Modern.az

Seçki pulu, aşağı və yuxarı hədd: hansı namizədin 500 min manatı var?

Seçki pulu, aşağı və yuxarı hədd: hansı namizədin 500 min manatı var?

22 Sentyabr 2010, 17:07

Dünya təcrübəsi və Azərbaycan reallığı...


İstənilən seçkilərə qatılan namizəd hökmən müəyyən məbləğdə pul xərcləməlidir. Azərbaycanda seçkilər majoritar sistem üzrə keçirildiyinə görə, hər bir namizəd öz kampaniyasını qurmalıdır. Amma nəzərə alsaq ki, partiyalar blok şəklində seçkilərə gedirlər, o zaman ümumi işləri həyata keçirmək üçün sözsüz ki, bir büdcə lazım olacaq.  Bu il keçirilən parlament seçkiləri siyasi bloklara və seçkidə iştirak edən müstıqil namzədlərə neçəyə başa gələ bilər? 
Modern.az bunu araşdırmağa çalışıb.

Seçki Məcəlləsində namizədlərin seçkilərə xərcləyə biləcəkləri vəsaitlər barədə maddələr göstərilib. Məsələn, Seçki Məcəlləsinin 156-cı maddəsinə əsasən, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan yuxarı ola bilməz. Siyasi partiyalar üçün isə bu hədd 150 min manat göstərilib. Qanunvericilikdə seçki fondunun minimal həddi göstərilməyib. Yəni namizəd seçkidə pul xərcləməyə də bilər.

Namizədin fonduna yardım etmək istəyən fizki şəxs 3000 manatdan artıq könüllü ianə verə bilməz. Namizədə yardım etmək istəyən hüquqi şəxslər isə maksimum 50 min manat ianə köçürə bilərlər.   Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Modern.az-a bildirib ki, Seçki Məcəlləsinə görə, dövlət qulluğunda olanlar, hərbçilər, vətəndaşlığı olmayanlar, xarici ölkə vətəndaşları və xarici hüquqi şəxslər namizədin fonduna pul keçirə bilməzlər.
Eyni zamanda nizamnamə kapitalında iştirak payı 30 faizdən çox olan hüquqi şəxslər, beynəlxalq qurumlar və beynəlxalq ictimai hərəkatlar, hərbi, dini birliklər, xeyriyyə müəssisələri də namizədə seçki üçün vəsait ödəyə bilməzlər.

A.Sarıyev onu da deyib ki, namizədin seçki fonduna pul verənlərin anonim qala bilməzlər.
Deputat pulu necə gəldi xərcləyə də bilməz. Seçki dönəmində namizədlərin xərclədikləri pulların miqdarına MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir, namizəd imza vərəqələri alandan az sonra özünün seçki fondu üçün bankda hesab açmalıdır. Seçki prosesində namizədlər üç dəfə -imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər. Maliyyə hesabatlarını həm Dairə Seçki Komissiyası, həm də MSK-nın Maliyyə-Təftiş Qrupu yoxlayır, ciddi pozuntular namizədliyin ləğvinə qədər cəzalandırıla bilər.

Azərbaycanda keçirilən seçkilərdə xərclənən pullar barədə o qədər də açıq məlumatlar yoxdur. Siyasi qüvvələr bu barədə susmağa üstünlük verirlər. Çox az hallarda siyasi qüvvələrin seçkilərdə nə qədər pul xərclədiyini müəyyənləşdirmək olur.   Məsələn, 2009-cu il üçün açıqladığı hesabatda YAP bəyan edib ki, partiyanın üzvlük haqlarından cəmi mədaxili 2 915 505 manat təşkil edib. Ötən ildə partiyanın ümumi xərcləri 2 374 176 manat olub. Görünür bura seçki xərcləri də daxil edilib.

Müsavat partiyası ötən parlament seçkilərində 600 min manatdan çox pul xərcləyib. Partiyanin seçki qərargahının rəhbəri Gülağa Aslanlı mediaya bildirib ki, namizədlər seçkilərdə 15 min manata qədər pul xərcləyiblər.

Ümid Partiyasının nümayəndəsi Nəsimi Məmmədli bildirib ki, elə seçki olur ki, partiyanın xərcləri hətta 300 min manat təşkil edir.  

Qonşu Rusiyada deputatlığa namizədlərin xərclədikləri pulları bizim namizədlər ancaq təsəvvür edə bilərlər. Aparılan sorğulara görə, 2003-cü ildə Rusiyada keçirilən parlament seçkilərinə bir mandat  4,1 milyon dollara başa gəlib. 2007 –ci ildə isə seçkilər tam olaraq proporsional sistemə keçdiyi üçün namizədlərin bir mandat üşün xərcləri 2.7 milyon dollara başa gəlib.    FBK Auditor Şirkəti 2003-cü ildə Rusiyada keçirilən seçkilər zamanı partiyaların xərclərini hesablayıb və onların məlumatına görə, o zaman ümumi xərcləri 1,9 milyard dollar olub. Bu xərcləri hesablayarkən şrkət həm rəsmi həm də qeyri rəsmi xərcləri nəzərə alıb.  

Bəs Qərbdə siyasi partiyalar seçki dönəmində necə maliyyələşir?  

ABŞ-da bu məsələ 1971 –si ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-da siyasi partiyalara seçki zamanı könüllü “donorlar” pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər.  Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır.

ABŞ-ın iki partiyası- Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər.

Məsələn, ABŞ  seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb. Demokratlar isə bu vaxt ərzində 289 milyon dollar ianə toplaya biliblər. 

Böyük Britaniyada isə seçki 2000 –ci ildə qəbul edilmiş siyasi partiyalar, seçkilər və referndum haqqında qəbul edilmiş qanunla tənzimlənir. Seçki Komissiyası partiyaların seçki ilə bağlı maliyyə işlərini tənzimləyir.  Seçki kampaniyası zamanı hər bir partiya dövlətin hesabına poçt göndərişlərini edə bilər. Bundan başqa partiyalar bələdiyyə mülkiyyətindən (məktəblərdən, kitabxanalardan və s) öz təbliğat tədbirlərinin  keçiriliməsi üçün pulsuz istifadə edə bilər. Həmçinin partiyalar BBC-nin efirindən pulsuz efir vaxtı əldə edirlər.

Seçkilər zamanı partiya bir seçki dairsində öz namizədinə 30 min funt-sterlinqdən artıq xərcləyə bilməz. Bununla yanaşı, partiyalar ümümmilli kampaniyalar keçirərkən nə qədər istəslər pul xərcləyə bilərlər.  2005-ci ildə İngiltərədə keçirilən parlament seçkilərində partiyalar 42 milyon funt xərcləyib. Bu seçkilər zamanəı mühafizəkarların 13 milyon funt ianə toplaya bilmişdilər.

Bundan başqa İngiltərədə partiyalar 2002-ci ildən etibarən inkişaf üçün hökümət qrantı alırlar. Bu qrantın ümumi fondu 2 milyon funt təşkil edir. Seçkiləri qazanan və parlamentdə təmsil olunmuş üç partiyanın hər biri ayrı-ayrılıqda 458 min funt alır.

Almaniyada isə partiyaların maliyyələşməsi onların populyarlıq reytinqinə görə aparılır. Reytinq seçkilərdə qazandıqları nəticələrə görə nəzərə alınır. Burada dövlət subsidiyalarının maksimal həddi 133 milyon evrodur.  2006-cı ildə dövlət subsidiyalarını ən çox iki partiya XDİ (44.5 milyon yevro) və SDP (43 mln. Yevro) alıb.

Belə... Bu başgicəlləndirici rəqəmlərdən sonra bizim namizədlərə ancaq dözüm və uğur arzulamaq qalır!

X.Səfəroğlu
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu