Modern.az

Nazir müavini Azərbaycandakı ahılların sayını AÇIQLADI

Nazir müavini Azərbaycandakı ahılların sayını AÇIQLADI

23 Aprel 2015, 11:14



“BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4%-ni təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4%-7% arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7% və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%-ni, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək”.

Modern.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Ahılların sosial müdafiəsi” TAİEX proqramı çərçivəsində Azərbaycanda ahıllar üçün sosial xidmətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə keçirilən seminarda deyib.

İ.İsayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir: “Qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi “cavan” əhali sayılır. Lakin dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb. 2050-ci ilədək bu göstəricinin 12 faizə qədər artacağı proqnozlaşdırılır”.

Azərbaycanda ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunduğunu deyən nazir müavini bildirib ki, “Sosial xidmət haqqında” Qanuna əsasən yaşı 70-ə çatmış şəxsin ahıl hesab edilir.
O, rəsmi statistikaya görə, respublikamızda belə şəxslərin sayının 390 min nəfərdən çox olduğunu bildirib: “Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 175,1 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 195 manatdır. Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib”.

Nazir müavini həmçinin hazırda 664 nəfər Böyük Vətən müharibəsi əlilinin, 540 nəfər Böyük Vətən müharibəsi iştirakçısının, 11 nəfər İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxsin Prezident təqaüdləri ilə təmin olunduğunu, ötən il bu təqaüdlərin məbləğinin əhəmiyyətli şəkildə artırıldığını bildirib: “1998-2014-cü illərdə ƏƏSMN tərəfindən 1075 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 102 nəfər şəxs isə mənzillə təmin edilib”. 

Nazir müavini tənha ahıl və əlillərə evlərində göstərilən sosial xidmətlərdən, habelə ƏƏSMN-nin Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) yaşayan tənha vətəndaşların və əlillərin hərtərəfli təminatı üçün görülən işlərdən söz açıb

İ.İsayev ahıllarla bağlı siyasətin təkmillləşdirilməsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən TAİEX proqramının rolunu qeyd edib.

Seminarda ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova ölkəmizdə ahılların sosial müdafiəsi sahəsində görülən işlər, ahıllarla bağlı hazırlanan yeni Dövlət Proqramının layihəsi barədə məlumat verib. Daha sonra Avropa İttifaqı ölkələrindən gəlmiş ekspertlər Ralf von Ameln (Almaniya), Jan-İv Hokke (Fransa), Maqda Zupançiç (Slovenya) ölkələrinin müvafiq təcrübələrini təqdim ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama