Modern.az

Elmlər Akademiyasının II Dünya Müharibəsinin iştirakçıları olan akademikləri və onların XATİRƏLƏRİ

Elmlər Akademiyasının II Dünya Müharibəsinin  iştirakçıları olan akademikləri və onların XATİRƏLƏRİ

Mədəniyyət

9 May 2015, 15:32

9 May Böyük Vətən Müharibəsində qələbənin 70 illiyidir. 1941-ci ilin iyununda SSRİ-nin müharibəyə qoşulmasından sonra 1945-ci ilə qədər 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı. Onlardan 300 minə yaxını həlak oldu. 

AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi Zapletinin yazdığı “ Vətənə və elmə xidmət etdilər ” adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyli,  Ziya Bünyadov, Həsən Əliyev, Yusif  Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb. Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib.

7 Azərbaycan alimi dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.  AMEA-nın II Dünya Müharibəsində iştirak edən 3 akademiki var ki, onların ikisi vaxtilə Modern.az saytına verdiyi müsahibələrində bu müharibə ilə bağlı xatirələrini danışıblar.

Modern.az həmin akademikləri və onların xatirələrini təqdim edir:


Bu ilin dekabrında 100 yaşı tamam olacaq akademik İsmayıl İbrahimov hazırda AMEA-nın ən qocaman alimidir.

O müharibə vaxtı sıravi əsgərdən batalyon komandirinə qədər yüksəlir. Bu barədə akademikin özü bunları xatırlayır:

Müharibə başlayanda məni də əsgər kimi çağırdılar, amma sonradan götürmədilər. Nəzarət-ölçü cihazları üzrə ilk azərbaycanlı mütəxəssisəm. O sahəni yaxşı bildiyim üçün “Azneft” mənə kurslar açmağı təklif etdi. Kurslar açıldı və mən orada dərs dedim. Müharibənin əvvəllərində ali məktəblərdə oxuyan və çalışanlar orduya cəbhəyə azad idi. Amma tələbat  artandan sonra artıq tələbə və müəllimləri də çağırırdılar.

Beləliklə, məni ikinci dəfə hərbi komissarlığa  çağırdılar.  Harada işlədiyimi soruşdular. Dedim ki, həm “Azərenerji”də, həm də  “Azneft”də işləyirəm. Yenə dedilər ki,  “Azneft”də işləyənləri əsgər aparmırlar. Mən əsgər getmək istədiyimi bildirdim. Beləliklə, orduya getdim. Bir ilə yaxın cəbhədə vuruşandan sonra “Azneft”də işləməyimi əsas gətirərərək, əsgərlikdən azad etdilər. Yenidən Bakıya gəldim, yenidən əvvəlki  işimlə məşğul olmaq istəyirdim. Amma gəlib gördüm ki, əvvəlki müəllim yoldaşlarım artıq burada yoxdur, hamısı ya cəbhədədir,  ya da həlak olublar. O səbəbdən burada daha işləyə bilmədim, yenidən cəbhəyə qayıtdım. Artıq ondan sonra müharibə bitənə qədər vuruşdum. Ali təhsilimi və mülküdəki fəaliyyətimi nəzərə alıb Leninqradda akademiyaya  oxumağa göndərdilər. Adi rabitəçidən başlayaraq batalyon komandirinə qədər yüksəldim. Müharibə qurtarandan sonra da bizi buraxmadılar. Həm peşəkarlığımızı,  həm də ali təhsilimizi nəzərə alıb cəhbədə saxladılar. Sonra biz Sverdlovsk ətrafında döyüşlərdə iştirak etdik və oradan da Yaponiyaya keçdik. Yaponiya ilə vuruşmadan sonra da bir il hərbidə qaldım.

100 yaşlı akademik elə müharibənin gedişi zamanı baş verən maraqlı bir xatirəni də danışır:

“1945-ci il aprel ayının 23-ü idi. Müharibənin qurtarmasına az qalmışdı. Mən o zaman batalyon komandiri kimi telefonun yanında idim. Birinci katib Mircəfər Bağırov, icraiyyə komitəsinin rəhbəri Mirqasımov və Nazirlər Sovetinin sədri Teymur Quliyevin adından teleqram aldıq. Orada bildirilirdi ki, Azərbaycanda sovet quruculuğunun 25 illiyinin tamam olması münasibətilə sizi və nümayəndə heyətinizi bura dəvət edirik.

O zaman biz Azərbaycan diviziyasında döyüşdüyümüz üçün teleqram yalnız bizə göndərilmişdi. Teleqramı diviziya komandirinə çatdırdılar. Ona verdikdən bir neçə dəqiqə sonra məni çağırıb dedi ki, siz 4 azərbaycanlı əsgər götürüb zabit kimi Azərbaycanın 25 illiyinə gedin. Aprelin 28-i bu təqvim qeyd olunurdu. Mən də 4 azərbaycanlı əsgəri götürüb Bakıya gəldim. Bizi çox yaxşı qəbul etdilər. Necə oldusa, bizi Azərbaycanda cəmi bir ay idi yaranan Elmlər Akademiyasına apardılar. Akademiya 1945-in martında ayaranıb. Akademiya prezidenti o vaxt Mirəsədulla Mirqasımov idi. Çox gözəl söhbətimiz alındı. Müharibədən danışdıq. Deməli, mən hələ müharibədə olan zaman akademiya prezidenti ilə görüşdüm. Onunla söhbət çox gözəl təsir bağışladı. Söhbət zamanı baş verən bir hadisə heç yadımdan çıxmır. Telefona zəng gəldi, Mirəsədulla dəstəyi qaldırdı, kiminlə danışdığı məlum deyildi. Mirəsədulla üç dəfə təkrarladı ki, “mən bu qanunsuzluğu edə bilmərəm”.

Telefondakı adam yenə nəsə dedi. O bir də dedi ki, “mən qanunu poza bilmərəm”. Axırda Mirqasımov telefondakı adamın adını çəkdi: “Yoldaş Bağırov, mən bu qanunsuzluğu edə bilmərəm!”, - deyib telefonun dəstəyini yerə qoydu. Sən demə, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla danışırmış və ard-arda bir neçə dəfə “mən bu qanunsuzluğu edə bilmərəm”i də ona deyirmiş. Doğrudur, biz bilmədik ki, onlar konkret hansı qanunsuzluqdan danışırdılar. Amma Bağırova o cür etirazı məndə Mirəsədulla Mirqasımova böyük hörmət yaratdı. Bu mənim akademiyaya bağlanmağımın əsas səbəbi oldu. Sonrakı səbəb isə elmin özü idi. Elm məni özünə çox çəkirdi.  Bax, mənə elmə bu cür gəldim.

II Dünya Müharibəsinin iştirakçısı olan başqa bir akademik isə hazırda Yusif Məmmədəliyev adına Neft və Kimya prosesləri institutunda çalışan 91 yaşlı alim Məhərrəm Məmmədyarovdur.


Onun da müharibə ilə bağlı acılı-fərəhli xatirələri var:

“Mən 1943-cü ilin fevral ayında əsgərliyə getdim. Əvvəlcə Gürcüstana yollandıq. Orada Stalinin əmri gəldi ki, 18 yaşı tamam olmayanları cəbhəyə aparmasınlar. Mənim də yaşım tamam olmamışdı. Bizi Duşeti şəhərinə göndərdilər və orada 6 ay hazırlıq keçdik. May ayında isə bizi Kursk cəbhəsinə göndərdilər. Mən Kurskda iki dəfə yaralandım. Daha sonra Xarkov ətrafında gedən qanlı döyüşlərin birində də ağır yaralandım və 6 ay Saratov şəhərində yerləşən hospitalda müalicədən sonra ordu sıralarından azad olundum, evə qayıtdım. Rus dilini bildiyimə görə “voyenkom” məni gömrükdə işləməyə göndərdi. 1945-ci ildə müharibə qurtardı və biz  gömrükçülərə  SSRİ-nin ayrı-ayrı sərhədlərində işləmək təklif edildi. Mənimlə işləyən moskvalı yaşlı kişi bir məsləhət verdi və onun məsləhətini qəbul etdim. Mənə dedi ki, oxumağın arxasınca getsən, daha çox qazanarsan. Mən o kişinin sözünə qulaq asdım. O zaman da müharibədən qayıdanlar, xüsusən də müharibə iştirakçıları müsabiqəsiz ali məktəbə qəbul olunurdular. Beləcə, mən də universitetə qəbul oldum”.

II Dünya Müharibəsində iştirak edən başqa bir akademik isə 91 yaşlı alim Maqsud Əliyevdir. O, ali məktəbdə oxuyan zaman 1943-cü ildə müharibəyə yollanır və orada sona qədər döyüşür. Qocaman alim hazırda AMEA-nın fizika institutunda çalışır.  

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi