Modern.az saytı xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurası qondarma "erməni soyqırımı"nı dəstəkləyən Roma Papası haqda açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:
- Din prinsiplərinin özülündə Tanrının göstərdiyi yolda olmaq, haqqı-ədaləti tanımaq, həqiqətin yanında olmaq dayanır. Yüz illərdir mövcud olan bir din institutunun – Roma Katolik Kilsəsi mənsublarının bu prinsip və özəlliyi bilmədiyini düşünmək çətindir... lakin Roma Papası missiyasını daşıyan insan ədalətdən uzaq mövqedə dayanırsa, bu nə Tanrıya, nə də düşünən insana xoş gedən hal ola bilər..! Din böyükləri öz üzərlərinə düşən mənəvi yükün sorumluluqlarını ya anlamadan ya da onu haqsız siyasi çıxarların (hətta olsun ki, maddi çıxarların) güdazına verərək qərar qəbul edirsə, bunun Tanrı qatında da, insanlıq qatında da cavabı mütləq veriləcək.
Din mənsubluğunu ədalətdən üstün tutaraq qeyri-obyektivliyə yol verən Roma Papası I Fransisk, bu ayın əvvəllərində Müqəddəs Pyotr Kilsəsində çıxışı zamanı 1915-ci ildə Osmanlıda yaşanan olayları “erməni soyqırımı” kimi qələmə verməklə, bu qondarma “soyqırım”ı “XX yüzilin ilk soyqırımı” adlandırmaqla, öz vicdanına XXI yüzilin ilk böyük qara ləkəsini saldı...
Barışdırıcılıq missiyası daşımalı olan din liderinin bu missiyanı erməni təəssübkeşliyinə qurban verməsi, çox pis bir “örnək” yarada bilər.
Belə “Açıqlama”lar (mövqesiz “mövqe”lər) bir daha göstərir ki, həm bir çox ölkələr, uluslararası qurum və quruluşlar, eləcə də bəzi din böyükləri qondarma “erməni soyqırım”ı məsələsini ortaya atmaqla, Türkiyəni (ümumən Türk Dünyasını, türk-müsəlman dünyasını) sıxışdırmaq, zəif salmaq planlarını həyata keçirmək niyyətindən əl çəkmir.
Roma Katolik Kilsəsi Türkiyəni gərəksiz suallar və haqsız tələblər qarşısında qoymaq üçün istənilən siyasi riyakarlığa getməyə hazır olduğunu göstərdi. I Fransisk bu adıyaman “Açıqlama”sı ilə bir daha göstərdi ki, gözlərini siyasət və Tanrısız din pərdəsi örtmüş “din xadimləri” üçün gerçək soyqırım faktları olan 1920-ci ilin 31 mart olayları, 1992-ci ilin 26 fevral Xocalı olayları hələ ki, görünməzdir...
Türk Dünyası gənc yazarlarının 17 ildir mövcud olan ən böyük platforması Dünya Gənc Türk Yazarlar Birliyi, Roma Papasının üzqarası “Açıqlama”sını pisləyir, bütün vicdanlı, inanclı insanları, din xadimlərini, ədəbiyyat və sənət xadimlərini ədalətin yanında olmağa, ikilistandartlara, dinsiz “dindarlığ”a, həqiqətsiz “həqiqətpərvərliy”ə qarşı haqq səsini qaldırmağa çağırır!