“Ermənistanda baş verən intiharlar birbaşa ölkədəki sosial vəziyyətdən asılı deyil”. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu aprelin 29-da Ermənistanın ədliyyə naziri Ovanes Manukyan bəyan edib. Bununla belə, nazir əlavə edib ki, özünəqəsdin səviyyəsi hökuməti düşündürməyə bilməz: “Rəsmi statistikaya görə, 2012-2014-cü illərdə intiharlar getdikcə azalıb – 214, 206 və 168. Bu, əlbəttə, tam arxayınlaşmağa əsas vermir”.
Nazir əlavə edib ki, bununla belə, 2015-ci ilin birinci rübündə intiharların və canına qəsdə cəhd edənlərin sayı artıb: 54 intihar (2014-cü ilin 1-ci rübündə 44 olub) və 143 cəhd (2014-cü ilin müvafiq dövründə 121 olub).
Nazirin fikrincə, intihara meyllilik birbaşa ölkədəki sosial vəziyyətlə bağlı deyil: “Belə ki, inkişaf etmiş ölkələrdə intihar ölümlərin 1,7 faizini, orta gəliri olan ölkələrdə isə 1,4 faizini təşkil edir. Xarici təcrübə göstərir ki, intiharların qarşısının alınmasında psixoloji işlərin çox böyük əhəmiyyəti var”.
Modern.az