Modern.az

“Bakıdan Sumqayıta ikimərtəbəli qatarla gedişhaqqı neçəyə olacaq?” - AÇIQLAMA

“Bakıdan Sumqayıta ikimərtəbəli qatarla gedişhaqqı neçəyə olacaq?” - AÇIQLAMA

12 May 2015, 16:06


“Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşıma üçün “Stadler Railway” şirkətindən 5 ədəd ikimərtəbəli elektrik qatarlarının alınmasını nəzərdə tutub”.

Bu barədə Modern.az saytına Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, bu məqsədlə mayın 13-də “Azərbaycan Dəmir Yolları” İsveçrənin “Stadler Railway” şirkəti ilə “TransCaspian-2015” beynəlxalq nəqliyyat sərgisi çərçivəsində müqavilə imzalanacaq.

Nadir Əzməmmədov bildirib ki, ikimərtəbəli qatarlar sərnişinlər üçün çox əlverişlidir: “Yeganə oturacaq tipli, rahat, komfortlu, kondisionerli qatarlardır. Qatarlarda sərnişinlərin informasiya təminatını yüksək səviyyədə təmin etmək üçün “wi-fi” sistemi olacaq. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Onlardan 84 oturacaq biznes sinfi üçün nəzərdə tutulub. Qatar 4 vaqondan ibarət olacaq ki, onun da təxminən 3 vaqonu adi, 1 vaqonu isə biznes sinfinə aid olacaq”.

Qurum rəsmisi bildirib ki, ümumilikdə “Stadler Railway” kompaniyası ilə 3 müqavilə bağlanıb: “Bunlar Bakı-Sumqayıt arasında istifadə üçün nəzərdə tutulan ikimərtəbəli qatarların alınması, Bakı-Tiflis-Qars dəmir yolu işə düşdükdən sonra 30 sərnişin vaqonunun alınması, həmçinin Gəncədə oturacaq və yatacaq tipli vaqon zavodunun tikintisidir”.

Azərbaycan Dəmir Yolları QSC Bakı-Sumqayıt dəmir yolu marşrutunda gediş haqqı ilə bağlı Tarif Şurasına hələlik müraciət etməyib. Hazırda bu istiqamətdə gediş haqqı 20 qəpik təşkil edir. Gediş haqqı qatarlar ölkəyə gətirildikdən sonra müəyyənləşəcək.

Nadir Əzməmmədov onu da vurğulayıb ki, Avropa Oyunlarına qədər ikimərtəbəli qatarların Azərbaycana gətirilməsi üçün işlər yüksək sürətlə davam etdirilir.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama