Təhsil Nazirliyinin bir müddət öncə bağladığı Azərbaycan Beynəlxalq Universiteti (ABU) ətrafında qalmaqal davam edir. Neçə vaxtdır ictimaiyyətdən gizlənən ABU-nun rektoru Elşad Abdullayev nəhayət danışıb. E.Abdullayev bu gün ANS-ə bildirib ki, 2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib.
“2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib. Bu, müddətsiz olmalıdır. Lisenziya ən azı 4 ilə verilib, hələ lisenziyanın vaxtının bitməsinə 2 il var. Bunun üçün alimlərin, akademiklərin şərhilə 50 səhifəlik arayış verilib. ABU 2 dəfə YUNESKO tərəfindən beynəlxalaq akkreditasiyadan keçib. Universitetin beynəlxalq statusu var”.
ABU rektorunun sözlərinə görə, Təhsil Nazirliyinin özəl ali təhsil məktəbi barədə verdiyi qərar ədalətsizdir:
“Nazirliyin qərarları arasında hüquqi ziddiyyət var. 2005-ci ildə ən qabaqcıl təhsil işçisi adına layiq görülmüşəm. Bunun heç mürəkkəbi qurumayıb. Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti haqqında qərarı ədalətsizdir”.
Məsələ ilə bağlı Modern.az saytı Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabovla əlaqə saxlayıb. İ.Vahabov əməkdaşımıza bildirib ki, Elşad Abdullayev ağ yalan deyir. Onun sözlərinə görə, ABU 2005-ci ildə lisenziya alıb, 2010-cu ildə də həmin lisenziyanın vaxtı başa çatıb.
”Təhsil Nazirliyində lisenziya komisiyası fəaliyyət göstərir. Nazirinin əmri ilə komissiyada 9 nəfər təmsil olunur. Komissiya ABU-da araşdırma aparıb və öz rəyini bildirib. Bu komissiyada bütün sahələr üzrə alimlər, tədrislə bağlı adamlar işləyir. Lisenziya 5 ildən bir verilir ABU-ya 2005-də lisenziya verilib, 2010-cu ildə də lisenziyanın müddəti başa çatıb. 2007-ci ildə ABU-dakı ixtisasların Təhsil Nazirliyi tərəfindən akkerditasiyası aparılıb. Bu isə lisenziya demək deyil, Lisenziya ilə akreditasiya fərqli şeylərdi”.
İ.Vahabov E.Abdullayevin ən qabaqcıl təhsil işçisi adına layiq görülməsi fikrinə də münasibət bildirib: “Nə vaxt, hansı parametrlərlə qabaqcıl təhsil işçisi seçilib biz bilməməmişik? Bundan nə Təhsil Nazirliyinin xəbəri var, nə dəki müvafiq təşkilatların. Ola bilər ki, hansısa göstəricilərilə fərqlənsin, amma reallıq göstərici ilə gərək üst-üstə düşsün”.
Mail Ağaxanov