Modern.az

Sosial sığorta təminatlı gələcəyin qarantıdır

Sosial sığorta təminatlı gələcəyin qarantıdır

4 May 2015, 10:54

Bu gün ölkəmizdə müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunub. Belə ki, pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah durumu əhəmiyyətli şəkildə yaxşılaşıb və bu təbəqədə yoxsulluq, demək olar ki, aradan qaldırılıb.

Modern.az saytının məlumatına görə, əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə yüksəldilməsinə və beləliklə də bu göstərici üzrə ölkəmizin postsovet coğrafi məkanında öncül mövqelərdə qərarlaşmasına imkan verib.

Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub. İqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin edib.

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir.

Son 10 il ərzində DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq, 1 milyard 780 milyon manatı ötüb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-ci ildə 5%-ə çatıb. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 900 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.

Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmiz ilk yerdə qərarlaşıb.

Bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

Bununla belə, pensiya təminatı sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruriliyi bu sahədə yeni çağırışlara cavab verən islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycanda mövcud pensiya təminatı modelinin beynəlxalq təcrübədə əldə olunmuş qabaqcıl təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi zərurəti ilk növbədə ölkəmizdə bazar iqtisadiyyatına keçidin uğurla başa vurulması və yeni reallıqlar müstəvisində vətəndaşların pensiya təminatının daha yetkin mexanizmlər vasitəsilə həyata keçirilməsinə imkan verən sistemin yaradılması ilə bağlıdır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflər bütövlükdə sosial sahədə, o cümlədən vətəndaşların pensiya təminatı sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə söykənməklə yeni perspektivlərin yaranmasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun dəyişikliklər strategiyasının həyata keçirilməsinə əlverişli zəmin yaradır.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət siyasətinin əsaslarını müəyyənləşdirir.

İlkin məlumatlara əsasən, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 203 nəfər təşkil edir. Onların 60,6 faizi yaşa görə, 28,5 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlardır.

2015-ci ilin 3 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 751,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5 % və ya 39 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 % artaraq 410 milyon manata çatıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 12% və ya 29 milyon manat çoxdur.

Cari ilin 3 ayı ərzində Fondun xərcləri 725,7 milyon manat olub və bunun 713,7 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

 “Bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər. Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür.”

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov bildirib.

Qurum rəsmisi qeyd edib ki, sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir:

“Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir”.

Şöbə müdiri ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulduğunu diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir:

“Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir”.

MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkə olduğunu vurğulayan DSMF rəsmisi qeyd edib ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb. Hazırda sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlanır.

DSMF rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, Prezident İlham Əliyevin qəbul etdiyi “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir. 

“Konsepsiyaya əsasən, əvvəllər işləyən və eyni zamanda əmək qabiliyyətli vətəndaşların ödənişlərinə uyğun olaraq onların daha çox pensiya almasını təmin etmək mümkün olacaq. Nəzərə alsaq ki, yeni konsepsiya daxilində artıq ödənişlərin 50 faiz deyil, 100 faizi fərdi uçota götürülməsini nəzərdə tutur. Mövcud qaydalara əsasən, vətəndaşın aldığı əmək haqqına görə ödədiyi sosial ayırmaların 50 faizi onun hesabına yatırlır, digər 50 faiz isə cari xərclər üçün sərf edilir. Yeni konsepsiyada pensiyaların bazi hissəsinin ləğv edilməsi və bunun müqabilində ödənişin fərdi uçota yığılması, bundan sonra isə vətəndaşın pensiya yaşı tamamlanan zaman ona geri ödnməsinə xidmət edir. Bu da daha çox işləyən vətəndaşın daha çox pensiya almasına imkan verir”. 

Ekspertin fikrincə, pensiya sahəsində aparılan islahatların digər bir qolu özəl pensiya fondlarının yaradılmasıdır, hansı ki, bununla bağlı artıq addımlar atılmaqdadır:

“Pensiya fondları imkan verəcək ki, işləyən və ödəmək imkanı olan vətəndaş gələcəkdə həm dövlət, həm də özəl pensiya fondundan pensiya almaq imkanına sahib olsun. Bu da sözsüz pensiya yaşı tamam olan vətəndaşların təminatı baxımından olduqca vacibdir. İslahatlar birbaşa gələcəkdə pensiya yaşına çatacaq insanların daha çox pensiya almasına hesablanıb. Həmçinin mövcud islahatlar vətəndaşın əmək müqaviləsi çərçivəsində fəaliyyət göstərməsinə, vətəndaşlarda sosial ayırmalara marağın yaranmasına səbəb olur. Çünki, pensiya islahatlarının nəticəsi məhz vətəndaşın öz sosial ödəmələri hesabına onun pensiya məbləğinin müəyyənləşdirilməsinə xidmət edir”.

Mütəxəssis qeyd edib ki, sosial sığorta ilə verginin bir-birindən fərqi böyükdür və bunları qarışıq salmaq olmaz:

“Vergi məcburi öhdəlik olaraq dövlət büdcəsinə ödənilən və cari maliyyə ilində istifadə olunan vəsaitdir. Sosial sığorta və sosial ayırmalar vətəndaşın gələcəkdə pensiya yaşına çıxması vaxtı və əmək qabiliyyətini itirdiyi, nisbətən zəiflədiyi dövrdə sosial vəziyyətinin  yaxşılaşdırılmasına xidmət edir. Bu gün hər bir işləyən vətəndaş üçün sosial ayırmalar onun gələcəyinin həm maliyyə, həm də sosial təminatçısıdır”.

İqtisadçı hesab edir ki, qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqları fərdi hesablarda 100 fazilik qeydiyyata alınacaq:

“Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni islahat konsepsiyasına əsasən, minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq üçün minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq biz şərtləri sərtləşdirəcəyik. Ola bilər ki, staj tələbini artıraq. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olacağıq”.

Gülşən RAUFQIZI

Yazı Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında elan etdiyi “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqəyə təqdim edilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama