2015-ci il iyunun 12-28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.
Avropa Oyunları Azərbaycana nə verəcək?
Modern.az saytı bu sualla müxtəlif peşə adamlarına müraciət edib.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə:
“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycanı dünyada tanıtmaq, ölkəmizə Avropanı və dünya ictimaiyyətinin diqqətini cəlb etmək çox önəmlidir. Oyunların Azərbaycanda keçirilməsi də buna imkan verəcək. Əminəm ki, Avropa Oyunları idmançılar, gənclər və qonaqlarla birgə Azərbaycan xalqının möhtəşəm idman bayramına çevriləcək”.
Yazıçı Çingiz Abdullayev:
“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox yaxşıdır. Mən bu oyunları yüksək qiymətləndirirəm. Oyunların Azərbaycanda keçirilməsi xalqımız və ölkəmizin gələcəyi üçün lazımlıdır. Ümumiyyətlə, bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın təbliğatına, mövqeyini bütün dünyaya çatdırmağa kömək edəcək. Çox yaxşıdır ki, I Avropa Oyunları Azərbaycanda keçirilir. Oyunların Azərbaycan keçirilməsini istəməyən şəxslər qoy fikirləşsinlər ki, bunu ən çox ermənilər istəmir. Necə olur ki, onların mövqeyi ilə ermənilərin mövqeyi ə üst-üstə düşür. Bunu fikirləşsinlər”.
Xalq artisti Səkinə İsmayılova:
“Oyunların ölkəmizdə keçirilməsi Azərbaycana hər bir şey verəcək. Deyə bilərəm ki, qonaqpərvər ölkə olaraq biz Avropa Oyunlarına hazırıq. İnanıram ki, Azərbaycana gələcək qonaqları çox yüksək səviyyədə qəbul edəcəyik. Onlar da gözəl fikirlər və xatirələrlə ölkəmizdən gedəcəklər. Şəhərimizin gözəlliyi, onları məsuliyyətlə gözləməyimiz, oyunlara necə lazımdır hazırlaşmağımız yüksək bir nəticə verəcək”.
Azərbaycan Taekvondo Federasiyasının I Vitse-Prezidenti Füzuli Musayev:
“Oyunların Azərbaycanda keçirilməsi beynəlxalq arenada ölkəmizə olan diqqətdir. Belə mötəbər yarışın Azərbaycanda keçirilməsi ölkəmizin hansı pillədə olmasından xəbər verir. Ölkəmizi dünyada çox yaxşı tanıyırlar. Oyunlardan sonra daha da yaxşı tanıyacaqlar. Əsas odur ki, ölkənin gözəl inkişafını görəcəklər.
Düşünürəm ki, bizim təşkilatçılığımız bütün Avropa ölkələri üçün nümunə olacaq. İdman bir siyasətdir. Beynəlxalq arenada Azərbaycana idman ölkəsi deyirlər. Oyunların Azərbaycanda keçirilməsi bizim idman ölkəsi olaraq bir daha təsdiqimiz olacaq. Təbii ki, idmançılarımızın oyunlarda yaxşı nəticələri və qələbələri də bizə ümid verəcək”.
“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı:
“I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram. Düşünürəm ki, Olimpiya Avropa Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verdiyi qərar dövlətimizə olan müsbət münasibətdən irəli gəlir. Hesab edirəm ki, bu Azərbaycana böyük dividentlər gətirəcək.
Oyunların Azərbaycanda keçirilməsi ilə dövlətimiz çox böyük işlər görüb. İnfrastrukturda böyük dəyişikliklər edilib, xidmət sahəsində xeyli addımlar atılıb, çoxlu sayda idman kompleksləri inşa edilib. Bütün bunların hamısı Azərbaycan dövlətçiliyinə böyük bir töhfədir. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin Avropaya inteqrasiyasını daha sürətləndirəcək. Bununla da Azərbaycan Avropa ailəsinə daha da yaxınlaşacaq, əlaqələr qüvvətlənəcək. Azərbaycanın təbliğatı dünyada daha da yaxından tanıdılması üçün geniş fürsətdir. Ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi etməklə bütün dünyada tanıdılmağa, dünya ölkələrinin kanallarında Azərbaycan adının təkrar-təkrar çəkilməsinə, mədəniyyətimizin, xalqımızın adət-ənənələrinin yaxından tanınmasına və təbliğinə çox geniş imkan yaradacaq.
Hesab edirəm ki, Azərbaycana böyük dividentlər qazandıracaq addımların da yeganə müəllifi prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. İnanıram ki, bu oyunlar Azərbaycana böyük uğurlar və nailiyyətlər qazandıracaq”.
Sevinc Yasinqızı