Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanı tənqid edən açıqlamalar verib. Modern.az xəbər verir ki, Ermənistan prezidenti bir neçə ölkənin jurnalistinin, o cümlədən Rusiyanın “Russia Today” telekanalının suallarını cavablandırıb. Ukraynanın şərqində baş verən münaqişənin keçmiş post-sovet ölkələrindəki dondurulmuş münaqişələrə təsiri və Dağlıq Qarabağdakı mövcud vəziyyət barədə sualı cavablandıran Sərkisyan münaqişənin uzanmasında bütün günahın Bakının üzərində olduğunu deyib:
“Cəbhə xəttində vəziyyət gərgindir və bu gərginlik ötən ilin yayından müşahidə olunur. Bizə gərgnilyin səbəbləri məlumdur, lakin Ukraynadakı hadisələrin də buna təsir etdiyini düşünürük. Gərginliyin səbəbi məlumdur: Azərbaycan hakimiyyəti danışıqlar prosesini uzatmaq üçün bütün imkanlarını itirib və bu aydın görünür. Keçən il Rusiya və Fransa prezidentləri, ABŞ Dövlət Katibinin vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə 3 görüş keçirdim. Bu görüşlərdə İlham Əliyev açıq şəkildə bəyan etdi ki, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsipləri qəbul etmir. Həmsədr ölkələrin prezidentlərinin 5 bəyənatında səsləndirilən və “Madrid prinsipləri”nin əsasını təşkil edən əsas təkliflər bunlardır – münaqişə güc tətbiq edilmədən həll olunmalıdır, münaqişə xalqların öz müqəddəratını həll etmə və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz hesab edirik ki, məhz bu prinsiplər əsasında münaqişə həl oluna bilər.
Hamı bildiyi kimi, Azərbaycan münaqişənin həlli ilə bağlı ilk bəndi qəbul etmir və “əgər” sözü ilə başlayan ifadələrdən istifadə edir. İkinci tərəfdən, onlar xalqların öz müqəddəratını təyinetmə prinsipini qəbul etmirlər. Bu gün isə danışıqlar formatını dəyişməyə və gərginlk yaradaraq başqa cür həll etməyə çalışırlar.
Amma müsbət məqamlar da var: danışıqlar müddətində ilk dəfə yanvar ayında həmsədrlər ünvanlı müraciət yayımlayaraq Azərbaycanı cəbhə xəttində təxribatlardan əl çəkməyə çağırıb. Ukraynadakı münaqişə bizə daha çox iqtisadi məqamlarda təsir göstərir. Amma aydındır ki, böyük regionumuzda istənilən konflikt öz mənfi izini qoyur”.
Modern.az