Bu gün “Mubariz Əhmədoğlu ilə Qrabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.
Modern.az-ın məlumatına görə, M.Əhmədoğlu deyib ki, hazırda problemin həllində psixoloji faktor mühüm rol oynayır: “Həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan Azərbaycanın hərbi-siyasi üstünlüyünü qəbul edib. Ermənistanın etirafı ilə bu proses yekunlaşacaq”.
SİTM sədri Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinə də munasibət bildirib. Politoloq deyib ki, Rusiya dövlət başçısının ölkəmizə səfəri regional siyasətdə yeni mərhələnin bünövrəsini qoydu: “Səfər əsnasında Rusiya rəsmiləri açıq şəkildə bəyan etdilər ki, biz ermənilərə onları azərbaycanlılardan qoruyacağımızı deməmişik. Kreml bir daha bəyan etdi ki, Dağlıq Qarabağ de-yure Azərbaycan ərazisidir”.
Politoloq İranın Dağlıq Qarabağ probleminə münasibətini də şərh edib. Onun sözlərinə görə, İranın götürdüyu siyasi kurs bütövlukdə Qafqazda gərginliyin artmasına xidmət edir: “İran Rusiyanı Qafqazda sıxışdırmaq istəyir. Biz İranın iddiyası ilə imkanlarının üst-üstə düşmədiyinin dəfələrlə şahidi olmuşuq. İran Dağlıq Qarabağ məsələsində qərəzli mövqe tutur. İran hakimiyyəti QHT statusunda fəaliyyət göstərir. Bir QHT-nin ölkənin idarə olunmasında rolu nə qədərdisə, İran hakimiyyətinin də öz ölkəsinin həyatında rolu təxminən o qədərdir”.
SİTM sədri qeyd edib ki, Ermənistanda vəziyyət getdikcə pisləşir. Politoloqun qənaətinə görə, bu ölkənin müstəqilliyi üçün ciddi təlükə yaranıb: “Hətta hakim koalisiyanın üzvu olan “Çiçəklənən Ermənistan” Partiyası da bəyan edib ki, Ermənistan müstəqil siyasət həyata keçirə bilmir. Bu gün Qafqazda əsas söz sahibi Rusiyadı. Rusiya Ermənistanın apardığı siyasətə real yanaşmalıdır. Kreml Ermənistanın müstəqil siyasət apara bilmədiyini nəzərə alıb, bu ölkəni özünə birləşdirməlidir. Rusiya Ermənistanın hərəkətlərinin məsuliyyətini öz üzərinə götürməlidir”.
SİTM sədri həmçinin bildirib ki, Ermənistan ordusunun iki yerə bölünməsi region üçün ciddi təhlükə vəd edir: “Ermənistan ordusu 18 yaşlı çağırışçılardan və 12-13 il əvvəl Azərbaycana qarşı vuruşmuş şəxslərdən təşkil olunub. Üz-uzə dayanan tərəflər hər an bir birinə silah qaldıra bilərlər. Ermənistan ordusu “barıt çəlləyi”ni xatırladır ”.
SİTM sədrinin sözlərinə görə, əgər Rusiya Qafqazda sabitliyin yaranmasını istəyirsə, Gürcustanla münasibətlərini yaxşılaşdırmalıdır. Mixail Saakaşvilinin hakimiyyətdən getməsinə az qaldığını deyən politoloq Rusiyanın gələcəyə hesablanmış bəyanatlarla çıxış etməli olduğunu bildirib: “ Rusiya onu da nəzərə almalıdır ki, Gürcustan MDB-dən çıxandan sonra bu ölkənin iqtisadiyyatında heç bir geriləmə müşahidə olunmadı”.
Mail Ağaxanov