1999-cu ildə yaradılan bu təşkilatın adı “Əsilzadələr Məclisi”dir. Məclisini başçısı tanınmış yazıçı, keçmiş deputat Maqsud İbrahimbəyovdur. Modern.az saytının əməkdaşı “Əsilzadələr Məclisi”nə baş çəkərək, ordakı ab-havanın necə olduğunu yaxından izləyib.
Hələ ötən əsrin əvvəllərində Azərbaycanda sovet hakimiyyəti qurulmazdan öncələr rəsmən bəy, xan titullu xeyli soylar mövcud idi. Sonralar onlara “xalq düşməni damğası” vurulmaqla var-dövlətləri əllərindən alındı, özləri, ailələri təzyiq və təqiblərə məruz qaldı, bu təbəqədən sürgünə göndərilənlər, güllələnənlər az olmadı. Azərbaycan Əsilzadələr Məclisini yaradılmasında da məqsəd əsli-nəsli bəy-xan olanların şəcərəsinin kimlər olduğunu tanıltmaq, yaddaşlarda qoruyub saxlamaqdır.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, “Əsilzadələr Məclisi”nin yaradılmasına təşəbbüs göstərənlərdən ilki bir zamanlar AzTV-nin məşhur “Dalğa” proqramının aparıcısı İlqar Əlfioğlu olub. Nədənsə, “Əslizadələr Məclisi”də bu ismi kimsə dilə gətirmədi. Maraqlıdır ki, məclisin başçısı Maqsud İbrahimbəyov məhz İlqar Əlfioğlunun dəvəti ilə bu təşkilata gəlib. Elə o vaxtdan da “Əsilzadələr Məclisi”nin sədri olaraq fəaliyyət göstərir.
“Əsilzadələr Məclisində” cansığıcı atmosfer...
“Əsilzadələr Məclisi”nə yollananda tamam fərqli mənzərə ilə qarşılaşacağımı təsəvvür edirdim. Əsilzadələrə məxsus məclisin yerləşdiyi ərazi İçərişəhərin dar küçələrində yerləşdiyindən burda ayrı-ayrılıqda hər bir əsilzadənin dövrünə səyahət edəcəyimi düşünürdüm. Amma, uçulub-dağılan pilləkənlə 3-cü mərtəbəyə qalxanda sovet dövrünə məxsus təmirli otaqlar məni xıyal qırıqlığına uğratdı. Mənzərə ürəkaçan deyildi, heç otaqlarda da canlı ab-hava hökm sürmürdü. Halbuki, “Əsilzadələr Məclisi”nin sədri Maqsud İbrahimbəyov hər dəfə “mənə sual verməkdənsə, məclisə təşrif buyurun!” deyirdi.
Maqsud İbrahimbəyovun işığına kimlər yığışır?
Qarşılaşdığımız mənzərəyə “heyran olan” baxışlarımız sədri axtarırdı. Görəsən, bizi görəndə yenə telefonda dediyi sözləri söyləyəcək?! - “Əl çəkin məndən, rahat buraxın!”.
Narahatlığımız tez bir zamanda keçdi. Çünki məclisin sədri Maqsud İbrahimbəyov yerində yox idi. Bu səbəbdən də söhbəti məclisin sədr müavini Tərlan Quliyevlə etmək qərarına gəldik. Tərlan müəllimin sözlərinə görə heç də əvvəllər “Əsilzadələr Məclisi” belə ab-havada olmayıb.
“Əvvəllər burda daha qaynar mühit var idi. Tez-tez yığıncaqlar təşkil olunurdu. Maqsud müəllim, hər gün bura gəlib-gedirdi. Lakin son iki ildə qaynar mühitdən əsər-əlamət yoxdur. Maqsud İbrahimbəyovun səhhətindəki xəstəlik onun məclisə gəlib-getməsinə imkan vermir. O bura gələndə hər gün ən azı 7-8 nəfər onunla söhbət etmək üçün məclisə yığışırdı. İndi də gəlmək istəyənlər çoxdur. “Əsilzadələr Məclisi”nə üzv olan həmin adamlar telefon vasitəsilə əlaqə saxlayıb Maqsud müəllimin burda olub-olmadığını soruşur. Maqsud müəllimin yoxluğu bura gələnlərin də sayına təsir edib”.
Rüstəm İbrahimbəyov 10 il öncə burda olub
Tanınmış yazıçı Maqsud İbrahimbəyovun heç də özündən az məşhur olmayan ögey qardaşı Rüstəm İbrahimbəyov 2 ilə yaxındır ki, Azərbaycana gələ bilmir. Zaman-zaman mətbuatda iki qardaş haqqında ilginc məlumatlar yazılıb. Hətta Maqsud İbrahimbəyov Rüstəmlə ögey qardaş olduqlarını vurğulayıb.
Şahidlərin gördüklərindən sitat:
“Rüstəm İbrahimbəyov Bakıda olduğu dövrlərdə iki qardaşı tez-tez bir yerdə görmək mümkün idi. Onları nadir hallarda ayrı görmək olurdu. Əsasən də yay vaxtı yaxın dostların bağ evinə yığışmağı sevən İbrahimbəyov qardaşları bir yerdə kabab çəkməkdən xüsusi zövq alırdılar”.
Şahidlərin sözlərinə görə, sonuncu dəfə Rüstəm İbrahimbəyov “Əsilzadələr Məclisi”ə 10 il bundan öncə gəlib. Sonradan mehriban qardaşların yaşadıqları məkan, dost çevrəsi də dağılmağa başlayır. Bu, heç də qardaşlar arasında atadan-babadan qalma mirasa görə baş vermir. Rüstəm İbrahimbəyovun kinorejissorluqdan siyasətə doğru atdığı addımları onun karyerasında uğurlu dönüş yaratmadığı kimi, iki qardaş arasında möhkəm bağların, qardaşlıq tellərinin qırılmasına da gətirib çıxarır. Rüstəm İbrahimbəyovun Moskvada məskunlaşması, Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində müxalif mövqe sərgiləməsi, üstəlik məğlubiyyətə uğraması iqtidaryönlü Maqsud İbrahimbəyovun qardaş sevgisinə mənfi təsir göstərib.
Qardaşı Rüstəm İbrahimbəyovun nə vaxt Bakıya gəlməsi, hətta sağalmaz xəstəliklə mübarizə aparması belə, Mqsur İbrahimbəyov üçün maraqlı deyil.
“Rüstəmlə bağlı mənə heç bir sual verməyin!. Onunla bağlı heç bir şey məni maraqlandırmır”, - bu yaxınlarda Maqsud İbrahimbəyov Modern.az-a belə demişdi.
Göründüyü kimi, İbrahimbəyov qardaşlarının birgə fəaliyyətinə tutduqları yol təsir edib.
Maqsud İbrahimbəyovun “ikinci baharı”
“Əsilzadələr Məclisi”nin sədri Maqsud İbrahimbəyovun iki həyat yoldaşı olub. Birinci qadını adlı-sanlı azərbaycanlı ailənin qızı olsa da, Maqsud İbrahimbəyovun yaradıcılığına o qədər də önəm verməyib. Bu izdivacdan Murad İbrahimbəyov dünyaya gəlib. “Əsilzadələr Məclisi” yaranmazdan bir müddət öncə Maqsud İbrahimbəyov birinci həyat yoldaşından ayrılıb. Bəlkə də, həyat yoldaşının onun yaradıcı fəaliyyətinə biganəliyi ailənin dağılmasını sürətləndirib.
Maqsud İbrahimbəyov ikinci dəfə Pribaltikdan olan model Anna Yuryevna ilə ailə həyatı qurub. İkinci həyat yoldaşı Maqsud İbrahimbəyovun yaradıcılığına xüsusi önəm verib. Belə ki, Maqsud İbrahimbəyovun ikinci xanımı hər dəfə onun əsərlərini oxuduqdan sonra mütləq fikirlərini bildirib. Anna Yuryevna İbrahimbəyova “Əsilzadələr Məclisi”nin də fəaliyyəti ilə yaxından maraqlanıb.
Ağalarovla İbrahimbəyovları nə birləşdirir?
“Əsilzadələr Məclisi” Maqsud İbrahimbəyovun ana babasının evində yerləşir. Vaxtilə İbrahimbəyovların ana tərəfi olan Məşədibəyovlar həmin bu evdə yaşayıb. Məşədibəyovlar məşhur Ağalarov nəsli ilə yaxın qohum olublar. Həm Ağalarov, həm də İbrahimbəyovun əsli qədim Şamaxı torpağına gedib çıxır.
“Əsilzadələr Məclisi”nin maliyyə sirri
Məclisin sədr müavini deyir ki, Maqsud İbrahimbəyov babasının evində icarədə oturub əmlak komitəsinə pul ödəyir.
- “Əsilzadələr Məclisi”ni saxlamaq üçün Maqsud İbrahimbəyov öz şəxsi vəsaitindən pul xərcləyir. Doğrudur, məclisə maliyyə yardımı etmək istəyən bəy nəslinin davamçıları olub. Amma Maqsud İbrahimbəyov belə təklifi heç vaxt qəbul etməyib. Çünki o. yazıçı olduğuna görə pul götürməyi özünə rəva görməyib. Maqsud müəllim qonararlarla dolanıb, Milli Məclisin deputatı olub.
Tərlan Quliyev dedi ki, elə adamlar olub ki, əsli-kökü bəy olmayıb, amma onlara da “Əsilzadələr Məclisi”nə üzvlük şəhadətnaməsi veriblər.
“Məsələn, dünya şöhrətli sənətkar Müslüm Maqomayevə belə şəhadətnamə verilib. Baxmayaraq ki, onun əsli bəy-xan kökündən olmayıb. Amma, onu bütün dünyada tanıyırlar. Bu cür məsələləri nəzərə alıb belə şəxsləri də “Əsilzadələr Məclisi”nə üzv qəbul etmişik”.
Əsilzadələr Məclisi”nin başçısı 80 illik yubileyə hazırlaşmır
May ayının 11-də Maqsud İbrahimbəyovun 80 illik yubileyi olacaq. Amma, səbəbkar üçün həmin tarix elə də əhəmiyyət daşımır:
“Hamı deyir ki, 80 illik yubileyin yaxınlaşır. Nə olsun ki! Nə dəyişəcək?! Çoxlu tədbirlərə dəvət alsam da, səhhətimdəki problemlə əlaqədar gedib iştirak edə bilmirəm. Artıq çox yaşlanmışam. Ad günü, yubiley keçirmək fikrində də deyiləm. 80 illiyimi heç yerdə keçirmək fikrim yoxdur. Yalnız evdə oturacam. Həyat yoldaşım da yanımda olacaq”.
Namidə BİNGÖL