Modern.az

Azərbaycanda sosioloq problemi: “Müəllim tələbəyə deyir ki, bu nə sahədir seçmisiniz” - Əhməd Qəşəmoğlu

Azərbaycanda sosioloq problemi: “Müəllim tələbəyə deyir ki, bu nə sahədir seçmisiniz” - Əhməd Qəşəmoğlu

20 Aprel 2015, 10:01

“Sosiologiya indiki vaxtda ölkəmiz üçün olduqca vacib bir sahədir. Onun rolu müasir dövrdə bir çox ölkələrdə durmadan artır. Çünki sosiologiya cəmiyyətdə baş verən prosesləri dəyərləndirən, onları analiz edən, həlli ilə bağlı proqnoz verən, təkliflər irəli sürən bir sahədir. Məsələn, xəstələnən insan üçün həkim nə qədər vacibdirsə, cəmiyyət üçün də sosioloq bir o qədər gərəklidir. Amma çox təəssüf ki, bu gün həmin sosioloji məsələləri yerinə yetirmək üçün sosioloq kadrlarımız yox dərəcəsindədir”.

Bunu Modern.az saytına tanınmış sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda sosioloq kadrlarının azlığı ilə bağlı açıqlamasında bildirib. Onun fikrincə, Azərbaycanda sosiologiya sahəsinin passivliyi və peşəkar sosioloqların yoxluğunun bir neçə səbəbi var:

“Bunun bir çox səbəbi var. Birincisi, onu qeyd etmək lazımdır ki, sovet dövründə sosiologiya elminə münasibət çox pis idi. O quruluş sanki sosioloqlardan qorxurdu, onları qəbul etmirdi. Başqa bir səbəb mən də daxil olmaqla, sosioloqların passiv fəaliyyətidir. Yəni, bizlər vaxtında sosioloqların hazırlanması üçün nəsə etsəydik, dəyərli bir kitab yazsaydıq – bu, kadrların yetişməsinə bəlkə də xidmət edə bilərdi. Biz bu sahənin elm kimi formalaşması üçün çox iş görməli idik.

Onu da deyim ki, 1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində sosiologiyaya münasibət bundan daha yaxşı idi. O zaman yeganə sosiologiya mərkəzinə mən rəhbərlik edirdim. Həmin dövrün qəzetlərinə baxsanız görərsiniz ki, sosioloji sorğular həqiqətən də obyektiv olub. Çox təəssüf ki, sonradan bir çox konyuktur “sosioloqlar” meydana çıxdı və sifarişli sorğular keçirməyə başladılar. Amma aydın məsələ idi ki, həmin sorğuları hansı partiyalar sifariş etmişdilərsə, onların rəhbərləri də o sorğuda birinci yeri tuturdu. Odur ki, bu sahə cəmiyyətdə hələ bərkiməmiş öz nüfuzunu itirdi”.

Sosioloqun fikrincə, ölkədə bu sahədə kadrların olmamasının başqa səbəbi də ali məktəblərdə kadrların yetişməməsidir:

“Bir çox ali məktəbdə, o cümlədən Bakı Dövlət Universitetində sosioloq kadrlar yetişdirən kafedralar var. Amma təəssüf ki, keyfiyyət çox aşağıdır. Çünki sovet vaxtında elmi kommunizmdən dərs deyənlər hazırda sosiologiyanı tədris edir. Tələbələrin də marağı demək olar heç yoxdur. Keçid balları yetərli olmadığı üçün bu fakültəyə düşüblər.

Mən də orada əvvəl dərs deyirdim, amma indi dərs demək çox maraqsız görünür. Tələbələri çox həvəsdən salıblar. Müəllimlərin bir çoxu elə birinci kursdan özü tələbəyə deyir ki, bu nə sahədir ki, seçmisiniz?

Başqa səbəblər də var. Məsələn, çoxları elə bilir ki, sosiologiya yalnız reytinqləri müəyyən etmək üçün lazımdır. Bəziləri də sosioloji sorğuların yalnız siyasətə aid edildiyini düşünürlər. Ona görə də məmurlar arasında bu sahəyə birmənalı münasibət yoxdur. Sosioloqlarımıza bizimkilərdən sifarişlər gəlmədikdə xarici ölkələr onlara sifarişlər verir. Onların sifarişi isə öz maraqları baxımından çox qərəzli olur. Amma sosiologiya hər bir sahə üçün lazımdır. Lap elə sizin çalışdığınız jurnalistika sahəsində də xeyli sosioloji sorğular aparmaq olar. Mən təhsil sahəsi ilə bağlı bir neçə təklif yazıb nazirliyə göndərmişəm. Amma heç bir nəticə olmayıb”.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu