Modern.az

Azərbaycanda 40 vergi ödəyicisinin ölkədən çıxmasına qadağa qoyulub

Azərbaycanda 40 vergi ödəyicisinin ölkədən çıxmasına qadağa qoyulub

İqtisadiyyat

20 Aprel 2015, 15:32

2015-ci ilin 1-ci rübü ərzində ümumilikdə 56 min 948 vergi ödəyicisinin borcları  tamamilə ləğv edilmiş, 1 aprel  2015-ci il tarixə vergi ödəyicilərinin ümumi sayında borclu vergi ödəyicilərinin xüsusi çəkisi  6,1 faiz təşkil edib.

Modern.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Analitik informasiya şöbəsi bildirib.

“Dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 15 min 668 əmlakın siyahıya alınması barədə qərar açılmış, bu qərarların 62,9 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 150,5 min manat borc məbləğini əhatə edən 236 məhkəmə qətnaməsi qəbul olunmuşdur. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 7,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 500 min  manat borc dövlət büdcəsinə ödətdirilmiş, 41 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilmişdir”.

Nazirlik bildirib ki, hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 53 fiziki şəxs üzrə 67,8 min manat məbləğində borc ləğv edilib.

Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülüb.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 285 vergi ödəyicisi üzrə 20,2 milyon manat borc məbləğini əhatə edən  materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama