Modern.az

Nazir və komitə sədrinin adı oliqarxların istintaqında HALLANDI

Nazir və komitə sədrinin adı oliqarxların istintaqında HALLANDI

Ölkə

15 May 2015, 10:01

Beynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsi ilə götürülən və geri qaytarılmayan böyük məbləğli kreditlər ətrafında qalmaqallı xəbərlərin ardı-arası kəsilmir. Bu məsələyə görə Azərbaycanda tanınmış iş adamlarını həbs edən hüquq-mühafizə orqanları hazırda Beynəlxalq Banka qaytarılmayan kreditlər məsələsini araşdırır.

Modern.az saytı olayla bağlı yeni məlumatlar əldə edib. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən xəbərə görə, “qaytarılmayan kreditlər məsələsi”ndə bəzi nazirlər və komitə sədrlərinin də adı keçir. Artıq bir neçə nazir və komitə sədrinin istintaqa çağırıldığı, hətta onlardan ifadəsi alınanların olduğu da vurğulanır. Qalmaqallı olayla bağlı istintaqa çağırılan yüksək çinli həmin məmurların adları Modern.az-a məlum olsa da, faktı rəsmi qurumlarla dəqiqləşdirə bilmədiyimizdən, onların kimliyini açıqlamağa hələlik ehtiyac görmədik.

Sirr deyil ki, hazırda nazirlik və komitələrə rəhbərlik edən məmurlar dolayı yollarla müxtəlif iri şirkətlərin sahibidirlər. Bu, bir neçə gün öncə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən çıxarılan Rəşad Məmmədovun timsalında bir daha təsdiqləndi. Məlum oldu ki, o, dövlət quqrumuna rəhbərlik etməklə yanaşı, “Azİmport” şirkətinin də sahibiymiş.

Bu baxımdan bəzi nazir və komitə sədrlərinin Beynəlxalq Banka qaytarılmayan kreditlər məsələsinə görə istintaqa cəlb olunması təsüdüfi deyil.

Artıq məlum olduğu kimi, Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılmasının ardından xeyli şirkət sahibi saxlanılıb. “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev, “Avesta Concern" Holdinqin rəhbəri Hacı İbrahim Nehrəmli, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev, Şəkinin sabiq icra başçısı, "BakFen" MMC-nin sahibi Murad Cabbarlı, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilovun istintaqa cəlb olunduğu bildirilir.

Rəsmi orqanlar hələ ki bu məsələlərlə bağlı susqunluq nümayiş etdirirlər. Hər hansı informasiya yaymağa tələsməyən hüquq-mühafizə orqanları mediada yaılan həbs xəbərlərini təkzib etmədiyindən, adları çəkilən oliqarxların istintaq olunduğuna şübhələr qalmır.

Məsələnin ölkə rəhbərliyinin xüsusi nəzarətində olduğu bildirilir...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi