Modern.az

Sabiq dövlət müşaviri Vəfa Quluzadə vəfat etdi

Sabiq dövlət müşaviri Vəfa Quluzadə vəfat etdi

2 May 2015, 00:16


Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə mayın 1-də axşam saatlarında vəfat edib. 

Modern.az-ın məlumatına görə, V.Quluzadənin səhhəti qəflətən pisləşib və dünyasını dəyişib. Mərhum son vaxtlar ürək xəstəliyindən əziyyət çəkir və müalicə olunurdu.

Politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti, Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub.
1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunuv, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyib. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

1999-cu ilin sonlarına yaxın xarici işlər naziri Tofiq Zülfüqarov və prezident köməkçisi Eldar Namazovla eyni vaxtda istefa verib. Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilirdi.

Vəfa Quluzadə politoloq kimi Rusiyaya qarşı sərgilədiyi sərt, barışmaz mövqeyi ilə seçilirdi...

Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadənin oğlu Murad 2010-cu ildə 36 yaşında onkoloji xəstəlikdən vəfat etmişdi.

Allah rəhmət etsin!

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu