Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir. Bu dəfə suallarımıza 115 saylı Şəki kənd ikinci seçki dairəsindən seçilən deputat Cavanşir Feyziyev cavab verir.
- Bəzi həmkarlarınız deputatlığa namizəd olarkən vəd verməyi doğru hesab etmir. Sizin də bu barədə fikirlərinizi bilmək istərdik...
- Deputatlığa namizəd olarkən vəd verməyin əleyhinə deyiləm. Düşünürəm ki, insanlar kimə səs verib özlərinə vəkil olaraq seçirlərsə, onlar həmin şəxsin nə üçün seçdiklərini də bilməlidirlər. Ona görə namizədliyini irəli sürən şəxs öz vədlərini də deməlidir. Vəd verərkən heç də söhbət hədiyyə paylamaqdan getməməlidir. Eyni zamanda, deputat hədiyyə paylamalı deyil. Vəd ondan ibarət ola bilər ki, bu insanları təmsil edən şəxs qaldırdıqları məsələlərin həllinə çalışmalıdır. Mənə gəlincə, deputatlığa namizəd olarkən vəd vermişəm. 4 ildən çox müddətdə mütəmadi olaraq seçicilərimlə görüşmüşəm, hər ay öz seçki dairəmdə oluram. Seçicilərimlə Şəkidə görüşürəm. Mən olmadığım dövrdə insanlar problemləri ilə bağlı köməkçimə müraciət edirlər. Köməkçim isə həmin müraciətləri toplayır və bu barədə mənə məlumat verir. Biz də həmin müraciətlərə uyğun olaraq hərəkət edirik. Seçicilər tərəfindən qaldırılan məsələlərin hansı icra orqanları ilə bağlı olduğunu müəyyənləşdirdikdən sonra bu məsələlərin nə dərəcədə məntiqli həll oluna biləcəyini araşdırdıqdan sonra, biz də müvafiq tədbirlər görürük. Bu müddət ərzində seçki dairəmdən daxil olan müraciətlərin hamısı nəzərdən keçirilərək dəyərləndirilib. Bir qismi həyata keçirilib.
- Təbii ki, bütün müraciətlərin həyata keçirilməsi mümkün deyil. Söhbət sizə dəxli olmayan müraciətlərdən gedir...
- Bunu çox təbii qarşılayıram. Əgər seçici bir nəfərin həmin ərazini təmsil etməsi üçün səs veribsə, seçdiyi deputatın səlahiyyətinə aid olmayan işlərlə bağlı, hətta hər hansı sualı, problemi qaldırırsa, istənilən halda yenə də deputatın səlahiyyətinə aid edilməlidir. Ona görə ki, qaldırılan məsələnin kim tərəfindən və nə zaman yerinə yetirilməsindən asılı olmayaraq deputat həmin sualı qaldıran şəxsin təmsilçisidir. Əlbəttə, seçicinin ünvanladıqlarının heç də hamısı birbaşa deputatın özünün yerinə yetirməsi zəruri olan suallar olmur. Bu, yerli regional və ya ölkə səviyyəsində icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, insanların şəxsi arzu və istəkləri, yəni təhsili, sağlamlığı ilə də bağlı ola bilər. Bu cür məsələləri “deputatın səlahiyyətlərinə daxildir, yaxud daxil deyil” kateqoriyasına bölmək doğru deyil. Çünki qaldırılan sual və problem seçicinin səs verdiyi insanın səlahiyyətlərinə daxildir. Ona görə də deputat həmin sualı, problemi dinləməli, həll olunsa və ya olunmasa belə həmin sualın, müraciətin ətrafında müvafiq işlər görülməlidir. Sonda seçici etdiyi müraciətdən razı qalmalıdır. Həyata keçirilməsi mümkün olmayan suallarla, problemlərlə müraciətlər ünvanlayan seçiciyə yerində izahat verilib. Ona görə də burada vədlərin verilməsi və verilməməsinin düzgün iddiası ilə o qədər də razı deyiləm.
- Şəki rayonundan seçilmisiniz. Şəkililərin yüksək yumor hissinə malik olduğu hər birimizə bəllidir. Sizə edilən müraciətlər arasında yumor hissindən istifadə edən seçiciləriniz olubmu?
- Bir epizod danışım. Adətən, müraciətlər ödənişli ali məktəblərdə təhsil alan tələbələrin valideynləri, sağlamlıq problemi olan insanların müalicəsi ilə bağlıdır. Hətta, rayondan Bakı şəhərinə gəlib müalicə almaq üçün çətinlik çəkən insanlar olur, onların şəhərə gəlmələri üçün köməklik göstəririk. Seçicilərin ən çox müraciət etdikləri məsələ isə iş yerlərinin axtarılmasıdır. Seçicilərdən biri işlə bağlı müraciət edərkən Şəkidə bir müəssisədən xahiş etdim ki, bu seçici ailə başçısıdır, münasib işlə təmin edin.
Həmin müəssisə seçicini işlə təmin etmişdi. Lakin o işə vaxtında gəlmirdi. Gələndə də heç bir işlə məşğul olmurdu. Növbəti dəfə Şəkiyə səfər edəndə mənə həmin işçinin işdən çıxdığını dedilər. Növbəti görüşlərdən birində həmin seçici yenə qarşıma çıxaraq iş istədi. Soruşdum ki, biz sizi işlə təmin etdik, niyə işləmədiniz? Səbəb nə idi? Həmin adam mənə belə cavab verdi: “Mənə o cür işlər yaramır. Siz məni elə işlə təmin edin ki, elə sizin ətrafınızda fırlanım”.
Doğrudan da həmin adamın yumoristik cavabı qarşısında gülməmək mümkün deyildi. Təbii ki, bu, yarızarafat, yarıgerçək cavab idi. Digər bir maraqlı hadisə də baş verib. Bakıda tədbirdəyəm. Tanımadığım nömrədən fasiləsiz olaraq zəng gəlir. Cavab vermək imkanım olmadığından telefonu səssiz rejimdə saxlamışdım. 15 dəqiqə ərzində 25 dəfə zəng gəlib. Tədbir başa çatan kimi həmin nömrəyə zəng etdim. Zəng edən kimi həmin adam həyəcanlı danışmağa başladı: “Cavanşir müəllim, mən seçicilərinizdənəm. Şəkidə bazarın qarşısındayam. Maşınımla bir inəyi vurmuşam. İnəyin sahibi də polislə gəlib burda hay-həşir salıb. Ona görə də xahiş edirəm, mənə kömək edin. Soruşdum ki, sizə necə kömək edə bilərəm? Dedi birinci inək sahibini yola salmaq lazımdır. İkincisi, əks tərəflə mübahisəni yekunlaşdırıb sənədlərimi geri götürmək lazımdır. Sonda da maşınımı təmir etdirməyinizi istəyirəm”.
- Ötən 4 il ərzində Şəki rayon İcra Hakimiyyəti başçısı ilə hər hansı məsələdə fikir ayrılıqları olubmu?
- İcra başçısı ilə sözümüzün üst-üstə düşməyən məqamları olmayıb. Həm icra hakimiyyəti, həm də seçkili orqanlar əhaliyə xidmət edirlər. Əhali tərəfindən həm icra hakimiyyətinə, həm də deputata müraciətlər olursa, bu qarşılıqlı və köməkli şəkildə həll olunur. Ona görə də icra hakimiyyəti ilə deputat arasında fikir ayrılığı ola bilməz.
- Növbəti parlament seçkilərində deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?
- Əgər seçicilərim yenidən deputat seçilməyimə həvəs və maraq göstərsələr, deputatlığa namizədliyimi verməkdən imtina etməyəcəm.
Namidə BİNGÖL