Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez Fətullah Gülənin liderlik etdiyi nurçu camaatının dövlət içərisində yaratdığı “paralel yapı” tərəfindən təhdid edildiyini bildirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mehmet Görmez 2013-cü ilin dekabr aylarında böyük rüşvət və korrupsiya əməliyyatları zamanı nurçu camaatla apardığı danışıqları ilk dəfə olaraq ictimaiyyətə açıqlayıb.Diyanət işləri başqanı paralel hökumətin həyata keçirdiyi əməliyyatlardan sonra Fətullah Gülənin bədduasına diqqət çəkib. Mehmet Görmez bildirib ki, Fətullah Gülən bu hərəkətindən sonra açıqlamalarının bəddua olmadığını cəmiyyətə çatdırmaq üçün adamları vasitəsi ilə ona təzyiq edib.
“Bəddua olmadığı mövzusunda bizdən açıqlama istədilər. Buna görə bir neçə yerdən gəldilər. “Nədir bu, açıqlayın” dedilər və bildirdilər ki, mən bunun bəddua olmadığını bəyan edim. Bir neçə sətir də olsa, açıqlama verməyimi istədilər. Diyanəti yanlarına almağa çalışdılar, ancaq bu olmayınca, üzərimizə gəldilər”,-deyə Mehmet Görməz söyləyib.
Diyanət işləri başqanı qeyd edib ki, məsciddə camaatın bölünməməsi üçün çox səy göstəriblər. Onun sözlərinə görə buna baxmayaraq camaatda güc istəyi önə keçdi və 40 illik əmək hədər getdi.
“Məhəbbət fədaisi olaraq gördüyümüz insanlar qəzəbli fədaiyə çevrildilər. Bu qurumun tarixində qarşılaşdığı ən ağır hadisədir”.
Aqşin Kərimov