Modern.az

Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - II yazı

Mən - biz, sən - siz, o - onlar barədə deyimlərim - II yazı

12 May 2015, 10:00

filologiya üzrə elmlər doktoru, professor

Müşahidələr göstərir ki, tamahı olmayan, acgöz olmayan, əsasən həyatını eyni şəkildə yaşayan insanlar daha uzun ömürlü olurlar. Kimlərsə acgöz, hər şeyi çapıb talayan insan olursa, onlar ömürlərini başa vurmaqda da sanki tələsirlər. Yadıma görkəmli kamança ustası Habilin müsahibələrindən birində dediyi belə bir məqam düşür. O deyirdi ki, ona görə gümrah və sağlam qalıbdır ki, onun uşaqlıq illəri müharibə dövrünə düşübdür. Mədəsini dünya nemətləri ilə yükləməyibdir. Ona görə də cavan və gümrah qalıbdır.

***

Tamahı çox olan, tamahı artıq olan adamları tamah içəridən yeyir, çürüdür. Onların acgözlüklə qazandıqları əslində onların qazancı deyil, xəstəliklərinin mənbəyidir. Tez-gec acgöz adamların qazancı onları mikrob kimi əhatə edir. Onlar mikrobun əlində əsir-yesir qalırlar. Belələrinin acgözlüyü başqalarını narahat etdiyi kimi, mikroblar da onları narahat edir. Bir də görürsən ki, dünən dövran sürənin birisi bu gün dünyada yoxdur. Yaxud dünən dövran sürən bu gün pis bir vəziyyətdədir.

İnsan ömrü boyu, demək olar ki, hər gün nə iləsə vidalaşmalı olur. Həyat məhz çoxlarının görə və dərk edə biləcəyi səviyyədə olmayan bu cür əzab, əziyyət, məyusluq və itkilərdən ibarətdir. Həyat həm də bunlara görə qəribədir. Bu qəribə həyatı insan ömrü boyu sevir.

***

İnsan həyatda istəsə də, istəməsə də elə adamlar arasında yaşayır ki, onlarla ünsiyyətdə olmalı olur. İstəsə də, istəməsə də onlara əl verib görüşməli olur. İstəsə də, istəməsə də onlarla eyni mühitdə durmalı, oturmalı olur. İstəsə də, istəməsə də onlara inanmalı olur. İstəsə də, istəməsə də, onlardan razı qalmasa da, gerçəkliklə razılaşmalı olur. İnsan özündən asılı olmayaraq və bəzən asılı olaraq belələri ilə ona görə razılaşmalı olur ki, özünü haqlı sayanların bir çoxunun haqsız olduğunu sübut etmək onun üçün baş ağrısından başqa bir şey deyildir. Ədəbiyyat dünya durduqca bu məsələlərdən nə qədər yazsa da, yenə də heç nəyi düzəldə bilməyəcəkdir.

***

Həyatın murdarlıqlarını gördükdə dilimizdəki sözlərin sehrinə etibar edirəm. Sözün sehrində istədiklərimi tapmağa can atıram. Ancaq sözün sehri o qədər yüksək və valehedici görünür ki, o mənə göy qurşağını xatırladır. İnsan sanki göy qurşağının altından keçəcəyinə inanır. Ancaq getdikcə görür ki, göy qurşağının altından keçmək mümkün deyildir. Göy qurşağı insanı aldadıb daha uzaqlara aparır, ancaq nə olsun onun altından keçmək mümkün olmur. Bu mənada sözün yüksək və valehedici sehrinə çatmaq mümkün olmur. Mümkün olsaydı, onda insanlar sözü öz təsirləri altına salardılar. Sözün çiyinləri üzərinə yəhər qoyub onu minərdilər. Onda söz öz müqəddəsliyindən çıxardı. Odur ki, söz əbədi olaraq öz müqəddəsliyindən çıxmayacaqdır. Əgər az-çox sözlə dostluq edib onun vasitəsilə öz sözünü, fikrini, mövqeyini demək istəyənlər varsa, yenə də sözə borcludurlar, yenə də sözdən asılıdırlar. Baxmayaraq ki, dünyada dünya şöhrətli yazıçılar, şairlər var. Dünyada ədəbiyyat üzrə Nobel mükafatı laureatları var. Ancaq onların heç biri sözlərin ən son həddə olan imkanlarından istifadə edə bilməmişlər. Sözün və sözlərin ən son həddə olan imkanlarından istifadə etmək qüdrəti yeganə olaraq Allaha məxsusdur. Bunu Allahın müqəddəs kitabları da təsdiq edir: Qurani Kərim, İncil, Tövrat, Zəbur.

***

Bilmirəm nədənsə bəzi məqamlarda ağ vərəqlərin üzərində xətlər çəkir, həmin xətləri birləşdirir, kəsişdirir, heç özüm də bilmədən qəlbimin və istəyimin çırpıntılarını əks etdirmək istəyirəm. Çəkdiyim bu xətlərdə oxunmalı məqamlar var. Onları özümdən başqa heç kəs oxuya bilməz. O xətlərin içərisində arzularım hərəkət edir, qarşıma çıxan maneələr dəf olunur, dünyanın gəliş və gedişi ani olaraq təhlil olunur.

                                                                                             ***

İnsan ömrü boyu müxtəlif vəzifələri yerinə yetirir. Uşaq olur və uşaqlıq vəzifələrini yerinə yetirir. Sonra yeniyetməlik, gənclik, cavanlıq, qocalıq və s. Bunların hamısı insanın ömründə zəruri və vacib işlərdir və ömrü boyu yerinə yetirdiyi funksiyalardır.

***

İnsan ömrü boyu nəyi görürsə, nə ilə qarşılaşırsa, onu hədiyyə kimi qəbul etməlidir. Bu hədiyyələrin dəyərlisi də var, dəyərsizi də var, əhəmiyyətlisi də var, əhəmiyyətsizi də var. Bu hədiyyələri heç kəs nə bazardan, nə də dükandan alır. Bu hədiyyələri bizə həyatın özü verir. Bizə bu hədiyyələri verən həyata heç nə deyə bilmirik. Olsa - olsa taleyimizdən, alın yazımızdan şikayətlənirik. Əgər hədiyyələr ürəyimizcə olursa, onda da razılıq və məmnunluq hissini gizlətmirik. Bizim hər birimiz həm də bu hədiyyələr hesabına fiziki cəhətdən, görünüş və görkəm baxımından dəyişirik.

***

Həyatın gedişatına gücümüz çatmayanda seyrçi oluruq. Hər şeyi müşahidə etməklə kifayətlənirik.

***

Həyatda ağıllı və səbirli olmağımıza görə çox şeylər əldə etmişik. Bu baxımdan ağlımıza və səbrimizə borcluyuq.

***

Bütün müharibələrin sonunda qalib tərəf bayram edir. Ancaq fikirləşən yoxdur ki, bu mənasız işin mənası nədir?! Yenə də lazımsız şeylərdən ötrü yenidən müharibələr başlayır, qanlar tökülür, insanlar qırılır.

***

Yaxşı yaşamaq üçün yaxşı təhsil almaq lazımdır. Yaxşı yaşamaq üçün həm də sağlam olmaq lazımdır.

***

Diplom almaq üçün yox, savad və bilik almaq üçün düşünmək lazımdır.

***

Azərbaycanlı ailələri uşaqlarını küçəyə oynamağa, məktəbə oxumağa göndərəndə deyirlər ki, get, heç kəsnən işin olmasın, heç kəsin işinə qarışma, çəkil, öz işinlə məşğul ol. Ancaq yəhudi ailələri uşaqlarını küçəyə oynamağa və məktəbə oxumağa göndərəndə dedikləri söz belə olur ki, get, sən hamıdan ağıllısan, hamıdan gözəlsən, hamıdan bacarıqlısan. Bu da nəticədə yəhudi uşaqlarında özlərinə inam yaradır.

***

İstənilən bir məsələyə obyektiv yanaşma var, bir də ədalətli yanaşma var. Bunlar bir - birindən fərqlənir.

***

Beyin azad yox, bilikli olmalıdır.

***

Bəşəriyyətə mərhəmət hissi daha çox lazımdır.

***

Canavar öz ovunu didib parçalayır və özünü ədalətli sayır.

***

Allah insana hansı cəzanı verirsə, bəlkə həmin cəza ilə insana başa salmaq, anlatmaq istəyir.

***

Mənim kitablarım mənim üçün ən qiymətli sərvətdir. Həm öz yazdıqlarım kitablar, həm mənə hədiyyə olunan kitablar, həm də satışdan aldığım kitablar. Bu kitabları yığmağa yer tapmayanda onları bir-birinin üstünə qalaq-qalaq yığmışam. Fikirləşmişəm ki, gen-bol otaqlarım olaydı, mən də bu kitabları səliqəli-sahmanlı yığaydım. Bəzi adamların evində heç kitab yoxdur. Onlar evlərindəki əşyalarla, daş-qaşlarla, qab-qacaqlarla fəxr edirlər.

***

Əgər bilikli insan öz biliyini başqasına öyrətmirsə, onda onun biliyi bilik deyil, bilik qəbristanlığıdır.

***

Yol harada bitirsə, oradan yeni bir yol başlayır.

***

Sənin dalğa bildiyini mən ləpə bilirəm. Sənin dağ bildiyini mən təpə bilirəm. Sənin ümman bildiyini mən çay bilirəm.

***

İnsan özünü, sağlamlığını əbədi olaraq qoruya bilmir. İnsan özünü, sağlamlığını müəyyən müddət ərzində qoruyur.

***

Bu dünyada yaşamaq da o biri dünyaya köçmək də xoşbəxtlikdir.

***

Hər şey dirilər üçündür.

                                                                                              ***

İstedadlı, qabiliyyətli insanlar öz əməlləri ilə kölgə sala bilirlər.

***

Kişi də, qadın da ömrü boyu birini sevir. Baxın son anda kişinin yanında bir qadın, qadının yanında bir kişi olur.

***

İnsan şəxsi həyatını açırsa, ağardırsa, böyüdürsə, hətta hamıya danışırsa, onda belə insanda eyib olan heç nə qalmayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI