Modern.az

Vəfa Quluzadənin son oğulluq borcu

Vəfa Quluzadənin son oğulluq borcu

3 May 2015, 21:22

2001-ci ilin iyul ayı idi. Az.TV-nin “Xəbərlər” proqramında işləyirdim. Tapşırıq aldım ki, bəs xalq şairi Mirvarid Dilbaziylə vida mərasimi başa çatıb, karvan qəbiristanlığa yola düşür, tez kamera götür özünü çatdır ora. O saat ağlıma o gəldi ki, yəqin dəfn 1-ci Fəxri Xiyabandadır. Amma baş redaktor Allahverdi Məmmədov deyəndə ki, adi şəhər qəbiristanlığındadır, çaşıb qaldım.

Tez atama zəng elədim. Dedi ki, bəs Mirvarid xanım vəsiyyət edib ki, onu bacısının yanında, Yasamal qəbiristanlığında dəfn eləsinlər. Uzun sözün qısası, çətinliklə də olsa dəfn olunacaq yeri tapdım. Yaxınlaşanda gördüm ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Vəfa Quluzadə qazılmış qəbrin yanında dayanıb söhbət edirlər. Yaxınlaşıb salam verdim. Sonra da çəkilib dayandım qıraqda. Başladım gözləməyə. Hacıbala Abutalıbov bir mer kimi prezidentin imzaladığı nekroloqun tələblərini yerinə yetirirdi. Yəni ki, dəfn mərasiminə başçılıq edirdi. Vəfa Quluzadə də ziyalı insan idi. Onun bir xalq şairinin dəfnində iştirakını təbii saydım. O cümlədən orda olan digər ziyalıların da. Nəhayət dəfn başa çatdı. Atam da ordaydı. Qayıtdım işə materialı efirə verdim.

Bir də gördüm ki, atam zəng edir:

- Dur gəl evə. Sözüm var vacib.

Getdim. Süfrə açıb məni gözləyirdi. Çox həyəcanlı idi. Ümumiyyətlə hər dəfn mərasimindən sonra çox pis olurdu. İllah ki, fəxri qaroulda dayananda. Çünki qələm yoldaşlarından kimisə itirmək onun üçün çox çətin idi. Bir şeirində belə bir misrası da var: “Çatıb növbətin, çatır növbətim”.
Soruşdum ki, nə olub? Dedi ki, “sən belə elə. Mən öləndə qəbri eninə iki adamlıq qazdır. Gen-bol. Uzunluğunu da artıq elə”.
Məəttəl qaldım ki, bu niyə belə deyir. Sonra əlavə elədi ki, “Gen-bol elə ki, rahat o üz-bu üzə çevrilə bilim. Bir tərəfi üstündə çox yatmaq mümkün deyil. Fəhlələrin üstündə dayanarsan. Yoxsa qəbirqazanlara qalsa, çox dar götürürlər enini-uzununu. Adam tərpənə də bilməz”.
Dinmədim. Yüz-yüz vurduq.


Sonradan məlum oldu ki, Vəfa Quluzadəylə dəfn mərasimindəymiş. Vəfa müəllim də Mirvarid Dilbazinin bacısı oğluymuş. Orda atama deyib ki, “bəs, Qabil müəllim, anam ölməmişdən qabaq vəsiyyət elədi ki, qəbri enli qazdırarsan. O üz-bu üzə rahat çevrilə bilim. Mən də elə elədim. Molla-zad əleyhimə dursalar da, anamın son vəsiyyətini yerinə yetirdim”.

Dünən Vəfa Quluzadənin vəfat etmə xəbərini eşidəndə bu xatirə yadıma düşdü. O, son oğulluq borcunu yerinə yetirdi. Mən isə...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır