Modern.az

Zərdabi belə deyərdi - Azər Sarıyev: “Bizdə özünə ziyalı deyən ziyanlılar daha çoxdur” - RUBRİKA

Zərdabi belə deyərdi - Azər Sarıyev: “Bizdə özünə ziyalı deyən ziyanlılar daha çoxdur” - RUBRİKA

21 Aprel 2015, 23:02


Modern.az
 saytının “Zərdabi belə deyərdi” rubrikasında əsasən bu günün jurnalistikasına və onun problemlərinə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirən Həsən bəy Zərdabinin gözü ilə klassik baxış öz əksini tapacaq. Rubrikada Zərdabi ilə bu günümüz arasında təcrübə və peşəkarlıq qazanan jurnalistlər körpü yaradır.  
Rubrikanın budəfəki qonağı bir çox mətbuat orqanlarında və rəsmi qurumda jurnalist təcrübəsi qazanmış Azər Sarıyevdir. Onun fikrincə, Azərbaycan mətbuatının əsasını qoyan böyük Həsən bəy Zərdabi bu problemləri qabardardı:

Problem -1. Cahil oxucu:

Rəhmətlik Həsən bəy şikayət edirdi ki, oxucular onları ciddi yazılara, “elmi-əbdan bəhsi”nə yer verdiklərinə görə qınayır, “Əlif-Leyla nağılı” istəyirlər. Əcəba, Həsən bəy indi qəzet mühərriri olsaydı, nədən rəncidə olardı? Oxucuların yenə “Əlif-Leyla nağıl”larına, şoulara, molla söhbətlərinə maraqlı olmasından, dini cəhalətin yenidən ayaq tutub yeriməsindən, bir sözlə, cahil oxuculardan şikayətlənməzdimi? Yerin fırlanmasına şübhə edən şeyxlərə, arvadına hörmət etmənin kişiliyə zidd olduğunu deyən axundlara inanan, onları alim sayan oxucuların hələ də qalması rəhmətliyi çox təəccübləndirərdi.

Problem-2. Konsepsiyasızlıq:

İndi ən məşhur və iddialı media qurumlarının əksəriyyətinin təsisçisindən konsepsiyaları barədə soruşsan, adım kimi bilirəm ki, konkret və nəsə ağıllı bir fikir deyə bilməyəcəklər. Əlbəttə, hamısı barədə belə söyləmək, insafsızlıq olardı. İçərilərində məsələlərə konseptual yanaşan, yaxud yanaşmasalar belə, bu barədə danışmağı da olsa bacaranlarımız var.  Həsən bəy Avropada nəşr olunan dövri nəşrlərdən danışır və onların hər birinin müəyyən, bəlli bir profil üzrə ixtisaslaşdığını yazırdı və təəssüflə qeyd edirdi, ki, bizdə bu cür mətbu orqan çıxarmaq mümkün deyil. İndi bizdə belə media orqanı hazırlamaq (elektron medianı nəzərə alıb “nəşr” sözünü işlətmirəm) mümkün olsa da, hazırlaya bilənlər, yaxud hazırlamaq istəyənlər demək olar yoxdur. Çap və elektron kütləvi informasiya vasitələrinin əksəriyyəti demək olar ixtisaslaşmayıb. Görürsən ki, xəbər saytı iqtisadi şərh verir, ya tarixi-elmi məqalə dərc edir. Yaxud guya iqtisadiyyat üzrə ixtisaslaşmış vebsayt mağaza xəbəri yayır, hansısa modelin yarıçılpaq şəkillərini yayımlayır. Yəni konsepsiyasızlıq hökm sürür. Demək olar ki, “Əkinçi” də hər şeydən yazırdı. Amma “Əkinçi”nin Allah əlacını kəsmişdi. Həsən bəy Zərdabi qəzetin adını “Əkinçi” qoyub hər şeydən ona görə yazırdı: birincisi, bu, yuxarıların senzurasından yayınmaq üçün bir priyom idi ki, kənd təsərrüfatı məsələlərinin üzərindən lazımi mesajlar verilsin və fənd alındı da; ikincisi, yeganə qəzet idi və digər məsələlərdən yazmağa başqa dövri nəşr yox idi.  



Problem - 3. Ziyalı-jurnalist:

Həsən bəy Zərdabi və ondan sonra gələn digər milli naşirlər sözün əsl mənasında ziyalılıq nümunəsi idilər. Amma biz onlar kimi ola bildikmi? Bizdə özünə ziyalı deyən ziyanlılar daha çoxdur. Hansı media kapitanını dindirsən, ziyalı qıtlığından şikayət edəcək. Bəs, özümüz medianın problemlərinin həlli naminə şəxsi, korporativ maraqlarımızdan keçdikmi? Media adına qrant layihələri icra edib, quyruqları qapı arasında qalanda məsuliyyəti iqtidarın üzərinə qoyub, problemi gənc nəslin üstünə yükləmək ziyalılıqdırsa, o zaman Zərdabi hansı sosial qrupa mənsub idi? Hər halda, tacir deyildi.

Problem-4. Təmənnasız xeyriyyəçi:

“Əkinçi” millətin maariflənməsinə təmənnasız pul xərcləmək istəməyən “tavanlı şəxslər”dən şikayət edirdi və belələri indi daha çoxdur. Öz maraqlarını kənara qoyub, yalnız millətin maarifləndirilməsi üçün pul xərcləyən bir nəfər iş adamı göstərə bilərsinizmi? Amma məscid tikintisinə pul verən, xaricdə mollalıq təhsili alanlara yardım edənləri tanıyarsınız.
6 ay öncə mənə xəbər saytı qurmaq təklifi gəlmişdi. Məlum oldu ki, pulun qarşılığında bir xeyli şərt irəli sürürlər və ən dəhşətlisi də o idi ki, media layihəsinə həmin pul verənin ömründə bir kitabı (əlifba xaric) başdan-ayağa oxumayan, tikinti taciri olan oğlu rəhbərlik edəcəkdi və arada qızı da gəlib redaksiyanın işinə burnunu soxacaqdı. Anası isə kitablarına sponsorluq etdiyi dindar şairlərin şeirlərini çap etdirəcəkdi.

Problem 5. İnkişafdan qalmış cəmiyyət:

Həsən bəyin “Əkinçi”ni hansı şəraitdə və şərtlər daxilində nəşr etdiyinə diqqət yetirək. Yuxarıda çar üsul-idarəsinin çox ciddi senzura və nəzarəti, ətrafda milləti maarifləndirmək naminə qazancsız  çalışmaq istəyən savadlı təəssübkeşlərin demək olar ki, olmaması. Həsən bəy “Əkinçi” ni nəşr etmək üçün ona təmənnasız köməklik göstərəcək savadlı adamlar tapmaqda çətinlik çəkirdi. Aşağıda isə qəzet oxumağı bacarmayan və ona görə də qəzet almayan kütlə vardı. Yaxud oxumağı bacarsa da, qəzet almaqda fayda görməyən kütlə. İndi şükürlər olsun ki, senzura və ciddi nəzarət yoxdur. Ətrafda da isə yazıb-oxumağı bacaran, yəni hərfi mənada savadlılar olsa da, gerçək intellektuallar demək olar yoxdur. Jurnalistikamızda özündən razı, intellektual səviyyəsi aşağı olan, cahil insanlar boydan yuxarıdır. Aşağılar oxumağı bacarsalar da, qəzetə pul verəcək qədər aydın və comərd deyillər. Yəni toplumun ictimai şüur səviyyəsi o dövrə nisbətən qalxsa da, qənaətbəxş sayıla bilməz və  140 ildən sonra “Əkinçi”nin qarşılaşdığı problemləri tam həll edilmiş saymaq olmaz. 

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!