Rəssam Çingiz Mehbaliyev səfəvilər tarixinə aid yeni rəsm çəkib. Onun budəfəki rəsmi “İsmayılın Təbrizə daxil olub özünün şah elan etməsi” adlanır.
Rəssamın Modern.az-a verdiyi açıqlamasına görə, rəsm əsərinin mövzusu 1501-ci ildə baş vermiş tarixi hadisələrdən götürülüb. Tarixdən məlumdur ki, İsmayıl Səfəvi 1501-ci ilin payızında təntənəli şəkildə Təbrizə daxil olaraq, özünü şah elan edir və yeni dövlətin – Səfəvilər dövlətinin əsasını qoyur.
Rəsmdə İsmayıl Səfəvinin öz ordusu ilə Təbrizə daxil olması hadisəsi təsvir edilib. Təbrizin qədim darvazasından şəhərin əsas meydanına daxil olan Qızılbaş ordusunun önündə və ağ atın üzərində İsmayıl Səfəvi təsvir edilib. İsmayıldan sonra atlı bayraqdar gəlir və şəhərə səfəvi bayrağını gətirir. Onların ardınca isə qızılbaş piyadaları addımlayır. Ətrafda isə bu hadisəyə şahidlik edən təbrizlilər və müxtəlif millətlərin nümayəndələri təsvir olunub.
“Bu səhnəni kətan üzərində təsvir etmək mənə xüsusilə böyük zövq verdi. Özümü bir anlıq həmin dövrə qayıtmış kimi hiss etdim. Sanki, mən də Təbriz sakinlərindən biri kimi bu əlamətdar tarixi hadisənin sahidi oldum”- deyə rəssam şəkil üzərində işləyərkən keçirdiyi hissləri bildirib.
”Rəsmin çəkilməsi təxminən 3 ay vaxt tələb etdi. Bundan əlavə olaraq bir neçə həftə tarixi araşdırmalar apardım. Yazılı mənbələri, muzeylərdə saxlanılan eksponatların və miniatürlərin fotolarını, o dövrdə Təbrizdə mövcud olan əsas tikililərin təsvirini tapmağa nail oldum. Çalışdım ki, rəsmdə o dövrkü Təbriz şəhərinin tam mənzərəsini canlandıra bilim. Rəsmdə çəkdiyim və İsmayıl Səfəvinin öz ordusu ilə keçib gəldiyi darvaza Elxanilər dövründə tikilib. Onun arxa fonunda XV əsrin ortaları-XVI əsrin əvvəlləri üçün Təbrizin ən əhəmiyyətli tikilisi olan və Qaraqoyunlular dövründə inşa edilən Göy Məscidi təsvir etdim. Şəhər meydanındakı insanların geyim formasını və rəsmin ümumi koloritini də buna uyğunlaşdırmağı unutmadım. Nəticədə XVI əsrin əvvəllərində mövcud olmuş Təbrizin ümumi görüntüsünün təsvirini bərpa etməyə cəhd etdim” – rəssam Çingiz Mehbaliyev.
Rəsm elə qurulub ki, tablodakı insan fiqurlarından yalnız Şah İsmayıl birbaşa tamaşaçılara baxır. Qızılbaşlar isə Şah İsmayıla – yəni, getdikləri istiqamətə baxırlar. Arxa fonda duran təbrizlilərin də baxışları Şah İsmayıla və Qızılbaş qoşununa yönəlib. Yalnız bayraqdar bu ümumi ahəngi pozaraq tablonun sağ – aşağı küncündə duran insanlara baxır.
Bayraqdarın baxdığı istiqamətdə bir gəzərgi dərviş və 3 fərqli millətin nümayəndələri var: xalça üstündə oturan ərəb, başına araqçın qoyan özbək və osmanlı yeniçərisi. Baxışların bu cür toqquşması növbəti dövrlərdə səfəvilərlə bu millətlər arasında qarşıdurmanın olacağına işarə edir.
Onların yanında duran və çiyninə xurcun aşırtmış gəzərgi dərviş isə yeni dövlətin yaradılmasını xəbərinin tezliklə bütün dünyaya yayılacağına işarə edir.
”İsmayılın Təbrizə daxil olarkən cəmi 14 yaşının olduğunu nəzərə alaraq onu at belində qılınc oynadan yeniyetmə kimi təsvir etdim, lakin İsmayılın yaşadığı gərgin həyatı nəzərə olaraq onu nisbətən daha yetişkin sifət cizgiləri ilə çəkdim” – deyərək Çingiz Mehbaliyev rəsmin niyə məhz bu cür çəkdiyini açıqlayıb.
Qeyd edək ki, bu rəsm Çingiz Mehbaliyevin Şah İsmayıl və səfəvilər mövzusunda növbəti iri həcmli rəsm əsəridir. Belə ki, bu rəsm 2 metr uzunluğundadır.
Modern.az