Haq dünyasına qovuşmuş Tapdıq Cəfərov 1941-1945-ci illərdə, Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq azərbaycanlılardan olub.
Bunun üçün təqdimat da verilib. Azərbaycanın ucqar Kəlbəcər bölgəsindən Böyük Vətən Müharibəsinə yollanan T.Cəfərov uzun və mənalı, qəhrəmanlıq dolu döyüş yolu keçib.
Kəlbəcərdən başlayan bu yol Litvaya kimi uzanıb...
Modern.az saytı bu yazı ilə Böyük Vətən Müharibəsində ad-san qazanmış Tapdıq Cəfərovu oxuculara bir daha tanıdır…
Litvanın faşist işğalçılardan azad edilməsi uğrunda aparılan döyüşlər əsasən 1944-cü ilin iyul-oktyabr aylarında olub. İlk mərhələdə iyul-avqustda Üçüncü Belarusiya və Birinci Pribaltika cəbhələrinin qoşunları respublikanı azad etməyə başlayıblar.
Payızda isə Böyük Vətən Müharibəsinin ən böyük strateji əməliyyatlarından birinin sayəsində Latviya və Estoniya ilə yanaşı, Litva da demək olar ki, tamamilə hitlerçilərdən təmizlənib. Düşmənin əlində yalnız Klaypeda və Nerinq şəhərləri qalıb. Liman şəhəri Klaypeda uğrunda döyüşlər oktyabr ayında başlayıb, yanvarın sonuna kimi davam edib.
Bu döyüşlərdə xeyli həmyerlimiz, o cümlədən Tapdıq Cəfərov da şücaət göstərib, qəhrəmanlıqla vuruşub
Tapdıq Cəfərov haqda portret-oçerkdə yazılanlar…
Tapdıq Cəfərovun iştirak etdiyi döyüş barədə “Azərbaycan gəncləri” qəzetinin 7 dekabr 1974-cü il tarixli sayında dərc olunmuş portret-oçerkdə qeyd edilir:
“…Döyüş sursatı anbarının qarovulçularından diqqətli olmaq tələb olunurdu. Xatın meşəsində almanlar əlverişli mövqe tutmuşdular. Bu, Sovet Ordusunun komandanlığa da məlum idi. Ona görə də 2-3 saatdan bir parolu dəyişdirir, qarovulçuların sayıq olmaları üçün əlavə tədbirlər görülürdü.
Uzun müddət mühasirə vəziyyətinə düşmüş rotadan ancaq 22 nəfərlik qarovulçu dəstəsi sağ qalmışdı. Tapdıq Cəfərovun da arasında olduğu dəstə üçüncü gün idi ki, düşmənə boyun əymirdi
… O gecə Tapdığın növbəsi dəyişildi. Üç gün idi ki, kirpikləri bir-birinə dəyməmişdi. İstirahət köşkünə təzəcə çatmışdı, 40-45 dəqiqə mürgüləmək istəyirdi, ancaq növbətçi zabitin “Qarovul, silaha!” komandası ona mane oldu. Bu, meşədən basqın edildiyini xəbər verirdi.
Bir saata istirahətə gəlmiş əsgərlər yenidən posta doğru tələsdilər. Komandir Cəfərova əmr etdi ki, ratsiyaya cavab vermək üçün köşkdə qalsın. İki gün idi ki, komanda məntəqəsi ilə ratsiya əlaqəsi kəsilmişdi. Anbarda isə starşina Xamzayev qarovolçuların bir-bir sıradan çıxdığı barədə Cəfərova xəbər verirdi. Nəhayət, batalyon aparatı səsləndi. Kimsə vəziyyəti soruşurdu. Tapdıq anbara basqın edildiyini, döyüş dostlarının bir-bir sıradan çıxdıqlarını bildirdi.
…Tapdıq onunla ratsiyada danışan kapitana ancaq bunları deyə bildi: “Döyüşə girirəm, yoldaş kombat, ayrı əlacım yoxdur...”.
Ablikov Tapdığa bildirdi ki, daha iki saat dözməli olacaqlar.
Vəziyyət həqiqətən çıxılmaz idi. Tapdıq sürünə-sürünə posta doğru can atırdı. Şaxtalı səmaya buraxılan ağ fişənglər böyük ərazidə yeri tamam işıqlandırırdı. Hərdənbir anbarn ərtafinda qumbara partlayr, fasilə ilə avtomat səsləri eşidilirdi. Tapdıq yəqin bilirdi ki, bu, sağ qalan yoldaşalrının sayca üstün düşmənə müqavimətidir.
Bir azdan hava işıqlaşacaqdı. Belə şəraitdə təkbətək döyüşə girməyə dəyərdimi? Nə etməli? Kömək yalnız iki saatdan sonra gələcəkdi. Anbarı tutan düşmən yəqin silahı və başqa sursatı ələ keçirəcək, meşəyə daşıyacaqdı. Döyüş dostlarının sıradan çıxmaları Tapdığı az qala dəli edəcəkdi. Nəsə, ağıllı bir hərəkət etmək lazım idi.
O, anbara yaxşı bələd idi. Faşistlər yan tərəfdən çıxış qapısının olmasını yəqin ki, bilmirdilər. Bəlkə... xoşbəxtlikdən anbarın çıxış qapısı onun 15-20 metrliyində idi. Sürünə-sürünə birtəhər qapıya çatıb, içəri girdi. Arxadan cəftəni vurub nəfəsini dərdi. Anbar yerlatı olduğundan onun rütubətli havası vardı. Kibrit yandırıb ətrafı işiqlandırdı. Heç kəs görünmür, heç bir səs eşidilmirdi. Yəqin etdi ki, döyüş dostlarının hamısı məhv olub. Tapdıq dərin mənəvi sarsıntı keçirsə də, özünü ələ ala bildi. Qapının təxminən 15 metrliyində “səngər” düzəldib bir az nəfəsini dərdi. Qəribə idi, eşikdən səs-səmir eşdilmirdi. “Amma köpək uşaqları bu qapıdan içəri doluşsalar, nə yaxşı olar” deyə o düşündü.
Atəş açmaqdan başqa nə kimi qərar qəbul etmək olardı?..
Birdən güclü zərbədən qapı yerindən oynadı. Projektorun gur işığı içəriyə tuşlandı. Lakin anbara kimsə girmirdi. Qısa danışıq səslərindən sonra dəmir dəbilqəli avtomatçılar sıra ilə içəri dolmağa başladılar. Onlara atəş açmaqdan başqa nə kimi qərar qəbul etmək olardı? İlk atəşlə projektoru da sıradan çıxarmaq lazım idi.
Gözlənilmədən içəridən atılan atəş əli avtomatlı almanları çaşbaş qaldı. Qapıya tərfə qaçanlar projektorun işiğında yerə sərildilər. Sonrakı atəş gur işıq fanarını çilik-çilik elədi. Tapdığın başı üzərindən bir neçə güllə vıyıltı ilə keçib haraya isə dəydi.
Bir anlığa araya sakitlik çökdü. O, tərlədiyini hiss etdi. Ürəyi şiddətlə vururdu. Düşünürdü ki, yəqin bu saat içəriyə əl qumbaraları, partlayıcı fişənglər atacaqlar. Saatına baxdı. Bizimkilərin gəlməsinə bir saat qalırdı. Bir saat!
Belə anlarda bir saat bütöv bir əbədiyyətə bərabərdi.
10 dəqiqə keçmişdi. Tank səsi eşidildi. Elə bil anbarı silkələyirdilər. Tapdıq motorun gurultusundan müəyyən etdi ki, bu, “pələng”lərin səsidir. Hava işıqlanırdı. O bunu qapıdan anbarın içinə düşən boz işıq zolağından təyin etdi. Qəflətən tanklar sakitləşdilər. Deməli, dayanmışdılar.
Tankın biri nərilti ilə qapının ağzında dayanıb “eşələndi”. Boz işıq kəsldi. Anbar yenə silkələndi. Torpaq tavan bir neçə yerdən çökdü. Tapdıq açıqca hiss etdi ki, anbarı yerlə-yeksan etmək istəyirlər. Neyləmək olardı?
Bir həftə uçqun altında
Tapdıq bərk yorulmuşdu... Yox, bu hələ hər şeyin sonu deyildi. Anbarı partlatmaq fikrini qəti rədd etdi. Onsuz da hərbi sursat düşmənə çətin ki, qismət olsun. Bizimkilər gec-tez özlərini yetirəcəkdilər.
Tapdıq ayağa qalxdı. İrəliyə yol kəsilmişdi. Geriyə bir neçə addım atdı. Yan tərəfdən keçib bir xeyli addımladı. Ehtiyat qapının harada olduğunu təyin etmək qeyri-mümkün idi. Qulağını torpaq divara söykəyib bayırdan bir səs-səmir eşitmək istəyirdi. Sanki nəhayətsiz bir quyunun dibində idi. Bu səssizlikdən bir an dəhşətə gəldi. Tədricən özünü ələ alıb fikirləşdi. Su içmək istədi. Tez də bu hissi öldürməyə çalışdı. Axı su harda idi? Kürkə bürünüb uzandı. O saat da yuxuya getdi. Nə vaxt oyandığını, nə qədər yatdığını bilmədi. Saatı dayanmışdı. Amma yuxuda o qədər dincəlmişdi ki, dizlərini yerə qoyub Bayraməli bulağından o qədər içmişdi ki...
Ən böyük arzu... su içmək!
Keçə çəkmələrinin donu açıldığından barmaqlarının islandığını hiss etdi. Susuzluqdan yanırdı. Daha yuxusu da gəlmirdi. Deyəsən nəfəs almaq da çətinləşirdi. Kibrit çəkib ətrafa nəzər saldı. Patron dolu yeşiklərdən birini boşaldıb ocaq qaladı. Bir az qızındı. Keçə çəkmələrini qurutmaq istəyəndə gördü ki, onlardan su damcılayır. Sağ əli ilə keçə çəkməsini sıxdı. Sol ovcuna bir qurtum çirkli su damcıladı. Bu an onun ən böyük arzusu elə doyunca su işmək idi. Şəraitin özü onu başqa cür düşünməkdən məhrum etmişdi...
Tapdıq bir müddət günlərin hesabını apardı. Sonra bunun mənasız iş olduğunu bilib keçdi. Kibritə qənaət məqsədilə çalışırdı ki, ocaq keçməsin. Son günlər taxta da çətin yanır, nəfəs almaq da ağırlaşırdı. Görünür, anbarda hava tükənirdi...
Aclıq, susuzluq hissləri bir həftə əzab verdi. Sonra anlaşılmaz baş-bədən ağrıları başladı. Bir dəfə tavanı yarmaq istədi. Taqətdən düşdüyünü hiss edib, bu fikirdən əl çəkdi.
Tapdığı bir ümid yaşadırdı
Lakin Tapdığı bir ümid yaşadırdı: “Bir diviziyanın hərbi sursatını niyə torpaq altında itib-batmağa qoysunlar? Bəlkə anbarın yerləşdiyi ərazi düşmənin əlindədir?” Bu cür fikirlər onun beynini didir, əsəblərini daha da gərginləşdirirdi.
... Anbarın üzə çıxarılmasında Ablikov şəxsən özü iştirak edirdi. Əvvəlcədən əsgərlərə göstəriş verilmişdi ki, hər bir layı diqqətlə, ehtiyatla götürsünlər. Günortaya yaxın əsgərlərdən biri qapını tapdığını xəbər verdi. Kombat ehtiyatla aşağı endi. Tapdıq içəriyə işıq düşdüyünü görüb, tez pulemyotun arxasına sərildi. Gözü qamaşsa da, var gücünü toplayıb qışqırdı:
Kombat sevinclə bağırdı.
- Özününkülərdir, kapitan Ablikovdu, tanıdınmı?!
Anbardan cavab eşidilmədi. Bu səs Tapdığa tanış idi. Daha heç bir söz deyə bilmədi. Taqətsiz halda üzüstə düşdü. Kapitan əsgərin gözünü bağlamağı əmr etdi. Uzun müddət qaranlıqda qaldığından, gözlərinə xətər toxunacağından ehtiyat edirdi.
... Tapdıq xəstəxanada daha çox əzab çəkirdi. Döyüş dostları Berlin istiqamətində vuruşduqları zaman o, həkimlərin, şəfqət bacılarının göstərişlərinə əməl etməyə məcbur idi. Doğurdan da Vyazma, Smolensk, Vitebsk, Minsk, Polotsk, Molodeçno, Orşa, Vilnüs, Dvinsk, Kaunas, Şaulyay, Klaypeda, Könisberq... şəhərlərinin düşməndən təmizlənməsində qanlı döyüşlərdən çıxıb Berlinə girmək ağır idi.
Xoşbəxtlikdən Birinci Belarusiya cəbhəsinin qoşunları Berlinin 500 kilometrliyində mövqe tutan zaman Tapdıq Cəfərov yenidən doğma batalyonuna göndərildi...”.
O Sovet İttifaqı Qəhrəmanı olmalı idi
Tapdıq Cəfərovla bağlı məlumatlardan aydın olur ki, komandanlıq bu cəsur azərbaycanlı döyüşçünün Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi üçün SSRİ Müdafiə Nazirliyinə məktub göndərib. Tapdıq Mehdi oğlu Cəfərovla bağlı həmin məktubda yazılıb: “Tapdıq Mehdi oğlu Cəfərov təkcə bir döyüşdə düşmənin 35 əsgər və zabitini məhv edib...”.
Litvanın Hərbi Komisarlığından təqdim edilən o vaxta aid sənəddə - 240-cı alayın qəragah rəisi kapitan Ablikovun möhürlü arayışında qeyd edilib:
”Tapdıq Mehdi oğlu Cəfərov həqiqətən Qərb cəbhəsinin 49-cu ordusunda vuruşarkən təkcə bir döyüşdə 35 alman əsgər və zabitini qırıb”.
Ancaq Sovet İttifaqı Qəhrəmanı adına layiq olan və haqqında təqdimat verilən azərbaycanlı döyüşçüyə qarşı ayrı-seçkilik edildi…
Tapdıq Cəfərovla eyni hərbi hissədə vuruşan və qəhrəmanlıqla həlak olan xeyli azərbaycanlı vardı. Onlar Litvanın paytaxtı Vilnüs ətrafında, çox mənzərəli bir yerdə dəfn olunublar. Baş daşlarındakı yazılardan məlum olur ki, siravi əsgərlər Ş.Tarverdiyev (1924-1945), M.M.Kərimov (1920-1945), A.S.Davudov (1921-1945), A.A.Əlişanov (1909-1945), İ.Cabbarov (1917-1945), leytenant N.K.İsakov (1908-1945) qələbə ilində həlak olub.
Geriyə - vətənə…
Böyük Vətən Müharibəsi qurtardıqdan sonra Tapdıq Cəfərov bir il Vilnüs Hərbi Qarnizonunun rəisi vəzifəsində işləyib, sonra öz xahişi ilə ehtiyata buraxılaraq, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sərəncamına göndərilib, xəstəliyi üzündən burada işləyə bilməyib.
1946-cı ildə Tapdıq Cəfərov doğma rayonu Kəlbəcərə qayıdıb, rabitə qovuşağının rəisi vəzifəsində işləməyə başlayıb. O, 29 il ki, fasiləsiz olaraq bu vəzifədə çalışıb. Bu müddətdə T.Cəfərov Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub, dəfələrlə SSRİ və respublika Rabitə Nazirliyindən təşəkkürnamə alıb.
Tapdıq Cəfərov 1948-ci ildə rayon sovetinin deputatı, rayon Partiya Komitəsinin üzvü seçilib.
1972-ci ildə Tapdıq Cəfərovun sinəsinə müxtəlif cəbhə ordenləri və medallarla yanaşı, “Oktyabr İnqilabı” ordeni də taxılıb.
O müharibədən sonra əvvəlcə Rabitə Texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rabitə ustası Tapdıq Cəfərov 1973-cü ildə Sov. İKP MK-nın döş nişanına da layiq görülüb.
Böyük Vətən Müharibəsindən sonra uzun müddət əmək cəbhəsində fədakarlıqla çalışan Tapdıq Cəfərov çoxdan haqq dünyasına qovuşub. Tanıyanlar onu vətənpərvər, əməksevər azərbaycanlı kimi xatırlayırlar…