Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı
Dünya bir pəncərədir...
Kimisi sakitcə baxar keçər, kimisi vətən, millət yolunda ömrünü fəda edər, kimisi öz əməlləri ilə adını tarixə yazar, kimisi də insan qanına susayıb qətllərə imza atar...
Xeyir əməl sahibləri, ziyalı şəxsiyyətlər tarixə öz möhürlərini vuraraq millətin qəlbində əbədi yaşayır, günahsız insanları qətlə yetirənlər, məzlumlara zülm edənlər, elin sərvətini çapıb-talayanlar, fəqir-füqəranın haqqını yeyənlər xalqın hədsiz nifrətini qazanaraq, daim lənətlənirlər.
Uzun illərdir tanıdığım və qarşılaşdığım əksər iraqlılar "əl-Mucrim" (Cani), "əl-Cellad" (Cəllad) ləqəbli, Nazim Kazar adlı cinayətkarın törətdiyi çoxsaylı qətllərdən, günahsız insanlara verdiyi tükürpədici işgəncələrdən, həyatının qaranlıq məqamlarından, şər əməllərindən danışırlar. İraqlılar arasında az qala mifə çevrilmiş, dövrünün qalmaqallı siyasi fiquru, qəddar və məkrli şəxsiyyəti sayılan Nazim Kazarın həyatı ilə bağlı tarixi mənbələrdə bir çox faktlar olsa da, bəzi müəmmalı məqamlar hələ də açılmamış qalır...
"Cəllad", "Cani" ləqəbli Nazim Kazar kimdir?...
Arxiv sənədlərində Nazim Kazarın neçənci ildə və harada doğulması barədə rəsmi məlumatlar müxtəlifdir. Bir mənbədə 1930-cu ildə Muntafik (indiki Zi Qar) əyalətinin Nahiyat əl-Fuhud rayonunda kasıb bağban ailəsində, digər bir mənbədə isə, 1940-cı ildə İraqın Meysan əyalətinin əl-Amara şəhərində hərbçi ailəsində anadan olduğu göstərilir. Ümumiyyətlə, arxiv sənədlərində onun ailəsi, atasının kimliyi barədə doğru-düzgün məlumata rast gəlinmir və doğum tarixi, təvəllüdü sual işarəsi ilə qeyd olunur.
Əl-Hul kəndinin yaşlı sakinlərinin dediklərinə görə, yoxsul ailədə dünyaya gələn Nazim Kazarın anası evdar qadın, atası isə bağban idi. Kəndin xurma bağlarında işləyən atası halal qazancı ilə övladlarını dolandırardı. Uşaq ikən anasını itirən Nazimin ürəyinə sanki qəddarlıq toxumu səpilmişdi. O, özündən kiçik qardaş və bacılarını daim döyür, onlara əzab verməkdən xüsusi zövq alırdı. Yeniyetmə çağlarında artıq özünü "qoluzorlu, sözü keçən ağa" sayan Nazimin əlindən bezən kənd əhli, aşirət ağsaqqalları dəfələrlə atasına şikayət edərək oğlu haqqında ölçü götürməsini tələb edirlər. Lakin atasının haqlı məzəmmətlərini qəbul etməyən, böyüklərin məsləhətlərini qulaqardına vuran Nazim yenə öz bildiyini edir, necə deyərlər, "yetənə yetir, yetməyənə də daş atırdı". Günlərin bir günü Nazimin növbəti şər əməlindən qəzəblənən kənd sakinləri onu cəzalandırmaq üçün yaşadığı evi mühasirəyə alırlar. Qəzəbli kütlənin əlindən güclə canını qurtaran Nazimin evdən baş götürüb getməkdən başqa çarəsi qalmır.
Kənddən biabırçı şəkildə qovulan Nazim kriminal aləmə qoşulur, qaçaqmalçılıq, qanunsuz silah ticarəti ilə məşğul olur. 1959-cu ildə "Baas" partiyasının sıralarına qatılan və hökümətə qarşı qiyamçı dəstələrin birinə başçılıq edən Nazim Kazar 1961-ci ildə sərhəd-keçid məntəqəsinə silahlı basqın təşkil edir. O, basqın zamanı iraqlı hərbçini qətlə yetirir və həbs olunur. Hərbi tribunalın qərarı ilə ömürlük həbs cəzasına məhkum edilən cinayətkar xüsusi rejimli həbsxanaya salınır.
Taleyi üzünə gülən cinayətkar...
8 fevral 1963-cü ildə İraqda baş verən hərbi çevriliş nəticəsində general Abdulkerim Kasım hakimiyyətdən devrilir. Hərbi xunta rejimi Abdulkerim Kasım hakimiyyətinin tərəfdarlarına, müxalifət qüvvələrinə qarşı kütləvi repressiyalara başlayır və bu məqsədlə "dövlətə qarşı çıxanlarla mübarizə" şüarı altında "Fövqəladə Hərbi Komissiya" yaradılır. Ölkə gərgin, təlatümlü bir dövrə qədəm qoyur, beş mindən çox insan qətlə yetirilir, on minlərlə iraqlı həbs olunaraq, ağır işgəncələrə məruz qalır.
Hərbi çevrilişdən sonra həbsxanada yatan Nazimin bəxti gətirir. Cinayətkar cəzasını çəkmədən həbsdən azad olur. Həbsxanadan çıxan və paytaxt Bağdada gələn Nazimin ilkin ibtidai təhsili də yox idi. O, axşam məktəbində təhsil almağa başlayır və sonralar pul, mənsəb gücünə Bağdad Texnologiya İnstitutunun diplomunu əldə edir.
Vəzifə pilləsində "fövqəladə sıçrayış"...
Hakim partiyanın "sadiq əsgəri" olan Nazimin tale üzünə gülür. O, yaltaqlıq və hiyləgərliklə hakim düşərgədə "müti" imici yaradaraq, özünə "böyük dayaqlar" tapır və " Fövqəladə Hərbi Komissiya"ya üzv seçilir.
"Məzlumlarla savaşda" göstərdiyi fövqəladə "qəhrəmanlıqlara" və "igidliklərə" görə yüksək hərbi rütbələrlə təltif olunan Nazimin "vəzifə iştahası" çox böyük idi. Nəhayət onun illərdir gözlədiyi gün gəlib çatır... Hakimiyyət tərəfindən yüksək qiymətləndirilən Nazim Kazar 1968-ci ildə "Rayisan əl-Əmn əl-Ammə" (Daxili Kəşfiyyat Xidmətinin rəhbəri) mənsəbinə təyin olunur və bu vəzifədə 1973-cü ilin 30 iyununa qədər çalışır.
"Kasr əl-Nihaya" təcridxanası və "İşgəncələr Kralı"...
Qara kabusa çevrilən, qeyri-insani, vəhşi əməlləri ilə sadə xalq arasında müdhiş xof yaradan Nazim Kazar iraqlıların yaddaşında "İşgəncələr Kralı" kimi xatırlanır. Hərbi çevrilişdən sonra köhnə rejimin tərəfdarlarına qarşı repressiyalarda xüsusi canfəşanlıq göstərən Nazim Kazarın "qara siyahısına" düşənlər "Kasr əl-Nihaya" adlı istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalırdılar. Ac-susuz qaranlıq, havasız, darısqal məkanda saxlanılan məhbusları hər gün qaynar qır üzərində yeriməyə məcbur edən "Cəllad Nazim" həbsxanada xüsusi yağ qazanları qaynatdırır və qaynar yağı onların ağız, burun, qulaqlarına tökməklə işgəncələr verirdi. Şaqqalanan, diri-diri yandırılan, başı kəsilən, gözü çıxarılan, dodaqları tikilən, sümükləri sındırılan dustaqların tükürpədici səsləri ətrafı bürüyürdü. Kəsilmiş bədən hissələri, insan sümükləri, orqanlarla dolu olan və xalq tərəfindən "İşgəncə evi" adlandırılan "Kasr əl-Nihaya"nın hər guşəsi sanki, "ölüm bataqlığına" bənzəyirdi...
Xalq arasında "xəmiri şərdən yoğrulan, xəbis, hiyləgər xislətli, qana susayan qatil" kimi tanınan və insanları diri-diri torpağa basdıran "Cəllad Nazim"in qəddarlığının qurbanı olmuş iraqlılar arasında çalışdığım ali təhsil ocağının müəlliməsi, psixologiya kafedrasının professoru Suad əl-Xadrinin yaxın qohumları da var. Suad xanımın dediyinə görə, Nazim Kazar tərəfindən əzabla öldürülən jurnalist əmisinin harada dəfn edildiyi bilinmir. Həbsxanada işgəncələrə məruz qalan digər əmisi ömürlük şikəst qalıb. Siyasi baxışlarına görə tutulan dayıları isə, edam olunublar.
Düşünən beyinlərin, jurnalistlərin qənimi...
Ölkədəki qanunsuzluqları qələmə alan, höküməti sərt tənqid edən jurnalistlərə, ziyalılara qarşı dəhşətli dərəcədə qəddar davranan və hakimiyyətin "sadiq qulu" obrazını özünəməxsus ustalıqla oynayan Nazim Kazar elin nurlu zümrəsinin, düşünən beyinlərin sözün əsl mənasında, qənimi idi. O, həqiqətləri heç bir vəchlə qəbul etmək istəmir, düz söz deyənlərin dilini, iti qələmi olanların əlini kəsirdi.
Müqəddəs kitab əvəzinə elektrik cihazı...
Kəsərli qələminə, siyası baxışlarına görə həbs edilərək "Kasr əl-Nihaya"da işgəncələrə məruz qalan şair Said əl-Bazzaz uzun müddətdən sonra, nəhayət məhkəməyə çıxarılır. Haqq-ədalətin zəfər çalacağına və bəraət alacağına inanan şairin sevinci yerə-göyə sığmır. Biçarə şair! Sən saydığını say, gör Nazim nə sayır...
Saxta məhkəmə oyununda Said əl-Bazzaza qarşı yalan və qondarma ittihamlar irəli sürülür. Məhkəmə hakimlərinə birbaşa təsir göstərən Cəllad Nazim fövqəladə hiyləgərliyə əl atır. Belə ki, onun əmri ilə məhkəmə salonuna yaşıl rəngli parçaya bükülü Qurani-Kərimin əvəzinə elektrik cihazı gətirilir. Ona qarşı qazılan quyudan bixəbər biçarə şair yaşıl rəngli parçaya bükülü yüksək gərginlikli elektrik cihazını müqəddəs kitab bilərək əl basır. Güclü cərəyanın təsirindən Said əl-Bazzaz beyin iflici keçirir və "Hiyləgər Nazim" xalq arasında belə şaiyə yayır ki, yalan ifadələrinə görə, müqəddəs kitaba əl basan şair Said əl-Bazzaz guya Allah tərəfindən cəzalandırılıb.
Sulfat turşusu ilə yandırılan "İraq Jurnalistlər Birliyi"nin sədri...
Bağdad əhli Cəllad Nazimi təcridxanada dustaqlara qarşı sulfat turşusunu istifadə edən ilk şəxs kimi xatırlayırlar. O, sulfat turşusu ilə bədənləri yandırılan insanların iri siçovullar tərəfindən yeyilməsini xüsusi maraqla izləyir və böyük həzz alırdı. Onu qeyd edim ki, "İraq Jurnalistlər Birliyi"nin sədri Abdulaziz Barakatın məhz bu üsulla həbsxanada işgəncələr verilərək tanınmaz hala salınmasının səbəbkarı məhz Nazim Kazar olmuşdur.
Bağdadın "Kor Xəlifəsi"...
Məxfi sənədləri vərəqlədikcə Daxili Kəşfiyyat Xidmətinə başçılıq edən Nazim Kazarın şəxsi həyatı ilə bağlı bir sıra gizlin məqamlar üzə çıxır. "Vəzifə kürsüsü"nə sahib olduqdan sonra Nazimin əl-qolu daha da açılır, artıq özünü Bağdadın "Kor Xəlifəsi" sayır. Deyilənə görə, Bağdad Televiziyasında məsul vəzifədə çalışan xanımla yaxın əlaqədə olan Nazim dövlət televiziyasına ağalıq edirdi. Dövlət mərasimlərində, rəsmi iclaslarda, yığıncaqlarda böyük nüfuza sahib olması ilə lovğalanan Nazim Kazar "mahir natiq" kimi odlu-alovlu nitqlər söyləyirdi. İraqlılar az qala hər gün xəbərlərdə, televiziya verlişlərində onun "ağayana, qaşqabaqlı" simasını görməkdən bezmişdilər.
Təzyiq, şantaj, təhdid dili ilə danışan Nazimin müğənni və rəqqasələrlə "iş birliyi"...
Qəlbi kin-küdurətlə dolu olan Nazim Kazar özündən başqa kimsənin irəli getməsini qəbul etmirdi. O, göz önündə olan insanların şəxsi həyatlarına müdaxilə edir, müxtəlif yollarla onların "qələmini qırırdı". Ətrafına bir dəstə müğənni və rəqqasələr toplayan Nazim şəhərdən kənar bağ evində "əyləncə gecələri" təşkil edirdi. İçki, musiqi, narkotik vasitələrlə dolu olan məclislərdə hakimiyyət nümayəndələri, nazirlər, müxtəlif vəzifə sahibləri, ictimaiyyət arasında söz sahibi olan məşhur insanlar "qızıl balıq" kimi Nazimin toruna düşürdülər. "Qeyri-əxlaqi vəziyyətdə" fotoşəkilləri çəkilən qurbanlar qorxudularaq şantaj olunurdular. Onun əlindəki faktlar, fotoşəkillər "torpağa basdırılan minaya" bənzəyirdi, istənilən vaxtda hakim düşərgədə, ictimaiyyət arasında partlaya bilərdi...
Doğrunun bağrını yaran oğru...
Evlər yıxan, şər əməllərdən xüsusi zövq alan Nazim Kazarın əlindən qız-gəlinlər Bağdad küçələrinə çıxa bilmirdilər. Yolda qarşısına çıxan gözəl xanımlar onun quldur dəstəsi tərəfindən oğurlanır, izsiz-tozsuz yoxa çıxırdılar. Günün gündüz çağı küçədə zor gücünə qaçırılan qız-gəlinlərə heç kəs yardım edə bilməzdi. Çünki, Nazim Kazarın qarşısına çıxıb söz deyən kəs öz əli ilə qəbrini qazır, sorğu-sualsız yerindəcə güllələnirdi.
Lakin gün gələcək haqq-ədalət zəfər çalacaq və əli xalqının qanına bulaşan Nazim Kazar layiq olduğu cəzanı alacaqdı...
Beynəlxalq qalmaqala səbəb olan qətllərin sifarişçisi...
1972-ci ilin fevral ayında Misirdə beynəlxalq qalmaqal baş verir. Yüksək hazırlıqlı, peşəkar İraq kəşfiyyatçılarından ibarət mütəşəkkil dəstənin Qahirədə ifşa olunması barədə Misir hökümətinin rəsmi məlumatı yayılır. Onlar Misirdə İraq siyasi mühacirlərinə (keçmiş nazirlər, generallar, dövlət xadimləri və s.) qarşı terror aktları həyata keçirməkdə ittiham olunurdular. Cinayətkar dəstənin başında duran şəxs, agentlər arasında "Boz Tülkü" ləqəbi ilə tanınan Nazim Kazar idi. Uzun müddət iki ərəb dövləti arasında böyük siyasi qalmaqal yaşanır. Çünki, Misir dövlətinin təkidinə baxmayaraq, İraq höküməti Nazim Kazarı bu ölkəyə təhvil verməkdən imtina edir. Beynəlxalq qalmaqaldan qalib çıxan "Tülkü Nazim" öz şər əməlləri ilə yoluna davam edir...
Xarıci kəşfiyyata işləyən casus...
Müxtəlif arxivlərdə Nazim Kazarın gizli agent olaraq SSRİ və İran kəşfiyyatına işləməsini açıq-aşkar sübut edən kifayət qədər rəsmi sənədlər, dövlətlərarası gizli yazışmalar var. SSRİ rəhbərliyi, xüsusilə Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən təlimatlandırılan Nazim Kazar xaricdəki himayədarları ilə əlbir olub hakimiyyəti ələ keçirmək istəyir.
Nazimin hakimiyyət məhəbbəti və çevriliş planı...
Gözü ayağının altını görməyən Nazim "sahibi-kürsi" sevdasına düşür və xüsusi çevriliş planı hazırlayır: Şərqi Avropada səfərdə olan dövlət başçısı ölkəyə qayıtdıqda Bağdad hava limanında rəsmi qarşılanma zamanı prezident və nazirlər xüsusi təyinatlı hərbçilər tərəfindən güllələnəcək, strateji əhəmiyyətli nazirliklər ələ keçiriləcək, televiziya və radio ilə bu "tarixi hadisə" xalqa elan olunacaqdı...
Paytaxtda baş verən müəmmalı olaylar...
Bağdad... Hava limanı... 30 iyun 1973-cü il saat 7:50...
Hökümət rəsmiləri dövlət başçısı Əhməd Hüseyn əl-Bakri qarşılamaq üçün prezident təyyarəsini gözləyirlər. Lakin təyyarə bilinməyən səbəblərdən üç saat yubanır və fövqəladə hadisələr baş verir: Bağdad Polis kollecində keçirilən məzunların buraxılış mərasimi zamanı minanın partlaması nəticəsində çox sayda insan yaralanır... Müdafiə naziri Hammad Şihab, Daxili İşlər naziri Saadun Ğidən, prezidentin şəxsi müşaviri, qızının əri evinin qabağından girov götürülür... Qiyamçıların əsas güc nazirliklərini, eləcə də, İraq Dövlət Televiziyasının və Radiosunun binalarını ələ keçirməsi barədə xəbərlər yayılır...
Prezident təyyarəsində yaranan texniki nasazlıq...
Polşaya rəsmi səfəri başa çatdıqdan sonra, İraq prezidenti Əhməd Hüseyn əl-Bakr Bolqarıstana səfər edir. Hava limanında Bolqarıstan hökümətinin rəsmiləri: Jivkov və Tusulov tərəfindən qarşılanan dövlət başçısı Əhməd əl-Bakr kurort şəhəri Varnaya işgüzar nahara dəvət olunur. Bağdadda ona qarşı hazırlanan "sürprizlər"dən xəbərsiz olan prezident əl-Bakrin olduğu təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərrikdə yaranan texniki nasazlıq səbəbindən məcburi eniş edir. Təyyarənin üç saat yubanması Nazimin çevriliş planını pozur və onun hakimiyyət arzusu gözündə qalır...
Asta qaçan namərddir...
Qanlı hadisələri uzaqdan müşahidə edən və gecə saatlarında zəbt etdiyi dövlət televiziyası ilə qələbəsini xalqa elan etməyə hazırlaşan Nazim Kazar son anda məğlub olaraq, qiyamçı dəstəsi ilə qaçmağa məcbur olur. O, İran sərhəddini keçməklə SSRİ-dən siyasi sığınacaq almaq istəyirdi. Törətdiyi ağlasığmaz cinayətlərin altından mahir ustalıqla çıxan və hər zaman qalib olmağa öyrəşən Nazim acı aqibətindən xəbərsiz idi... Artıq ölüm mələyi Əzrayıl onu qarabaqara izləyirdi...
İranla həmsərhəd Zarbatiyah sərhəd-keçid məntəqəsinin yaxınlığında köhnə tikilidə gizlənən Nazim gecə saatlarında İran tərəfə keçmək üçün fürsət gözləyirdi. Lakin hökümət qüvvələri onun gizləndiyi yeri aşkarlayır və xüsusi təyinatlı hərbçilər yarımtikilini mühasirəyə alırlar. Nazimin əlində girov qalan Müdafiə naziri Hammad Şihab, Daxili İşlər naziri Saadun Ğidən və bir neçə yüksək rütbəli hərbçiləri azad etmək üçün hökümət qüvvələri hərəkətə keçir. Nazim Kazarın əmri ilə Müdafiə naziri Hammad Şihab qiyamçılar tərəfindən öldürülür, Saadun Ğidən isə, ağır yaralanır. Bir saata yaxın davam edən atışmada xeyli sayda dəstə üzvlərini itirən və mühasirədən çıxa bilməyən Nazimin təslim olmaqdan başqa çıxış yolu qalmır. Deyilənə görə, biabırçı vəziyyətdə prezident qəsrinə gətirilən canini dövlət başçısı Əhməd əl-Bakr görmək istəmir və köməkçisinə deyir: "Aparın onu layiq olduğu yerə!..."
Edam qərarı...
Hərbi məhkəmənin qərarı ilə edam olunan "Cəllad Nazim" deyilənə görə, biabırçı vəziyyətdə, əzab verilərək öldürülüb. Ümumiyyətlə, Nazim Kazar haqqında xalq arasında müəmmalarla dolu hekayətlər, müxtəlif fərziyyələr dolaşır. Hələ də bu günədək hakimiyyətin "sütun tağı", "vuran əli" hesab olunan Nazimin hansı səbəblərdən "müti" olduğu "sahibi-hökümətə" asi çıxmasını heç kim anlaya bilmir. Pul, var-dövlət, mənsəb əldə edən Nazimin hakimiyyət hərisliyi necə deyərlər, sonda öz başında çatlayır.
Alma məzlumun ahını... "Əl-Mucrim" Nazimin yandırılan evi...
Hakimiyyət uğrunda mübarizədə uduzan Nazim Kazarın hökümət qüvvələri tərəfindən tutularaq hərbi tribunala təhvil verilməsini eşidən Bağdad əhli sevinc içində küçələrə axışır. Uşaqdan tutmuş qocaya qədər, heç kimsəyə rəhm etməyən, qəddar, əzazil insan kimi tanınan Nazimin cinayət əməllərinin qurbanı olmuş insanların yaxınları onun evini mühasirəyə alırlar. Cəlladın evinə od vurmaqla qəlblərindəki acı yanğını qismən də olsa söndürmək istəyən qəzəbli kütlənin qarşını almaq mümkün olmur...
"Tarixin zibilliyinə gedən Cəllad Nazim"...
Saysız-hesabsız günahsız insanların ölümünə bais olan Nazim Kazar kimsəyə rəhm etmədən evlər yıxdı, isti ocaqları dağıtdı, məsum uşaqları yetim, valideynləri övladsız, anaları gözü yaşlı, ailələri başsız qoydu... İnsanlığa sığmayan vəhşilikləri ilə iraqlıların nifrətini qazanan Nazim Kazar "Cellad zəhəb ilə məzbələt tarix" (Tarixin zibilliyinə gedən cəllad) zərb-məsəli ilə xalqın yaddaşında, tarixdə qara ləkə kimi qaldı.