Modern.az

Azərbaycanda şagirdinin xilası naminə özünü qurban verən müəllimin cəsədi tapıldı - FOTOLAR

Azərbaycanda şagirdinin xilası naminə özünü qurban verən müəllimin cəsədi tapıldı - FOTOLAR

Ölkə

4 May 2015, 00:42

Kür çayının üstündəki körpüdən maşını ilə çaya düşən və bu hadisə zamanı 9 yaşlı şagirdini xilas edərkən özü boğulan orta məktəb müəllimi Əhliman Hüseynovun meyiti 5 aylıq axtarışlardan sonra nəhayət mayın 3-də tapıldı.

Bu barədə Modern.az saytına Sabirabad aryonu Nizami Gəncəvi adına 5 nömrəli orta məktəbin müəllimləri xəbər veriblər.
Məlumata görə, Əhliman müəllimin meyiti Kür çayına düşdüyü yerdən 3-4 km uzaqda, Məmişlər kəndinin ərazisində tapılıb.

Xatırladaq ki, o müdhiş hadisə havaların soyuq keçdiyi 5 dekabr 2014-cü il tarixində baş vermişdi

Həmin gün Sabirabaddakı 5 nömrəli orta məktəbinin texnologiya müəllimi, 1957-ci il təvəllüdlü Əhliman Hüseynov “07” markalı “Jiquli”si ilə dərsə gedirmiş. O, qohumunun azyaşlı övladı, 3-cü sinif şagirdi Güldəstə Hüseynovanı da maşınına götürübmüş. Kürün üzərindəki yeni salınmış körpüdən keçəndə maşın buz bağlamış yolda sürüşüb və dəmir məhəccəri aşıraraq, çaya düşüb.

Azyaşlı Güldəstə  hadisədən sonra xatırlayıb ki, çaya düşəndən sonra maşında Əhliman müəllim ona deyib: "Qızım, düşdük suya, çantanı çıxar kürəyindən".
Maşının qapısını açıb, uşaqla bərabər atılıb suya. Uşağı boynuna alıb körpüdən 500 metrə qədər məsafəyədək üzərək sahilə yan almağa çalışıb. Amma Kürün suyu gur olduğundan və çox soyuq olması səbəbindən heç cür sahilə yaxınlaşa bilməyib.

Əhliman müəllim fəryad edərək səsini yoldan keçənlərə duyurmaq istəyib. Yoldan ötən maşınlar dayanıb, adamlar axışıb Kürün sahilinə, lakin onu xilas etmək hamıya mümkünsüz görünüb. Hamı bir-birindən kömək istəsə də, kimsə cürət edib suya girə bilməyib.
Yalnız 22 yaşlı bir gənc oğlan – Dəyanət Şıxəliyev özünü soyuq çaya ataraq, Əhliman müəllimə tərəf üzüb. O, azyaşlı Güldəstəni suyun üzündə saxlamağa müvəffəq olan müəllimdən alaraq, sahilə üzməyi bacarıb. Əhliman Hüseynovun özü isə suda batıb...

Artıq 5 ay idi ki, Əhliman Hüseynovun meyitinin axtarışları davam etdirilirdi. 2014-cü ilin son ayında boğulan Əhliman müəllimin cəsədi 2015-ci ilin mayında tapıldı...





A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi