Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olub.
Modern.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qonaqların diqqətinə çatdırıb ki, istər Bakıda və Bakı ətrafı ərazilərdə, istərsə respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə 90 müasir qəsəbə və məhəllə salınıb, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Lakin buna baxmayaraq hələ də 210 min nəfərdən çox məcburi köçkünün yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını bildirən Ə.Həsənov deyib ki, Azərbaycan dövləti tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir və bu işlər sülh müqaviləsi imzalanana qədər davam etdiriləcək. O da bildirilib ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, Masazırdakı 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılıb və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar.
Qonaqlar ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbinə, 280 yerlik uşaq bağçasına da baş çəkiblər.
Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından tanış olublar. Zəngilandan məcburi köçkün Nurəddin Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin dağıdıldığını, bunları ATƏT-in faktaraşdırıcı missiyasının da təsdiqləndiyini AŞ Nazirlər Komitəsi sədrinin diqqətinə çatdıran Baş nazirin müavini Ə.Həsənov bunları dünyada zorakılıqların artması, ədalətsizliyin hökm sürməsi, əsassız münaqişələrin yaradılması ilə əlaqələndirərək bildirib ki, bütün bunlar dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir. Məhz bu cür halların, həmçinin regionlarda toqquşan maraqların nəticəsidir ki, hər il dünyada münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı artır. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə, bu gün onların sayı 60 milyondan çoxdur, münaqişə zonaları olan ölkələrin sayı ildən-ilə artır.
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanın ən əsas və bir nömrəli problemi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkün problemidir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən müddət ərzində heç bir irəliləyişə nail ola bilməyib. Bu da ondan irəli gəlir ki, bu qrupun həmsədr ölkələri vaxtında düzgün formalaşdırılmadığından onlar obyektivlikdən uzaq fəaliyyət göstərirlər. Həmçinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın, İƏT və digər nüfuzlu beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi də bu qənaətə gəlinməsinə əsas verən amillərdəndir.
Sonra AŞ Nazirlər Komitəsinin sədri Didier Reindersin rəhbərlik etdiyi nümayəndə heyəti Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların ağır həyat şəraiti ilə tanış olub. Bildirilib ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.
Modern.az