Modern.az

Çağla Muğam bulağı, səsin gur gəlsin

Çağla Muğam bulağı, səsin gur gəlsin

Mədəniyyət

7 May 2015, 17:16

“Muğam Müsabiqəsi-2015” artıq finişə yaxınlaşmaqdadır. Bu sənət yarışmasını əvvəlki dörd müsabiqədən fərqləndirən bir sıra ümumi cəhətlər olsa da birləşdirici, sevindirici və ümidverici ali məqam məhz onunla şərtlənir ki, Azərbaycan gənclərinin qədim musiqimizə, muğama həvəsi, klassik ənənələrə sadiqliyi, bağlılığı yenilməzdir, tükənməzdir. Üzeyr bəyin muğam sənətinin təkmilləşdirməsi, dərsliklər səviyyəsində işləməsi, ifaçılara təmannasız köməyi fonunda bu gün muğamlarımız daha müasir formada, dövlət səviyyəsində qorunur, inkşaf etdirilir, dünya arenasında tanıdılır. Bütün bunlar isə Heydər Əliyev Fondunun prezdenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fədakar, ardıcıl və məqsədyönlü xidmətlərinin məntiqi nəticəsi kimi qəbul edilməlidir.  

 Müsabiqəyə ekran həyatı verən, video-lentin yaddaşında əbədiləşdirən AzTV-nin xidmətlərini də xüsusi qeyd etməliyik. Bu sahədə artıq zəngin təcrübə qazanan peşəkar kollektiv yeniyetmə və gənclərin muğam sahəsindəki istedadının üzə çıxarılması üçün bütün yaradıcılıq imkanlarından əsl peşəkar zövqü, vətəndaş prinsipiallığı ilə istifadə edir. “Mədəniyyət” kanalı direktorunun müavini, Əməkdar incəsənət xadimi Nadir Axundovun müsabiqənin icraçısı və münsüflər heyətinin üzvü kimi qətiyyətli mövqeyi, münsiflər heyətinin digər üzvləri- Xalq artistləri Əlibaba Məmmədovun Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun, Ramiz Quliyevin, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovun bulaq suyu kimi saf səslilərə nəvazişli, müəllim və ata qayğısı ilə süslənmiş yanaşma tərzi, irad və təklifləri də bu səs sahiblərini daha da ürəkləndirir, öz istedadlarını daha rahat geniş  diapazonda təqdim etməyə ruhlandırır. Ustadlarin ifaçılarla humanist davranışı,  musiqiçilərin onları son dərəcə nümunəvi müşaiət etməsi, teleaparıcıların səriştəliliyi, salonda əyləşən söz-sənət xilidarlarının ifaçılara həssas münasibəti müsabiqəni bir kompleks halına gətirir, bütövləşdirir. Hər bir gəncin uğurlu çıxışları isə ilk növbədə sənət korifeylərinin, səhnəyə təzəcə qədəm qoyan ifaçıların müəllimləri olan ustadların ünvanına yazılır. Xüsusən ömrünün 86-cı baharını yaşayan Əlibaba müəllimin ustad dərtslərini müsabiqənin gedişində də davam etdirməsi, bəzən bir ağız muğam şöbəlrindən birini səsləndirməsi auditoriyada yaşanan ab-havanı bütövlükdə böyük səhnəyə də gətirir.


Muğam müsabiqəsinin klassik musiqi sənətimizin inkişafına necə təkan verdiyini, belə müsabiqə qaliblərinin artıq böyük səhnədə necə məşhurlaşdığını faktlarla sübut etmək olar. Babəkin, Ehtiramın, Güllünün, Abgülün, Mirələmin və digərlərinin adalarını çəkmək bu məqamda yerinə düşərdi. Təbii ki, ötən müsabiqələrdə, indiki yarışmalarda da birincilik qazanmaq, öncül yerlər tutmaq istəyində olan gənclər özləri də yaxşı bilirlər ki, liderliyi əslində Azərbaycan muğamı, klassik musiqimiz qazanır. Əgər bu gün muğamımız dünyanın bir çox ölkələrində səslənirsə, bu, ilk növbədə muğam sənətimizi qızıl taxtda əyləşdirən, bu sənətə əbədiyaşarlıq çələngi bağışlayan insanların əvəzolunmaz xidmətləri ilə sıx bağlıdır.

“Muğam Müsabiqəsi – 2015” may ayının axırlarında başa çatacaq. Bulaq isə çağlayır – Muğam bulağı. Qarabağda, Şirvanda, Mildə - Muğanda, Abşeronda böyük səhnədə yerini tutmağı, öz ifaçılıq sənəti ilə minləri, milyonları heyrətə gətirməyi  ürəklərində bir müqəddəs arzu kimi gəzdirən gənclərimiz öz növbələrini gözləyirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI