Modern.az

Jurnalist deputatlar jurnalistlərlə necə maraqlanırlar?..

Jurnalist deputatlar jurnalistlərlə necə maraqlanırlar?..

30 Aprel 2015, 09:57


Bu gün Milli Məclisdə vaxtilə jurnalist olmuş xeyli deputat var. Təbii ki, onlar seçicilərinin təmsilçisi olmaqla yanaşı, həm də bir növ jurnalistlərin nümayəndələri hesab edilirlər.

Qənirə Paşayeva, İmamverdi İsmayılov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nizami Cəfərov, Musa Qasımlı, Elmira Axundova, Etibar Hüseynov, Sahib Alıyev, Hadi Rəcəbli, Aqil Abbas, Bəxtiyar Sadıqov jurnalistika mətbəxindən Milli Məclis dəhlizlərinə qədər gedib çıxıblar. 

Etibar Hüseynov, Sahib Alıyev, Aqil Abbas, Bəxtiyar Sadıqov, Cavanşir Feyziyev istisna olmaqla digərləri üçün jurnalistika artıq yaxın tarixin arxivinə göndərilib.

Bu, başadüşüləndir, çünki Milli Məclis qanunverici orqandır, gərgin iş tələb edir. 

Ümumiyyətlə, yaradıcılıq sahəsi sayılan jurnalist fəaliyyəti göstərməyi qanun da millət vəkillərinə qadağan etmir, ancaq həmin deputat-jurnalistlərin qəzetlərdə, saytlarda, televiziyalarda jurnalist olaraq fəaliyyət göstərməməsi həm də onların öz seçimidir və buna görə heç kim o kəsləri qınaya bilməz. 

Məsələnin maraqlı tərəfi budur ki, bir zamanlar və ya indinin özündə də jurnalist olan deputatlar öz qələmdaşlarının dərdləri, problemlərilə əməldə maraqlanmırlar.

Deyilə bilər ki, onların belə bir hüquqi məsuliyyəti yoxdur. Bəli, elədir ki, var!

Düzdür, indi jurnalistika mühitində vəziyyət dəyişib, jurnalistlərin maddi durumu əla vəziyyətdə olmasa da, yaxşılaşıb. Lakin yaşayış olan yerdə problemlər də var...

Elə götürək Milli Məclisdə fəaliyyət göstərən jurnalistlərin iş şəraitini.

İllər öncə bu sahədə müəyyən preoblemlər var idi. Ancaq hazırda bu sahədə hər şey qaydasındadır, heç bir problem yoxdur. Jurnalistlərə işləmək üçün demək olar ki, hər cür şərait yaradılıb. 

Ancaq məsələnin başqa tərəfi də var. Bu günə qədər həmin deputatların hansısa bir neçə dəqiqəlik zaman ayırıb jurnalistlərin iş şəraiti ilə tanış olublarmı?

Dünyanın hər yerində, hətta qardaş Türkiyədə jurnalistikadan parlamentə deputat kimi gəlmiş şəxslər vaxtlarının bir hissəsini də keçmiş həmkarlarının yanında keçirirlər.

Və hesab edirik ki, hətta tənəffüs zamanı əvvəllər jurnalist olmuş indiki deputatlar jurnalistlərin yanına qalxsalar, Milli Məclis rəhbərliyi onlara heç bir irad tutmaz.

Ancaq bunu etmirlər.

Bəlkə də elə buna görədir ki, jurnalistlər keçmiş həmkarlarına medıada o qədər də yer ayırmırlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama