2015-ci il 1 iyun tarixindən etibarən nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçirilməsi tətbiq olunacaq.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlamasında Ailə Məcəlləsinə edilən dəyişikliyin son zamanlar yayılan hemofiliya və talassemiya kimi xəstəliklərlə bağlı olduğunu vurğulayıb:“Azərbaycanda bu məsələlərlə bağlı ardıcıl işlər aparılıb, xüsusi qanun qəbul olunub. Qanunun hazırlanmasında, ümumiyyətlə, bu xəstəliklərlə mübarizədə ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyük və danılmazdır. Bakıda yaradılan Talassemiya Mərkəzinin hesabına bu cür xəstə uşaqların ömrünün 7 il uzadılmasına nail olunub. Lakin hadisələrin gedişi bu xəstəliyin tükənmədiyini göstərir”.
Komitə sədri bunu şəxslərin öz genetik faktorlarını, göstəricilərini bilmədən nikaha daxil olmaları ilə əlaqələndirib:
“Tərəflər arasında uyğunsuzluqlar olduqda həmin xəstəliklər ortaya çıxır. Məsələn, bir çoxları nikaha daxil olduqdan sonra bilir ki, tərəflərdə hansısa ciddi xəstəlik var. Qəbul edilən qanun bu problemləri tamamilə aradan qaldıracaq”.
Hadi Rəcəbli onu da bildirib ki, Ailə Məcəlləsinə edilən dəyişiklik nikahı qadağan etmir:
“Yalnız anlaqsız (ruhi xəstə) insanlar istisna olmaqla, bütün xəstəliyi olanların nikahına icazə verilir. Ailə qurmağa hazırlaşan hər iki gənc tibbi müayinədən keçir, daha sonra tibbi arayışlarını müəyyən olunan həkimə təqdim edirlər. Həkim hər iki tərəfi dinləyir və müayinə nəticəsində müəyyən olunan xəstəliklərlə bağlı məsləhət verir, həmçinin nikaha daxil olmaq istəyənləri məlumatlandırdığına dair arayışı imzalayır. Müayinə zamanı qan uyğunluğu qeydə alınarsa, şəxslərə doğulacaq uşaqlarının hansı xəstəlik daşıyıcısı ola biləcəyi izah edilir, hansı yöndə müalicə almaları tövsiyə olunur. Bu çox önəmli məsələdir”.
Komitə sədri məsələ ilə bağlı xüsusi bir məqamı vurğulayıb. O qeyd edib ki, nikaha daxil olanlarla bağlı ortaya çıxacaq hər hansı xəstəliklərə görə məsuliyyət tibb məntəqəsinin və arayışı verən həkimin üzərinə düşür:
“Tibb müəssisəsinə və həkimə konfidensial mövqe tutmaları göstərişi verilib. Həkim və tibb məntəqəsinin seçilməsi şəxslərin öhdəsinə buraxılmır, əvvəlcədən müəyyənləşir, yəni kim hansı rayon ərazisində qeydiyyatdadırsa, oradakı məntəqədə də müayinə olunur. Artıq məntəqələrdə laboratoriya otaqları, hər bir avadanlıq müəyyənləşib. Nəzərinizə çatdırım ki, nikaha daxil olmaq istəyənlər bir ay əvvəl VVAQ şöbələrinə müraciət edən zaman onlardan arayış tələb olunacaq. Arayış təqdim olunmadığı təqdirdə nikah qeydə alınmayacaq.
Qanun Azərbaycan genefondunun qorunmasında, gənclərin dünyaya daha sağlam körpə gətirməsində mühüm rol oynayır”.
Prezident İlham Əliyevin sərəncamı ilə Ailə Məcəlləsində etdiyi dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən qüvvəyə minən qanunla nikaha daxil olmaq istəyənlər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər (Qanunun icrası ilə bağlı məsələlər yekunlaşmadığından məsələ iyunun 1-nə qədər təxirə salınıb). Bunun nəticəsində nikaha daxil olmaq istəyənlərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək.
Qanunla nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikaha daxil olmaq istəyənlərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyənlərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Gülşən RAUFQIZI