, Şirin Mirzəyev, Fred Asif, Ağdamın əyilməz sütunları. Xalqı başına toplayıb birlik yaradan. Bizə bir şey olsa, mənə, sizə, biz məğlubiyyətə uğrayacağıq. Kim düşmənimizlə oturub danışa biləcək? Heç kim! Düşmənə cavab verən, diz çökdürən oğullarımız çoxdur, amma camaatı başına yığıb birlik yaradanlar çox azdır. Biz özümüzü qorumalıyıq. Bizə bir şey olsa Ağdam da, Qarabağ da əldən gedəcək. Mən artıq hiss edirəm o fəlakəti.
Allahverdi çönüb mənə baxdı və dedi:
- Bu dediklərimi tariximizə yazarsan.
Fred Asif:
- Sən tarixçisən? Mənim dediklərimi də yazarsan tarixə. Nə mən, nə Allahverdi Bağırov, nə Şirin Mirzəyev, nə də Yaqub Rzayev - heç birimiz düşmən gülləsinə tuş gəlməyəcəyik. Bizi arxadan namərdcəsinə vurmasalar, düşməndən özümüzü qoruya biləcəyik. Allah bizi özümüzünkülərdən qorusun. Ağdamda on dörd özünümüdafiə dəstəsi var, aralarında elə nifaq toxumu əkiblər ki, on dördü də bir-biriylə konflikdədir. Bir-birimizdən nə qədər söz gəzdirənlər var.
Şirin Mirzəyev:
-Erməni təxribatıdır. Evdə oturanlardı arvad kimi söz gəzdirənlər.
Allahverdi:
- Biz Ağdamı qorumaq üçün gərək birinci özümüzü qoruyaq. Biz əsgərlərdən öndə düşmənin üstünə gedirik, o sözgəzdirənlərin ağzını yummalıyıq. Onlar elə edəcəklər ki, bizim başımıza bir iş gəlsə, Ağdamı bircə güllə də atmadan ermənilərə verəcəklər. Biz Ağdamı qorumasaq, heç kim qorumayacaq. Bakının başı qarışıb.
Fred Asif:
- Düz deyirsən. Bakının Qarabağlıq halı yoxdu, küçələrdən tutaraq gətirdiyi əsgərlər də ki hamınıza məlumdur. Ruslar da ki ermənilərin arxasında durur. Biz ermənilərlə yox, ruslarla savaşırıq! Allahverdi:
- Biz Əsgərana qədər bu xain erməniləri təmizləməsək, bizə rahatlıq yoxdur.
Ardı var