İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.
AzTV-nin “Xəbərlər” informasiya proqramının aparıcısı və Hərbi Vətənpərvərlik Baş Redaksiyasının baş redaktor müavini Ruslan Həsənov özünü ikinci evindəki kimi hiss edir:
“Uşaqlıq arzum həkim olmaq idi. Sonra həyatı dərk etdiyim zaman gördüm ki, bilgilərim həkim olmağa çatmaz (çünki kimya fənni bizə çox pis tədris olunurdu). Mən də humanitar sahəyə meyl etdim. Jurnalist və ya hüquqşünas olmağı düşündüm. Daha sonra bir qohumum- xalam qızı Şəkər məni incəsənətə həvəsləndirdi. Və nəticədə ixtisas seçimində İncəsənət Universitetini seçdim. 2000-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinə qəbul olundum. Rəhmətlik Vaqif İbrahimoğlunun tələbəsi olmaq nəsibim oldu.
Onu tanıyandan sonra aktyorluğu sevmək nədir, aşiq oldum bu sənətə! Müqəddəs, ilahi sənət bildim. Tələbə olduğum zaman Yuğ teatrında işləmişəm. Kurs tamaşalarımızın təqdimatında və rejissor həmkarlarımın əlavə hazırladığı tamaşalarda, “Yuğ”un səhnəsində premyeralarımız olub. Arada filmlərdə də çəkilmişdim. “Mosfilm”in “Çaqqal” filmində sərhədçi rolunu canlandırmışam. Bundan savayı Fikrət Əmirovun “Azərbaycan kapricciosunda”, tələbə yoldaşlarımın kurs işində çəkilmişəm.
Daha sonra magistraturaya qəbul olundum. Magistraturada oxuya-oxuya “Space” TV-də 6 ay və ANS TV-də çalışmışam. ANS TV-də çox az müddət çalışdım. Azər və Səbinə ilə “X-Missiya” verilişində işlədim (Səbinə indi bizdə - AzTV-də çalışır).
“Space”də “Ex MUSİC” verilişi vardı, həmin layihəni kurs yoldaşım kanalın eks-prezidenti Etibar Babayevin köməkliyi ilə yaratmışdı. Orada redaktor işləyirdim. Sonra ANS-də dostum, adaşım Ruslan işləyirdi. O, başqa yerdən iş təklifi aldı və öz yerinə məni dəvət etdi. İşi öyrənməli idim. Təcrübəsiz adama isi tez qavramaq çox çətindir. Ümumiyyətlə, TV işi ağır sahədir. İnsan özünü, öz şəxsi həyatını arxa plana atır...
Beləcə, bu çətinlikləri keçməli idim. İşdən sonra “Şəhidlər” məscidinin yanında az qala əsəbimdən ağlayırdım (gülür). Sonra qəfil bir qərar qəbul edib, əsgər getdim. Düşünürdüm ki, 1 il işləyib sonra əsgər gedəcəm, vətənə borcum var axı. Ona görə də öncə vətən dedim. 1 il magistraturada oxuyub, hərbi xidmətə getdim, gəldim təhsilimə davam etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra ANS-ə “Səhər” proqramına müxbir kimi dəvət etdilər.
O zaman toyum olurdu deyə, gedə bilmədim. Daha sonra dedim ki, “1 həftə sonra gələrəm”. 1 həftə sonra ANS-ə getdim, dedilər ki, “başqa bir işçini götürdük, siz gözləyin”. İşsiz qala bilmədim. Mən ofisiant da işləmişəm. Düzdür, buna görə atam məni danlamışdı ki, “niyə ofisiant işləyirsən?”. Dedim ki, “həyatın hər üzünü görmək lazımdır”. İş axtarırdım, adminstrator işi olacaqdı. Amma mən gedənə qədər adminstrator götürmüşdülər. Mənə dedilər ki, “ancaq ofisiant işi var, ona da hər adamı götürmürük. Sınaq müddəti var”. Prinsiplə 1 həftə işlədim, gələn müştərilər deyirdilər ki, “Ruslan bizə xidmət etsin” (gülür). Həmin vaxt rəhmətlik Vaqif İbrahimoğlu zəng etdi ki, “Nazirlikdə işləmək istəmirsən?”. Dedim, “istəyirəm!”. Müəllimim Vaqif İbrahimoğlu mənə Mədəniyyət Nazirliyinə işə düzəlməyə kömək etdi. Orada Naidə xanımın sektorunda məsləhətçi işlədim.
Hörmətli nazir Əbülfəs Qarayevlə görüşdüyüm zaman dedi ki, “ya bir illik müqavilə ilə işə götürəcəyik, ya da 3 aylıq müqavilə ilə, daha sonra ştata götürüləcəksən”. Mən ərizə yazıb işə yerləşənə qədər prezident sərəncamı imzalandı. Dövlət qulluğuna test üsulu ilə qəbul qaydaları təsdiqləndi. 3 ay işlədim, daha sonra Gənc Tamaşaçılar Teatrına təyinat aldım. Gənc Tamaşaçılar Teatrında işləyə-işləyə AzTV-də müsabiqə elan olunduğunu gördüm.
İçimdəki televiziya sevgisi vadar etdi ki, müsabiqədə özümü sınayım. Həmin vaxt düşünməzdim ki, məni aparıcı kimi seçərlər. Görünür, 5 il səhnə danışığı dərsini tədris edən nitq mədəniyyəti müəllimim Ənvər Vəliyevin əziyyətləri hədər getməyib. Sağ olsun, Ənvər müəllim! Diksiyamın üzərində işləməkdə çox böyük köməyi dəyib mənə. Həm də “Yuğ” teatrının aktyoru, sevimli Məmməd Səfa tələbə olduğum zamanlarda məni televiziyaya yönəldirdi. Deyirdi ki, “kişi gərək ailəsini dolandıra bilsin. Aktyorluqla, teatrda işləməklə az maaş alacaqsan”. O dönəmlər də bizdə filmlər az çəkilirdi. İndi sağ olsun, dövlətimiz bütün sahələrə diqqət yetirir. Mədəniyyət Nazirliyində işlədiyim vaxtlar iş yoldaşım Vəfa xanım da elə hey deyirdi ki, sənin yerin televiziyadır. Beləcə, müsabiqədə iştirak etdim və keçdim.
2007-ci il idi, cənab Prezidentin sərəncamı ilə həmin il ölkəmizdə “Gənclər ili” kimi təsdiqlənmişdi. Müsabiqədən keçməyimi bir gənc olaraq dövlətimin mənə diqqəti kimi qiymətləndirirəm hər zaman. O zaman Gənc Tamaşaçılar Teatrında işləyirdim. İyun ayı idi, anam zəng etdi ki, “AzTV-dən evə zəng gəlib, səni ora çağırırlar”. Dedim ki, “fəaliyyətimə teatrda davam edəcəm, istəmirəm”. 1 gün keçdi, anam yenə zəng etdi, dedi ki, “Rafiq Hüseynli səni çağırtdırır, yenə zəng ediblər”. Mən də AzTV-yə getdim. Saat 3-ə demişdilər, mən isə teatrda işlərim çox olduğuna görə saat 5-ə qalmış ora gedib çıxa bildim. Rafiq müəllim məni görən kimi xoş qarşıladı.
Düzü, AzTV-də işlərimin belə uğurlu alınacağına ümid etmirdim. Rafiq müəllim kimi peşəkarlardan dərs almaq xoşbəxtlik və şərəfdir. Beləcə, məni efirə hazırladı. Dedi ki, “o perspektivi səndə görürəm”. 1 həftə sonra efirə çıxdım. Azərbaycan Televiziyasının rəhbərliyi sağ olsun, indi AzTV mənim ikinci evimdir. Uğurlarımı AzTV-yə borcluyam. Doğrudan da ana televiziyadır. Ana kimi qucaq açdı. Rəhbərimiz Arif müəllim də sağ olsun ki, bu gün hər bir işçiyə ata qayğısı göstərir!
Jurnalistikaya gəldiyim üçün çox razıyam! Sonsuz dərəcədə razıyam! Axı gizli arzum, gözləmədiyim arzum reallaşıb. İkinci evimdəyəm. Həm gözəl kollektivim, həm rəhbərlərim, həm də televiziyamızda işçilər üçün yaradılan şərait məni xoşbəxt edir. Ən başda ölkəmizdə gedən inkişafı, tərəqqi və yenidənqurma işlərini, cənab Prezidentin səfərlərini əks etdirən sujetləri hazırlamaq, hazırlayanlara kömək etmək, efirdən təqdim etmək şərəfi hər kəsə nəsib olmur. AzTV məni şərəfləndirdi. Sizi şəfərləndirəndən necə narazı ola bilərsiniz axı?? Ona görə də çox razıyam. Bir də ən çox ona görə razıyam ki, dəfələrlə tədbirlərdə cənab Prezidenti təqdim etmişəm. Bu şərəfə də məni AzTV ucaldıb.
Başıma gələn maraqlı bir əhvalatı da paylaşmaq istərdim. 2005-ci ilin avqust ayı idi. Metroda gedirdim, 28, 29 yaşlarında tanımadığım bir cavan oğlanla həmsöhbət olduq. Özü ünsiyyət yaratdı. Sonda mənə dedi ki, “nə vaxt olacaq, bilmirəm, amma olacaq. Siz televiziyada işləyəcəksiniz”. Bilmirəm, indi o hardadır, kimdir, nəçidir, bəlkə falçı idi (gülür). Dedikləri oldu, çox istərdim ki, onunla yenidən qarşılaşım və deyim ki, öncəgörmələriniz reallaşıb. Düzü, üzü yadımda deyil. Amma bu barədə bir yazı yazmışdım-yenidən görmək istədiklərim”...
ANS TV-nin müxbiri Aytən Abdulovanın ağlına gəlməzdi ki, jurnalist olar: “İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin məzunuyam. İxtisasım inzibati idarəetmədir. Öz ixtisasım üzrə heç işləmədim. Ali məktəbi bitirəndən sonra işə qəbul üçün dövlət qulluğuna hazırlaşdım.
Dövlət qulluğuna hazırlaşa-hazırlaşa başqa bir dövlət qurumunda çalışırdım. Sonra ANS-in jurnalistika kursları haqqında eşitdik. Bacımın təkidi ilə mən bu kurslara qatıldım. Bacım ANS TV-də yayımlanan “Məchulu tapın” və “Keçmişə salam” verlişlərinin aparıcısı Fidan Abdulzadədir.
O, əvvəllər digər telekanallarda da aparıcı kimi çalışıb. Düzü, heç vaxt ağlıma gəlməzdi ki, mən nə vaxtsa jurnalist olaram. Yəni məktəbdə oxuyanda juranalist olmaq arzusunda olmamışam. 2007-ci ildə kurslara qatıldım. Çingiz Mustafayev Fondunun təsis etdiyi Azərbaycan-Media Akademiyasını bitirdim. Burada bizə jurnalistikanın incəlikləri, bu sahədə peşəkar, operativ, dəqiq, qərəzsiz, vicdanlı jurnalist olmaq üçün nə lazımdırsa, öyrədildi. Kursu bitirəndən sonra təcrübə müddətində yazılarımı bəyəndilər, eyni zamanda artıq mən özüm də bu peşəni sevməyə başlamışdım. Beləcə, ANS-də çalışmağa başladım.
Jurnalistikaya gəldiyimə görə çox razıyam. Bu sahədə çalışdığım illər mənə yerimin məhz bura olduğunu öyrətdi. Yəni özümü heç başqa peşənin sahibi kimi təsəvvür etmirəm. Gələcəkdə də jurnalistikada qalmağı düşünürəm.
Jurnalistikanın ən çox ehtiyacı olanlara kömək edə bilmək xüsusiyyətini sevirəm. Yəni hansısa problemi işiqlandırırsan və o problem həll olur. Belə olanda bir jurnalist kimi missiyamı layiqincə doğrultduğumu görürəm və bu mənə xüsusi zövq verir”.
Jurnalist Leyli Səfərova özünü rejissor kimi görmür: “Mən 2011-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini bitirmişəm və hazırda həmin universitetin Rejissorluq fakültəsində magistr təhsili alıram. Açığı, özümü rejissor kimi görmürəm. Sadəcə, gələcəkdə dərs demək üçün təhsilimi tamamlamalıydım. Düzdü, hələ dərs deyəcəyimi qətiləşdirməmişəm, amma nəzəri cəhətdən bu sahəni tamamlamaq istədim.
Öz sahəm üzrə işləməmişəm. Sadəcə həvəsim olub. Mən ikinci kursda təhsil alanda ATV kanalında işçi qəbulu elan olunmuşdu. Özümü sınadım, alındı və o vaxtdan da qaldım bu sahədə.
1 il ATV-də təcrübə keçdim. Sonra uzun müddət “Region” TV-də çalışdım. Daha sonra bu sahədən ayrılmaq məqsədilə bir il fərqli sahəyə baş vurdum. Gördüm, alınmadı, yenidən qayıtdım. Uzun müddət “MUZ” TV-də redaktor kimi işlədim. Hazırda təhsilimlə bağlı ara vermişəm. Amma çox güman ki, yenə də bu sahədə qalacağam.
Jurnalistikaya gəldiyimə görə peşman olduğumu deməzdim. Çünki doğrudan da bu sahəni sevirəm. Həm də bir dəfə getməyə cəhd etdim, gördüm, alınmır. Məncə, ikinci cəhd də lazım deyil”.
ATV telekanalında “ATV Xəbər”in redaktoru Elnur Teymuroğlu televiziya ilə teatr arasında qalıb: “1999-cu ildə Azərbaycan Mədəniyyət və İncəsnət Universitetinin Rejissorluq fakültəsinə daxil oldum. Televiziya rejissorluğunu istəsəm də, ixtisasım teatr rejissorluğu oldu. Magistratura seçimi zamanı isə başqa sahələrdən xəbərim olsun deyə, Kulturologiya fakültəsini seçdim. İki il də Kulturologiya elmini öyrənməyə çalışdım. Magistraturada təhsil aldığım zaman xalq artisti, gözəl sənətkarımız mərhum Əliabbas Qədirova yaxınlaşdım və rejissorluğu öyrənmək baxımından mənə də dərs deməyə şərait yaratmağını xahiş etdim. Əliabbas Qədirov həmin vaxt həm Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsində dərs deyirdi, həm də həmin dövrdə Akademik Milli Dram Teatrının direktoru idi.
Sözümü yerə salmadı, buyur gəl, dedi. İlk dərslərdə əvvəlcə məşğələləri mənim keçməyimi istədi və mən də onun yanında tələbələrə müəyyən məşğələlər keçdim. Sonralar Akademik Milli Dram Teatrında işi çox olduğundan dərsə gələ bilmirdi və mən onu əvəz etməli olurdum. Mən həmin ərəfələrdə, yəni 2004-ci ildə həm də “Space” kanalında stajçı müxbir kimi işləyirdim. Xüsusilə də xəbərlərlə maraqlanırdım. Həmin vaxt “Xəbərlər” departamentinin baş redaktoru Eldəniz Elgün, müavini isə Rüstəm Əbülfətoğlu idi. Rüstəm Əbülfətoğlu mənə xüsusi diqqət yetirir, yazılar yazdırır və onu ucadan oxutdururdu. Xüsusən, diksiyaya daha çox önəm verirdi.
Elə oldu ki, “Space”də yeni layihə - “Gün keçir” verilişi efirə hazırlanırdı. Yeni layihəyə müxbir lazım olduğundan mən də “Gün keçir” verilişinin müxbiri oldum. Həmin verilişin cəmi üç müxbiri var idi. İlk sujetim marşrut problemi ilə bağlı oldu. Sürücülərin yüksək səslə musiqi dinləməsi, sərnişinə hörmətsizlik, sərnişin dolu marşrutla avtoşluq etmək, avtobusu harda gəldi saxlamaq və s. məsələlərdən bəhs edirdi. Bunu həm də ona görə deyirəm ki, bu gün də həmin problemlər aktuallığını itirməyib. İlk sujetimiz “Space“ kanalının rəhbəri Etibar Babayevi razı saldığından bizi televiziyaya rəsmi olaraq işə götürdü. Həftənin 5 günü canlı efirə çıxan “Gün keçir” verilişi sosial problemlərə həsr olunmuşdu. Hər gün bir sosial sujet hazırlayıb təqdim etməli idim. Mənim üçün həmin il çox çətin oldu, amma nə öyrəndimsə, elə bu çətinlikdə öyrəndim.
Layihə təxminən bir il davam etdi. Həmin ərəfədə xalq artisti Əliabbas Qədirov da məni Akademik Milli Dram Teatrına dəvət edirdi ki, “gəl teatrda məşhur rejissorların iş prinsipini öyrən, onların quruluş verdiyi tamaşalara bax, aktyorlarla iş prinsipi ilə tanış ol”... Beləcə, mən televiziya ilə teatr arasında qaldım. Televiziyaya həvəsim çox olduğundan Əliabbas müəllimə təklifinə görə təşəkkür etdim və televiziyada qalası oldum. Universitetdə qalıb, dərs demək fikrindən də daşındım.
Sonralar “Space” kanalında “Gün keçir” layihəsi bağlandı. Bundan sonra “Xəbərlər”ə sujetlər hazırlayası oldum. Burada isə tək sosial yox, istənilən mövzu ilə bağlı sujetlər vermək imkanımız var idi. Bir az keçmədi ki, Rüstəm Əbülfətoğlu “ANS Müstəqil Yayım və Media Şirkəti”nə dəvət aldı və “Xəbərçi” proqramının baş redaktoru oldu. Bir neçə aydan sonra məni də ANS-ə dəvət etdi və mən 2006-cı ildə ANS kanalında işə düzəldim. Müxbir, xüsusi müxbir və bir müddət “Xəbərçi” proqramının aparıcısı kimi fəaliyyət göstərdim. ANS yeni sistemə keçərkən daha montajorlara ehtiyac olmadı və müxbirlər özləri çəkdikləri sujeti, elə özləri də montaj etməli idilər.
“Space”də olanda artıq kompüter montajını öyrənmişdim deyə, bu mənim üçün çətin olmadı. Kompüter montajını bilməyim “İqtisadiyyat xəbərləri”nin aparıcısı və redaktor müavini Anar Cəbrayıllının xoşuna gəldi və mənə “İqtisadiyyat xəbərləri”nə keçməyi təklif etdi. İqtisadiyyat sahəsi mənim üçün tamam yeni sahə idi. Tərəddüd etsəm də, sonda razılaşdım və “İqtisadiyyat xəbərləri”nin müxbiri və aparıcısı oldum.
2006-cı ilin əvvəlindən 2008-ci ilin dekabr ayına kimi əsasən iqtisadiyyat sahəsi ilə bağlı sujetlər hazırlayırdım. Bu illərdə “İqtisadiyyat xəbərləri”nin redaktoru Əli Əhmədov və redaktor müavini Anar Cəbrayıllıdan çox şey öyrəndim.
2008-ci ilin sonunda ATV kanalından dəvət aldım. İqtisadiyyat müxbirinə ehtiyac var idi. Daha deyə bilmədim ki, mən iqtisadçı deyiləm, sadəcə bir təsadüf nəticəsində iqtisadiyyat xəbərlərində işləmişəm. Sözün qısası, razılaşdım və 2009-cu ilin yanvar ayından etibarən “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”ndə “Xəbərlər” departamentində fəaliyyətə başladım. Hazırda da ən baxımlı kanalda redaktor kimi fəaliyyətimi davam etdirirəm.
Jurnalist olmağımı isə xasiyyətimlə əlaqələndirirəm. Mən uşaqlıqdan hər hadisə ilə bağlı çox sual verər, onu hər tərəfli öyrənməyə çalışırdım. Hərdən böyüklər mənə “jurnalist və ya prokuror bəsdir də, nə qədər sual verirsən?” deyə irad da tuturdular. Jurnalistika da sualdan ibarətdir. Sadəcə düzgün sual verməyi bacarmaq lazımdır. Ümumiyyətlə, mən hər bir sahəyə faydalılıq prizmasından yanaşıram. Əgər insanlara faydalıdırsa, şərəflidir. Bunun əksi ancaq özünü düşünərək karyera qurmaqdır. Bu isə eqoizmdir. Sənət eqoizmi. Jurnalistikaya da yalnız karyera üçün baxanlar, ola bilər məqsədlərinə çatsınlar, amma məncə, bu o qədər də maraqlı həyat tərzi deyil. Belə insanların dostu da az olar. Bu dostlar da gərək onun marağına cavab versinlər. Ümumiyyətlə, qədim zamanlardan “sənət sənət üçündür, yoxsa sənət insan üçündür” - sualı alimləri həmişə düşündürüb. Bəziləri hesab edir ki, sənət elə sənət üçündür və sən bu sənət üçün hər şeyindən keçməyə hazır olmalısan.
Bu məqamda Cənubi afrikalı fotoqraf Kevin Karter yadıma düşür. O, bir fotosu ilə dünyada məşhur oldu. Kevin kəndlərin birində çöllükdə, ölümünü gözləyən kiçik bir qızcığazı görür... Uşaq torpağın üstündə uzanıb, xırdaca əlləriylə quru ot-ələfi eşir, səssizcə hıçqırırdı. Qızcığazdan üç metr aralıda isə nəhəng bir qartal gəzişir, qaraladığı qurbanının canını tapşırmasını gözləyirdi. Kevin Karter bu səhnəni elə o dəqiqə lentə aldı, hələ bir yarım saata yaxın da gözlədi ki, bəlkə qartal qanad çala, daha effektli bir kadr çəkə bilə... Amma qartal uşağın cəsədindən əl çəkmədi.
Kevin düşündü ki, bir peşəkar kimi ömründə ən yaxşı fotosunu həmin gün çəkib... Bu fotoya Amerikanın ən nüfuzlu jurnallarından biri yaxşı pul verdi. Can verən qızcığazın və onun ölümünü gözləyən qartalın şəkli Sudandakı misilsiz aclığın simvoluna çevrildi və bu foto indi də dünyanın ən məşhur fotoları sırasında öz yerini qoruyur. Amma çox keçmədi ki, Kevin Karter anladı ki, həmin o gün özünü peşəkar fotoqraf kimi tam tapsa da, bəsit bir insanlıq sınağından çıxa bilməyib... Üç gün düşündükdən sonra intihar etdi.
Hesab edirəm ki, bütün varlıq insan üçündür. İnsan işi ilə özü, ailəsi və həm də başqalarına faydalı olmalıdır. Əgər jurnalistikaya da belə yanaşsaq, onda böhtan və yalan xarakterli xəbərləri oxumaq məcburiyyətində qalmarıq. Yalan yalandır, istər bu fərdi olsun, istər bu yalan xəbərin çatdırılması olsun. Hər ikisində də “yalan” olduğuna görə rəzildir. Xəbər isə yalanın əksi olmalıdır. Çünki xəbər müqəddəsdir. Bunun sübutu isə peyğəmbərlərin bir adının da NƏBİ- yəni xəbər gətirən olmasıdır. Onların işi həmin xəbərin olduğu kimi çatdırılması olub. Əgər indiki dövrdə xəbərə belə yanaşılarsa,onda daha biz başlıqda başqa xəbər, içində isə başqa xəbərlə qarşılaşmarıq. Burada isə hədəf insanların heysiyyatı ilə oynayaraq giriş sayını artırmaq, kimisə şantaj etmək, reklam tutmaq və digər məsələlər olur.
Psixologiyaya görə insanlar ilk aldıqları informasiyaya inanır. Əgər o yalan xəbər olarsa, hətta sonradan həmin xəbərlə bağlı təkzib də verilsə, artıq iş işdən keçib. Birinci informasiyanı silmək olduqca müşkül məsələdir. İnsanların çoxu da belədir ki, təkzibə yox, birinci verilən yalan informasiyaya daha çox inanır. Ona görə də hesab edirəm ki, xəbər verənlər müqəddəs işlə məşğul olduqlarını unutmamalıdır. Belə olarsa, həm işindən ləzzət alar və həm də insanlara daha çox fayda vermiş olarıq”.
Misranə Həsənzadə