Modern.az

Valeh Ələsgərov: “Erməni mətbuatının necə həyasızlıq etməsi həqiqətən heyrət doğurur” - AÇIQLAMA

Valeh Ələsgərov: “Erməni mətbuatının necə həyasızlıq etməsi həqiqətən heyrət doğurur” - AÇIQLAMA

6 May 2015, 17:47

Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq qurumlar bu il mayın 3-də Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “parlament seçkiləri”ni qeyri-legitim hesab etdilər. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəkləndi. Buna baxmayaraq, işğalçı Ermənistanın bir sıra mətbu orqanları növbəti dəfə faktları təhrif edərək, bu qondarma “parlament seçkiləri”ni öz mənafeləri baxımından şərh etməyə çalışırlar.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məsələ ilə bağlı Modern.az-a açıqlamasında Ermənistan mətbuatının saxtakarlığından danışıb:

“Ermənistan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma “parlament seçkiləri”nə həsr olunmuş materiallar dərc olunur. Bu yazılarda “beynəlxalq müşahidəçilər”in “DQR-də seçkilər”lə bağlı müxtəlif fikirlərinə geniş yer verilir.

Məsələn, bu məqalələrdə Ermənistan KİV-in “ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyasının nümayəndəsi” kimi təqdim etdiyi Karin Makdonalds adlı birinin “seçkilər”lə bağlı  bəyanatından danışılır.

Əgər kimsə Karin Makdonaldsa “seçkilər”lə bağlı bu gün və yaxud gələcəkdə aşağıdakı sualla müraciət etsəydi, görəsən o, nə cavab verərdi?

“ Həqiqətənmi Siz “ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyası”nın adından Dağlıq Qarabağdakı “parlament seçkiləri” ilə bağlı hər hansı bəyanat vermisiniz?”

Əgər cavab müsbət olarsa, onda soruşula bilər ki, “siz ABŞ, Meksika və Braziliyanın hökumətləri və ya parlamentləri, yaxud da səlahiyyətli orqanları tərəfindən “beynəlxalq müşahidəçilər missiyası”nın yaradıldığı və sizin də bu missiyanın səlahiyyətli üzvü olduğunuz barədə hər hansı bir sənədi təqdim edə bilərsinizmi?”

İnanın ki, sualın həm birinci, həm də ikinci hissəsinə cavab “xeyr” və bir daha “xeyr” olacaqdı. Çünki Karin Makdonalds və “beynəlxalq müşahidəçilər missiyası”nın digər üzvləri “özünü yalandan  təqdimetmənin” hüquqi və digər nəticələrini gözəl anlayırlar. Ən yaxşı halda, onlar deyəcəklər ki, bu tədbirdə “müşahidəçi” kimi öz “şəxsi təşəbbüsləri”, müəyyən dairələr tərəfindən xüsusi olaraq “şirnikləndirilmiş” digərləri isə deyə bilərlər ki, “ürəklərinin səsi” ilə iştirak ediblər.

Ermənistanın bəzi mətbu orqanlarında “Amerika missiyasının müşahidəçisi” Adris Borgeasın bəyanatından sitatlar gətirilir. Görünür, bu yazıların müəllifləri öz auditoriyasının səviyyəsinə yaxşı bələd olduqları üçün oxucu kütləsinə bu cür saymazyana yanaşır, onlara “Amerika missiyası” adlı müəmmalı bir anlayış təqdim edir.

Sual olunur. Bu, hansı Amerikadır? Amerika Birləşmiş Ştatlarıdır? Yoxsa, Şimalda Alyaska və Nyu Faundlend sahillərindən Cənubda Qorn burnunadək olan Amerikadır?

Sonrası isə daha maraqlıdır. ABŞ-ın “DQR-də seçkiləri”  tanımaması ilə bağlı bəyanatını şərh edən bu “Amerika missiyası”nın nümayəndəsi özünə rəva bilir ki, ABŞ-ın bu mövqeyi ilə razılaşmasın. Cəfəngiyatdan başqa bir şey deyildir. Elə deyilmi?

Aydındır ki, aidiyyəti dövlət orqanları tərəfindən rəsmi səlahiyyət verilmiş heç bir “Amerika missiyası” yoxdur. Əvəzində isə ermənipərəst qüvvələr tərəfindən “şirnikləndirilmiş” müəyyən şəxslərin bəyanatları var.  Erməni KİV-lərinin əllərində başqa fakt olmadığından, bunu  əhəmiyyətli bir hadisə kimi təqdim etməyə çalışırlar.

Eyni fikirləri “Rusiya müşahidəçilər missiyası” haqqında da demək olar. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Rusiya Federasiyası, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədrləri də (Rusiya, Fransa və ABŞ), Avropa Birliyi, NATO, çoxlu sayda digər beynəlxalq təşkilatların və dünya ölkələrinin böyük əksəriyyətinin nümayəndələri kimi birmənalı şəkildə Dağlıq Qarabağda “parlament seçkiləri”ni tanımadıqlarını bəyan etmişlər.

Ermənistan mətbuatı “Avropa Parlamentinin deputatlarından ibarət beynəlxalq müşahidəçilər missiyası”nın başçısı kimi təqdim etdiyi Frank Engelin çıxışlarına və bəyanatlarına xüsusi yer ayırır. Bu, az məlumatlı  auditoriyaya hesablanmış növbəti bir uydurmadır. Əslində isə Avropa Parlamenti və onun rəhbərliyi Dağlıq Qarabağda “parlament seçkiləri”nə müşahidəçilər missiyası göndərməyib və Avropa Parlamentinin deputatlarından heç birinə bu “seçkilər”də adı çəkilən qurumu təmsil etmək hüququ verməyib. Ona görə də Frank Engelin Avropa Parlamentindən “beynəlxalq müşahidəçilər missiyası”nın başçısı kimi təqdim edilməsi ağ yalandan başqa bir şey deyildir. İnanın ki, Frank Engelin Avropa Parlamenti adından danışmaq üçün heç bir səlahiyyəti yoxdur. O, ancaq öz fikirlərini ifadə edə bilər. “Erməni sevgisi”nə baxmayaraq, Frank Engel yaxşı başa düşür ki, o, Avropa Parlamentinin adından danışarsa, təşkilata qayıtdıqdan sonra onu nələr gözləyə bilər.

Erməni mətbuatının necə həyasızlıq və geniş ictimaiyyətə hörmətsizlik nümayiş etdirməsi, öz oxucularına yalan informasiya verməsi həqiqətən heyrət doğurur. Bunu ancaq onların xəstə millətçilik təfəkkürü və utopik “Böyük Ermənistan” xülyası ilə izah etmək olar. Belə uydurma dezinformasiyalarla onlar ancaq özləri kimi düşünənləri  aldada bilərlər”. 

Valeh Ələsgərovun fikrincə, dünya artıq bölgə həqiqətlərindən xəbərdardır. Nəyin doğru, nəyin yalan olduğunu hamı, o cümlədən dünyanın böyük dövlətlərinin siyasətçiləri yaxşı bilirlər. “İnanıram ki, haqq, ədalət gec-tez zəfər çalacaq və Qafqazın bu bölgəsində sülh, əmin-amanlıq bərpa olunacaqdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər