İyun ayının 12-dən 28-nə kimi dünya ictimaiyyətinin diqqəti Azərbaycanın paytaxtı Bakıda olacaq. İlk dəfə baş tutacaq I Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının iştirakı nəzərdə tutulub. Yarışlar zamanı ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb. Yarışlar həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir. Maraqlıdır, kulinarlarımız Azərbaycan mətbəxinin tanıdılması üçün yaranmış fürsətdən necə yararlanacaq?
Modern.az saytının suallarını Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov cavablandırıb:
“Birinci Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında turistlərə, aparıcı otellərdə Azərbaycanın səhər yeməyi təklif olunacaq. Səhər yeməyində xəşil, firni, müxtəlif cemlər, mürəbbələr, pomidor- yumurta xörəyi, şəkərbura, paxlava kimi şirniyyatlar, bal və s. təklif ediləcək. Biz yarışların əhəmiyyətini nəzərə alaraq, aprel ayının 30-da turistləri qəbul etmək üçün yeni bir restoran açdıq. Restoran artıq insanların ixtiyarına verilib, istəyən hər kəs təşrif buyura bilər. Bu, Dərnəgül yolu, Ziya Bünyadov 43 ünvanında yerləşən “Xanədan” restoranıdır”.
Baş kulinarın sözlərinə görə, həmin restoranda Azərbaycanın doqquz tarixi xanlığı və xanlara məxsus yeməklər təklif olunur:
“Menyüdə Azərbaycanın tarixi yeməkləri üstünlük təşkil edir. Həmçinin, doqquz xanın özünün və arvadlarının geyimləri də gələn qonaqların ixtiyarına verilir. Belə ki, istəyə görə şəxslər həmin paltarları geyinib şəkil çəkdirə bilərlər”.
T.Əmiraslanov deyib ki, restoranın menyüsünə Azərbaycanın heç bir yerində verilməyən təamlar daxil edilib:
“Məsələn, Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri, bizim eldə-obada unudulmuş qədim xörəklər təklif edirik. Qiymətlər də Azərbaycanın restoran bazarındakından çox aşağıdır. Həmçinin, gələn qonaqların zövqünü oxşamaq üçün restoranımızda Azərbaycan milli musiqisi - muğam səsləndirilir”.
Gülşən RAUFQIZI