Bu ilin noyabr ayında Milli Məclisə keçiriləcək V çağırış seçkilərdə məmurların, hazırkı deputatların övladlarının iştirak edəcəyi barədə xəbər vermişdik.
Özlərini parlamentdə görə bilməyənlər övladlarını qabağa vermək niyyətlərini artıq gizlətmirlər. Bu barədə Modern.az saytında xeyli fakt mövcuddur. Artıq eks-deputat statusunun bir addımlığında olanlar, yüksək vəzifəli məmurlar övladlarını Milli Məclis dəhlizlərinə aparmaq üçün güclərini səfərbər ediblər. Heç şübhəsiz ki, seçki yaxınlaşdıqca, məmurların deputat mandatı üçün aparacaqları xələf “davası” güclənəcək. Ancaq burada heyrət doğuracaq məqam da yoxdur.Məsələnin başqa tərəfləri var. Məlumdur ki, bir çox məmur, deputat övladının şəxsi biznesi var ki, bu da qanuna görə onların deputat olmasını əngəlləyir. Məsələnin aktuallığı da bundadır ki, böyük biznes şəbəkəsinə sahib olan məmurlar biznesmen övladlarının Milli Məclis üzvü olmaq iddialarını necə təmin edəcəklər?
Əslində, bunun da çox sadə bir izahı var. Seçki vaxtında onların bizneslərindən “imtina” etdiklərini açıqlamaq və hər şeyi qanuni çərçivəyə salmaqla deputat olmaq beləmi çətindir?! Seçici etimadı isə artıq arxa plana keçəcək, çünki əllərində böyük resurslar cəmləşən vəzifə sahibləri üçün mövcud vasitələrlə övladlarının təbliğatını aparmaq çətin olmayacaq. Onların müsbət imicinin formalaşması üçün aparılacaq kampaniyanın effektivliyi kimdəsə, şübhə doğurmayacaq.
Belə olan halda isə parlamentə məmur övladları gətiriləcək və onların iş fəaliyyətinin imkanları bir az da genişlənəcək. Çıxış üçün xələflərə parlament kimi mötəbər tribuna qismət olacaq ya yox, bunu deyə bilmərik.
Kimin çıxış edib-etməməyi artıq ikinci mərhələdir, amma verilən məlumatlar onu göstərir ki, nəticə etibarilə deputat mandatına yeni oğul-qız simalar yiyələnmək istəyirlər. Son məlumatda o da qeyd edilir ki, belə fikirdə olan valideynlər üçün şərt qoyulub, ya biznes, ya da deputat mandatı...
Bu seçim qarşısında kimlərin hansı yolu seçəcəyi isə maraq doğurur. Təbii ki, çoxluq hər ikisini istəyəcək. Seçim ediləcəyi təqdirdə isə hər şeyi gələcək göstərəcək.
Aqşin Kərimov