filologiya üzrə elmlər doktoru, professor
Qobustan abidələri barədə 1924-cü ildə məlumat verilmiş, bunu 1938-ci ildə arxeoloq İsaq Cəfərzadə aşkara çıxarmış və 1947-ci ildən tədqiq etməyə başlamışdır. Sonralar arxeoloqlar Firuzə Muradova və Cəfərqulu Rüstəmov bu işi davam etdirmişlər. 1973-cü ildə İsaq Cəfərzadənin müəllifliyi ilə “Qobustan” kitabı çap olunmuşdur. Bu kitabda Qobustan qaya rəsmlərinin şəkilləri verilmiş, onların barəsində ümumi məlumat öz əksini tapmışdır. İsaq Cəfərzadə Qobustan qaya rəsmlərinin e.ə.VIII minillikdən başlayaraq qayalar üzərinə həkk olunduğunu qeyd etmişdir. (İ.Cəfərzadə. Qobustan. B., 1973, s.337) Qobustan barədə sonradan Firuzə Muradovanın “Qobustan-Tunc dövrü” (B., 1985), Cəfərqulu Rüstəmovun “Qobustan dünyası” (B., 1994), Vəli Əliyevin “Qədim Naxçıvan” (B.,1984), “Gəmiqaya abidələri” (B., 1992) kitabları çap olunmuşdur. Bu tədqiqatlarda belə hesab olunur ki, Qobustan qayaları üstündəki təsvirlər qədim insanların, ovçuların, çobanların əl işləridir. Ancaq Əjdər Fərzəli qaya üzərindəki rəsmlərin inkişaf etmiş mədəniyyətin izi ilə bağlı olmasını göstərmişdir. Əjdər Fərzəli yazır: “Qobustan qayalarının rəsm və işarələri heç də “ovçuların və çobanların əl işləri” olmayıb, istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar üzərində bədii-həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunların hamısı sözlü işarələrdir. Və ilk növbədə Tanrıçılıq, odsevərlik inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi. 2013 s.11-12)
Gəmiqaya abidələrini 1968-ci ildə Vəli Əliyev aşkarladı. Ancaq Qobustan və Gəmiqaya yazılarının ilk əlifba olduğunu Əjdər Fərzəli təyin etdi. O, sübut etdi ki, Qobustan və Gəmiqaya yazıları Azərbaycan – türk düşüncəsinin məhsuludur. Əjdər Fərzəli Qobustan, Gəmiqaya yazıları ilə Orxon-Yenisey yazılarını müqayisə etdi, tutuşdurdu və aşağıdakı müqayisələri üzə çıxardı:
I. Gəmiqaya – Qobustanda A, B, Ə, Ö, Q, Ş, P, R, T, G, F və J işarələri Orxon-Yeniseydə başqa işarələrlə təyin edilir.
II. Gəmiqaya-Qobustanda hər işarə bir səsin ünvanı olduğu halda, Orxon-Yeniseydə belə deyildir. Orxon-Yeniseydə bəzən bir səsi bir neçə işarənin toplu halı bildirir. Məsələn, K səsini 10, Ş səsini 5 işarə toplu halında ifadə edir.
III. Orxon-Yeniseydə a-ə, ı-i, o-u, ö-ü saitləri müştərək işarələrlə bildirilir. Ancaq Gəmiqaya-Qobustan yazılarında bunlar fərqlidir.
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan yazıları bir-birindən fərqli, müstəqil, ancaq qohum türk əlifbalarıdır. Həm də Əjdər Fərzəlinin tədqiqatlarında Azərbaycanda aşkar olunmuş Gəncə, Şamaxı, Kəlbəcər, Mingəçevir, Hacıqabul, Nüvədi, Təbriz-Əhər, Pirallahı və İçərişəhər yazıları Gəmiqaya-Qobustan əlifbasının işarələri ilə tam şəkildə üst-üstə düşür.
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-Qobustan əlifbası eradan əvvəlki minilliklərdən bizim eranın 8-9-cu əsrlərinə qədər, ərəb işğalına qədər Azərbaycanda, Yaxın və Orta Şərqdə, Avropada yayılmış, işlənmiş əlifbadır.
Əjdər Fərzəli yazır: “Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 100-ə yaxın işarədir. Bu əlifba ilə yazılmış bütöv mətnlər hələlik əldə edilməsə də, prinsip etibarilə yəqin etdim ki, Gəmiqaya-Qobustan əlifbasının işarələri tanrıçılıq inamının tələbi ilə soldan sağa – Od tanrıya: Günəşə sarı yazılıb”. (Əjdər Fərzəli. Gəmiqaya – Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.15)
Əjdər Fərzəlinin tədqiqatlarının nəticəsinə görə, Finikiya əlibasının “birinciliyi”nə son qoyulur. Orxon-Yenisey əlifbası Finikiya yazısından əvvəllərə gedir, həm də Orxon-Yenisey əlifbasının özü də Gəmiqaya-Qobustan əlifbasından bəhrələnmişdir.
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-Qobustan əlifbası yetkin, kamil bir düşüncənin, mədəniyyətin məhsuludur. O yazır: “Gəmiqaya – Qobustan əlifbası belə bir həqiqəti təsdiq edir ki, əlifba bir nəfər tərəfindən bir ayda, bir ildə yaradıla bilməz. O, uzun illərin təcrübəsindən, sınaqlarından keçərək insan kollektivinin, etnosun-xalqın soy psixologiyasına, dünyagörüşünə, dil və din birliyinə əsaslanaraq, piktoqraflar – şəkilli sözlər, damğalar, rəmzlər toplusundan seçilərək, bir sapa düzülərək, formalaşaraq yaradıla bilər. Belə əlifbanın yaradıcısı bütün xalq olur. Əlifba məhz əlifba kimi formalaşana qədər bir neçə mərhələdən keçir. Onun nizama – “sapa” düzülməsində azı bir neçə, yaxud onlarla bilici iştirak edir”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.19).
Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan əlifbası bir məsələyə də aydınlıq gətirir. Belə ki, Əjdər Fərzəli “Kitabi-Dədə Qorqud”un boylarının Azərbaycanda yarandığını Gəmiqaya-Qobustan əlifbasına istinad edərək təsdiq edir. Belə bir əlifbanın yarandığı ərazidə, təbii ki, “Kitabi-Dədə Qorqud” yaranmalıydı və yarandı.
Əjdər Fərzəli yazır: “Altay türklərinin “doğum, döl” rəsmində insan, başından ayağına qədər 32 sümük birləşməsindən ibarət təsvir edilmişdir. Ağızda 32 diş bəlkə bunun yığcam təkrarıdır? Qobustanda gəmi rəsmlərində (məsələn, 29-cu daşda, həm də 23+9 hesabı ilə) 32 işarə yaradılış yaddaşının timsalıdır. Müqəddəs sayıldığına görə 32 rəqəmi həm də qəbilə, oba, kənd adına (İmişli rayonunda 32-lər kəndi) çevrilmişdir. 32 rəqəmi yaradılışın 4 ünsürü ilə də səslənir: 32:4=8; 8:2=4.
Nəhayət, yaradılış əlifbasının – Gəmiqaya - Qobustanın məhz 32 hərfdən ibarət olması, yəqin ki, təsadüfi deyil. Bir sirrin də izi ilə çox uzağa getmək olar”. (Əjdər Fərzəli. Gəmiqaya – Qobustan əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.22)
Əjdər Fəzəlinin elmi qənaətlərindən biri də budur ki, azərbaycanlıların əski əlifbası ərəb əlifbası deyil. Onun fikrincə, ərəb əlifbası qədim Azərbaycan əlifbasından törəmədir. Onun elmi qənaətinə görə, ərəb əlifbası VIII-IX əsrlərdən başlayaraq Azərbaycanda kütləvi savadsızlığın bünövrəsini qoymuşdur.
Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasında “sağır nun” hərfini oxudu, Orxon-Yenisey yazılı abidələrində Danimarka alimi V.Tomsen 1893-cü ildə Tenqri sözünü oxudu. Əjdər Fərzəli isə arxeoloq alim Vəli Əliyevin “Gəmiqaya abidələri” (1992) kitabında 28-ci şəkil qrupunda birinci piktoqrafın “Tanqrı” sözündən ibarət olduğunu oxudu.
Gəmiqaya-Qobustan əlifbanın “daş” mərhələsi, dünya yazı mədəniyyətinin zirvəsi olmaqla (o cümlədən Orxon-Yenisey yazısı) öz fəlsəfəsini yaratmışdır. Bu da ondan ibarətdir ki, qədim türk əlifbaları ilk mərhələdə piktoqraflar şəklində daşlara yazılmış, bu, ənənə şəklini almış, nəticədə “daş kitablar” meydana gəlmişdir. Sonralar gil lövhələrə, dəriyə, ağaca, kağıza yazılar yazılmışdır. O fikri də qəbul etməli oluruq ki, qədim türklər Avrasiya məkanında qövsvari hərəkət etmişlər. Onlar baharın ardınca getmiş, əvvəl yaşadıqları yerdə təbii nemətlər tükəndikdən sonra yeni ərazilərə doğru hərəkət etmişlər. Bununla da, qədim türklər həmişə hərəkətdə olmuş qərbdən şərqə və əksinə hərəkət etməklə öz mədəniyyətlərini köç etdikləri ərazilər boyu yaymışlar.
Tarixi məlumatlara əsasən Naxçıvan e.ə.1539-cu ildə şəhər-qala kimi mövcud olmuşdur. Bu tarixə əsasən 2015-ci ildə Naxçıvanın 3542 yaşı tamam olur. Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçıvanda 9 min il əvvəl yaşayış olmuşdur. Bu da məlumdur ki, 12 min il əvvəl baş vermiş daşqın və Nuhun gəmisinin gəlib çıxdığı yer Naxçıvandır.
Əjdər Fərzəlinin “Nuh tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabındakı araşdırmanın nəticələrini aşağıdakı kimi ümumiləşdirmək olar:
I. Gəmiqaya-Qobustan əlifbası qədim Azərbaycan əlifbasıdır. Bu əlifba yüz və min illər ərzində bütün xalq – xalq biliciləri tərəfindən yaradılmışdır.
II. Gəmiqaya-Qobustan əlifbası başqa əlifbalardan fərqli olaraq yaradılış ideyasını – Tanrıçılıq inamını əks etdirir.
III. “Əlifba” sözü öküz başının – Göy öküzünün (öküz bürcünün) “ ” işarəsi şəklində alova oxşar görümündən – qədim Azərbaycan dilindəki “alov” sözündən yaranmışdır. Və finikiya “ərəb, yəhudi, yunan və s. dillərdəki alef, alif-əlif, alfa qədim Azərbaycan dilindəki alov-buta sözlərinin təhrif şəkilləridir.
IV. Finikiya, Misir, yunan-latın, ərəb, yəhudi, erməni, kiril, hind (brahmi), İran (pəhləvi) və bir sıra digər əlifbalar Gəmiqaya-Qobustan əlifbasının törəmələridir.
V. Gəmiqaya-Qobustan əlifbası və Orxon-Yenisey əlifbası bir-birinə bağlı, ancaq müstəqil yaradılmış türk əlifbalarıdır.
VI. Alban əlifbası – Qafqaz Albaniyasının əlifbası Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir.
VII. “Avesta” əlifbası Gəmiqaya-Qobustan əlifbasından törəmədir.
VIII. Şumerli türk əlifbası Gəmiqaya-Qobustan əlifbası ilə eyni quruluşdadır.
IX. Mingəçevir epitafiyası Gəmiqaya-Qobustn əlifbası əsasında türk düşüncə tərzi ilə yaranmışdır.
X. Gəmiqaya-Qobustan əlifbasının hərf və piktoqrafları Naxçıvan-Ordubad, Urmiya-Əhər-Təbriz, Qərbi Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı-Altıağac, Qobustan-Hacıqabul, Bakı-İçərişəhər-Pirallahı adası daşlarında, qayalarında aşkar edilmişdir. Hətta bu əlifba qədim Azərbaycan xalçaları, məişət əşyaları üzərində “naxış” kimi əks olunmuşdur.
XI. Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən (onların 9-u sait, 23-ü samit) ibarətdir.
XII. Gəmiqaya-Qobustan əlifbasında hər bir hərf sözü tamamlaya bilirsə, “bütöv söz” funksiyasında olur. Belə bir əlamət Orxon-Yenisey yazılarında da müşahidə olunur.
XIII. “Kitabi-Dədə Qorqud”un mifik süjetləri Gəmiqaya-Qobustan əlifbası ilə Gəmiqayaya, Qobustana yazılmışdır.
XIV. Gəmiqaya-Qobustan çoxşəkilli əlifbadır. Burada eyni hərfin bir neçə şəkli, variantı vardır. Onlar sözün məzmunundan, mənasından irəli gələrək yaradılmışdır.
XV. Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin yeni bir mərhələsidir.
XVI. Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının 300-ə yaxın sözlüyünü tərtib etmişdir (Аждар Фарзали. Ноев Ковчег и Гямигая-Гобустанский алфавит. Баку, «Гапп-полиграф”, 2014, с.234-241).
XVII. Gəmiqaya-Qobustan əlifbasının mətnləri işğallar, müharibələr, qarətlər nəticəsində dağıdılmışdır.
XVIII. Gəmiqaya-Qobustan əlifbasının aşkarlanması əlifbanın meydana gəlməsində uydurma “Finikiya birinciliyi”nə son qoymuşdur.
XIX. Gəmiqaya –Qobustan dünya əlifbaları tarixində vahid Əlifba Ağacı rolunu oynamışdır.
XX. Gəmiqaya-Qobustan mədəniyyətinin kökündə Tanrıçılıq dayanır. Mövcud dinlərin hamısı (islam, xristianlıq, buddizm, iudaizm) Tanrıçılıqdan bəhrələnmişdir. Tanrıdan-Allahdan gələn kitablar da (Zəbur, Tövrat, İncil, Quran) hər şeyin əsasında Tanrıçılığın dayandığını təsdiq edir.
XXI. Gəmiqaya-Qobustan əlifbası dünyanın möcüzələri barədə düşünməyə imkan yaradır. İlk möcüzə Gəmiqaya-Qobustan rəsmləridir. Bu möcüzə barədə Əjdər Fərzəli məsələni belə qoyur: Tanrı ulu rəssam kimi yaratdıqlarının əvvəlcə şəklini çəkdi və sonra onlara ruh verdi, can verdi. Tanrının rəsmləri işarələr kimi insanın özündə, bədənində göründü, başqa canlılarda otlarda, çiçəklərdə, ağaclarda göründü. İnsan Tanrının qələmindən çıxmış 32 işarənin kombina edilməsi kimi qəbul edildi. Tanrı öz səma gəmisində Göydən Yerə 32 işarə-hərf göndərdi. Tanrı 32 hərf və iki insan: qadın və kişi göndərdi. Tanrinin Səma Gəmisində göndərdiyi 32 hərf-işarə (23 samit və 9 sait) və iki insan: kişi və qadın Səma Gəmisi ilə birlikdə 1-ci möcüzə idi. 2-ci möcüzə isə Gəmiqayada “Nuhun gəmisi” ilə bağlı rəsmlərdir.
XXII. Humboltun və Sössürün söz-dil işarələr sistemidir fikrini qəbul etməklə Gəmiqaya-Qobustan əlifbasının işarələr nəzəriyyəsinin əsasında dayandığını və onu bu günümüzə çatdıran qaynaq olduğu qənaətini təsdiq etməli oluruq.
XXIII. Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan əlifbası ilə bağlı fikirləri bu qənaəti söyləməyə əsas verir ki, bəşəriyyət elmlə dinin birliyi əsasında Tanrıçılığın mahiyyətinə varmalıdır. Bəşəriyyət bu gün elmlə dinin eyni mənbədən – Tanrıdan gələn bir ideya olduğu fikrindən uzaqlaşmışdır. Ancaq bəşəriyyət bunu da bilir ki, müqəddəs kitablar da (Zəbur, Tövrat, İncil, Quran) Tanrıdan-Allahdan gələn müqəddəs kitablardır. Elmlə dinin mənbəyini bu kitablar yaşadır.
Biz dəyişən dəyərlər dünyasında yaşayırıq. Ancaq elə dəyərlər var ki, onlar dəyişmir. Dəyişməyən dəyərlər dəyişmədiyi üçün dəyərlidir. Dəyişməz dəyərlər sırasında Gəmiqaya-Qobustan da var. Dəyişməyən dəyərlər dəyərə qiymət verənlərdə bu fikri yaradır və hər birimizi düşünməyə məcbur edir. İ.Nəsimi: “Dünya duracaq yer deyil, ey can, səfər eylə!..”, V.V.Nalimov: “Nədən dünyamız bir belə qəddardı?.. Nə zamansa da bu sirri aça biləcəyikmi?”, S.Y.Lets: “Ciddi düşünməyə başlayınca görürüəm ki, dünya nə qədər gülüncdür”.