QHT-lərə Dövlət Dəstəyi Şurası bu cür layihələri maliyyələşdirməyi əsas vəzifə hesab edir
Artıq bir ilə yaxındır ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqələr elan edir. Bu cür müsabiqələrdə onlarla qeyri hökumət təşkilatı iştirak edir. Qalib gələnlər, müsabiəqədən keçib layihəni həyata keçirmək üçün maliyyə əldə edənlər də olur, müsabiqədən kənarda qalanlar da.
Bütün narazılıqlara rəğmən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi xeyli sayda aktual layihələr var ki, onlara toxunmadan keçmək ədalətsizlik olardı.
Belə layihələrdən biri də Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin müsabiqəyə təqdim etdiyi və Şura tərəfindən seçilərək maliyyə yardımı ayrılan “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşəbbüsləri” layihəsidir. Layihənin bu gün üçün nə qədər əhəmiyyətli və aktual olduğunu ortaya qoymaq üçün öncə layihə müəlliflərinə və onu qiymətləndirənlərə müraciət etdik.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bizimlə söhbətində dedi ki, bütövlükdə Qarabağla, işğal altında olan ərazilərlə bağlı layihələr həmişə aktualdır. Xüsusilə də, işğal olunmuş Qarabağ torpaqlarında baş verən hadisələrin həqiqi üzünü dünya ictimaiyyətinə çatdırmaq bu gün üçün çox vacibdir.
“Biz Türkiyədə fəaliyyət göstərən Beynəlxalq İnsan Haqları Komitəsi adlı təşkilatdan bura nümayəndələr çağırmışıq. Məlumat üçün deyim ki, bu təşkilatın 100-ə yaxın ölkədə nümayəndəlikləri var. Bu səbəbdən biz onlarla işləyirik ki, Qarabağ həqiqətlərini daha tez dünyaya yaya bilsinlər. Onu da deyim ki, biz layihənin formasını elə götürmüşük ki, icra zamanı yalnız Qarabağla məhdudlaşmayaq. Biz nümayəndələri Ermənistan qaçqınları ilə görüşdürəcəyik, eyni zamanda Naxçıvana da aparacağıq. Çünki bu bölgəmiz blokada şəraitindədir. Qoy ora ilə yaxından tanış olsunlar və əsl həqiqətləri görsünlər. Ermənistandan qaçqın düşənlərlə görüş zamanı isə işimiz belə olacaq ki, təkcə ötən əsrin 80-ci illərində deportasiya olunmuş yox, həm də 1915-ci ildən üzü bəri bu ölkədən qaçqın düşən insanlarla görüşüb onların problemlərini dinləyəcəyik. Necə qaçqın həyatı yaşadıqlarını öyrənəcəyik. Görüşlər haqqında video çəkilişlər olacaq və qonaqlar da bu çəkilişləri özlərinin başqa ölkələrdə olan yerli təşkilatları vasitəsilə dünyaya yayacaqlar”.
Bunları da Novella Cəfəroğlu dedi. Novella xanım onu da bildirdi ki, ikinci mərhələdə vəsait əldə etmək mümkün olsa, bu cür tədbirlər Türkiyədə də keçiriləcək. “Bu zaman artıq Qarabağ həqiqətlərini biz deyil, Türkiyədəki dostlarımız dünyaya çatdıracaq. Bunun effekti isə kifayət qədər yüksək olacaq”.
Müsahibim dedi ki, layihə çərçivəsində bir sıra görüşlər, sonucda isə geniştərkibli Dəyirmi Masa keçiriləcək. N.Cəfəroğlu indiyə qədər Qarabağ problemi, Ermənistan qaçqınları və Naxçıvanla bağlı aparılan təbliğat işinin də qənaətbəxş olmadığını bildirir: “Doğrudur, Qarabağ problemi ilə bağlı dövlət səviyyəsində danışıqlar aparılır, QHT-lər müəyyən işlər görür və bütün dünya bilir ki, belə bir problem var. Ancaq Ermənistan qaçqınlarının taleyi ilə bağlı informasiyalar azdır, Naxçıvan 20 ildir ki, blokada şəraitində yaşayır, ancaq bu barədə də beynəlxalq ictimaiyyət yetərincə məlumatlı deyil. Ona görə də biz artıq bu yöndə aktiv fəaliyyətə başlamaq niyyətindəyik. Ötən əsrin əvvəlindən Ermənistandan yüz minlərlə azərbaycanlı qovulub. Ancaq bu barədə dəqiq, əhatəli məlumat yoxdur. Biz bütün bunları öz aramızda danışırıq. Artıq gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov da adı çəkilən layihənin aktual olduğu fikrindədir. Onun sözlərinə görə, Şura həmişə belə layihələrə maliyyə yardımı ayırmağı özünün prioritet vəızifəsi hesab edir. Hətta bu müddəa “QHT-lərə dövlət dəstəyi konsepsiyası”nda da var. “Yəni konsepsiyada var ki, dövlətin QHT-lərə dəstəyinin əsas prioritet istiqamətlərindən biri də məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Buna görə də Şura hər il keçirdiyi müsabiqələrdə bu müddəanı nəzərə alır”.
F.Qurbanov onu da dedi ki, bu adda olan layihələrə Şura xüsusilə üstünlük verir: “Biz hər il neçə-neçə belə layihələr alırıq. Və heç bir aktual, səviyyəli layihə diqqətdən kənarda qalmır. Bu yöndə kifayət qədər layihələr dəstəklənib və onların həyata keçirilməsinə Şuranın katibliyi tərəfindən nəzarət olunur. Layihələrə Dağlıq Qarabağ münaqişəsinin tarixi, münaqişəni yaradan səbəblər, bu münaqişə zamanı azərbaycanlıların başına gətirilən müsibətlər, eyni zamanda işğal olunmuş ərazilərdə baş verən ekoloji teraktlar və sairə barədə video çəkilişlərin dünya ictimaiyyətinə çatdırılması daxildir. Eyni zamanda Şuranın dəstəyi ilə bir neçə Qarabağa aid sayt fəaliyyət göstərir. Həmin saytlarda da Qarabağa aid həqiqətlər müxtəlif dillərdə dünyaya çatdırılır. Hesab edirik ki, bu yöndə işlər daha səmərəli şəkildə davam etdirilməlidir. Münaqişə həllini tapana qədər bu yöndə qeyri hökumət təşkilatları öz fəaliyyətlərini gücləndirməlidir. Ona görə də biz bu layihələri dəstəkləyirik və yeni təkliflər gözləyirik”.
Ədalət naminə deyək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşəbbüsləri adlı layihəyə maliyyə vəsaitinin ayrılması kifayət qədər vacibdir. Çünki illərdir biz bir şeydən şikayət edirik ki, dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərə informasiya savaşında uduzuruq. Ona görə də bu tip layihələri maliyyəlışdirməklə biz zəif nöqtəmizi qapatmış olarıq. Dəqiq, obyektiv, əhatəli məlumatları ortaya qoymaq, dünya ictimaiyyətini gerçəkliklərlə tanış etmək və onları inandırmaq çox vacibdir. Çox yaxşıdır ki, bu yöndə fəaliyyət göstərmək təşəbbüsündə olan QHT-lər və onlara dəstək verən qurumlar var.
Ceyhun NAĞI