Modern.az

“Dollar əmanətləri üzrə sığortalanma 12 faizdən 6 faizə endirilməlidir” - İqtisadçı

“Dollar əmanətləri üzrə sığortalanma 12 faizdən 6 faizə endirilməlidir” - İqtisadçı

İqtisadiyyat

27 Aprel 2015, 16:41


“Uzun müddət manatın sabit qalması, bank sektorunda müflisləşmə hallarının olmaması, nəhayət əmanətlərin dövlət tərəfindən sığortalanması əhalinin vəsaitlərini banklara etibar etməsinə gətirib çıxarıb”.

Modern.az saytının verdiyi xəbərə görə, bu açıqlamanı iqtisadçı Samir Əliyev verib.

Ekspertin fikrincə, hətta bir neçə bankın bazarı tərk etməsi də əmanət bazarında gərginlik yaratmayıb:

“Əsas səbəb əmanətlərin sığortalanması idi. Ölkədə əmanət cəlb edən bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və valyuta növündən asılı olmayaraq 12 faizə qədər illik faiz dərəcəsi ilə yatırılan bütün əmanətlər sığortalanır, yəni dövlət tərəfindən zəmanət verilir.

Dünyanın 100-dən çox ölkəsində tətbiq edilən əmanətlərin sığortalanması mexanizmi əhalinin bank sektoruna inamını artırmaq, bank sektorunda dayanıqlığı təmin etmək məqsədi daşıyır. Mərkəzi Bank əmanətlərin sığortalanması mexanizminin səmərəliyini artırmaq barədə addımlar atmalıdır.

İlk növbədə sığortalanan əmanətlər üzrə kompensasiya məbləğinin 30 min manatdan 50 min manata qaldırılmalıdır. Bu addım daha çox əmanətin sığorta sisteminə düşməsinə imkan verər. 2014-cü ilin məlumatların istinad etsək, görərik ki, əmanətlərin təxminən 30 faizi kompensasiya olunur.

İkincisi, əmanətin sığorta haqları əmanətin faiz dərəcəsinə uyğun artırılmalıdır. Sığortanın tətbiq edildiyi faiz limitinin (12 faiz) aradan qaldırılması düzgün olardı. Onsuz da banklar, xüsusən də kiçik banklar yüksək faiz təklif edir və əhali bu təklifdən yararlanır. Əmanətin sığorta haqlarının əmanətin faiz dərəcəsi arasında asılılıq yaradılmalıdır. Bank nə qədər yüksək faizlə əmanət cəlb etsə, fonda bir o qədər də yüksək sığota haqqı ödəyər. Bu, bankları daha məsuliyyətli olmağa sövq edə bilər”.

Mütəxəssisin fikrincə, əgər fond faiz limitini aradan qaldırmaq istəmirsə, bu halda limit valyuta növündən asılı olaraq differensiallaşdıra bilər.

“Əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollar əmanətləri üzrə sığortalanma faizinin 12-dən 6 faizə endirilməsi məqsədəuyğun olardı. Bu addım əhalini manatla əmanət qoymağa stimullaşdıra bilər.

Dördüncü, əmanətlərin sığortalanmasını yoxlayan elektron bazasının yaradılmasıdır. Müşahidələr göstərir ki, bəzi banklarda uçot sistemi hələ ki mükəmməllikdən uzaqdır. Bu isə əmanətçilərdə vəsaitlərinin sığortalanmasına şübhə yaradır. Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin elektron bazasını yaratmaqla əmanətçiyə öz vəsaitinin sığortalanmasını yoxlamaq imkanı verər. Əmanətçi fondun saytına daxil olmaqla bankla bağladığı əmanət müqaviləsinin nömrəsini, adını və soyadını daxil etməklə əmanətinin sığortalanmasını yoxlaya bilər. Bank sirrinin yayılmaması üçün ancaq bir cavab - “Sizin əmanət qorunur” və ya “Sizin əmanət qorunmur” kimi cavabın yazılması məsləhət olardı. Bununla da bankın mümkün məsuliyyətsizliyinin qurbanı olmaz”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama