Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə tanınmış şairə Kəmalə Abıyeva doğulub- böyüdüyü yerlər və uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Kəmalə Abıyeva o yerləri, o illəri belə xatırlayır:Yadımda qalanlar
Cənub bölgəsində - Astara rayonunda dünyaya gəlmişəm. Çox kiçik ikən Bakıya köçmüşük. Anam Şəfiqə Əhmədova indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini Stalin təqaüdü ilə bitirən ilk tələbələrdən biri, qızlardan isə birincisi olub. Görkəmli alim olan A. Abbaszadə, eləcə də bir çox müəllimləri aspiranturada qalmasını istəyirmiş. O isə tələbə vaxtı bibim Rəfiqə xanımla bir otaqda qalır və beləcə atamla tanış olur. Sonra evlənirlər və Astarada yaşayırlar. Amma yenidən Bakıya qayıdıb aspiranturaya daxil olur.
Valideynlərim ikisi də müəllim olub. Atam Aydın Abiyev idmançı olub, sonralar müəllim, məşqçi işləyib. Çox yaxşı qarmon ifaçısı idi, o bölgədə çox məşhur olub. Anam alim olub, ömrünün sonunacan AMEA-da, ADPU-də işləyib.
Mənim kəndim Bakıda, o vaxt Papanin adlanan küçədə dalan 32-dəki kiçik mənzilimiz olub. Evin böyüyü idim. Anam harada, mən də orda olardım. Anam aspiranturada oxuduğundan, həm də işlədiyindən bacılarıma daha çox ana nənəm baxıb. Əslində uşaqlığımı az xatırlayıram. Elə də xoşbəxt, fərqli uşaqlıq illərim olmayıb. Olanlara razılaşan biri olmuşam. Heç şikayət edənləri də başa düşmürəm. 50-ci illərin gəncləri ən ağır müharibənin uşaqları, biz də onların övladlarıydıq. Uşaqlıqda da sanki bunu anlayırdım. Necə olmalıydı? Yağ-bal içində böyüməliydik?!
Təbii ki yox! Amma hamı oxuyurdu. Təhsil birinci yerdəydi. Anamgil beş uşaq olub, atamgil yeddi. Hamısı ali təhsilliydi. İndi də düşünürəm, necə bacarıblar? O çətin günlərdə yarıac necə oxuyublar, övlad böyüdüblər, seviniblər. Mən sosializmi çox sevirəm.
O günlər üçün çox darıxıram. Onda elə bil hamının güvəni vardı: təhsil, səhiyyə pulsuz, ev növbələri vardı, dövlət ev verirdi hamıya. İndi düzgün diaqnoz almaq üçün ən azı 200-300 manat xərcləməli olursan. Sonucun dəqiq olması da sual altında qalır. Bütün dünya ədəbiyyatını oxuyardıq. Kapitalizmi bizə sovet təhsili öyrətmirdi, əsərlər öyrədirdi. Bilə-bilə onu necə qurduq, indiyəcən anlamıram...
Nifrətim
Kasıb müəllim ailəsi idik. Atam yeyib-içən olub. Ağırlıq anamın çiyinlərinə düşüb. Böyüdükcə bunu daha çox anlayırdım. Yəqin atam özü də yaşa dolduqca anlayırdı . Bir dəfə əllərimdən tutub “bağışla” dedi. Ona heç vaxt heç nə deməmişdim, onda da demədim. Yadımda həyatımıza soxulan, çətinləşdirən Cavahir adlı qadın qalıb. Cavan olanda olaylara o qədər ağrılı yanaşmırdım. Amma indi... Nifrətdən uzağam, tanıyanlar da bilir, deyirlər, hətta çox kinsizəm.
O qadınasa nifrət edirəm. Onun baxdığı, toxunduğu nə varsa, danışdığı kim varsa, görmək istəmirəm. Əslində bir insanın bədbəxt olması üçün kifayət edəcək günlər yaşayıb. Yerinə kim olsa, başını qaldırıb gəzə bilməz, o isə arsızcasına yaşayır. Təəssüf ki, belə cəvahirlər var. Atam sağlam görünsə də, 54 yaşında öldü.
İndi fikirləşirəm, özü elədiklərinin ağrısını hamıdan çox çəkib. Dözə bilmədi yəqin. Ən ağırı insanın özü özünü bağışlaya bilməməsidir.
Əslində mən...
Mən əslində Azərbaycanı birləşdirirəm. Ana nənəm qazaxlı idi. Ona görə çoxları bizi qazaxlı bilib. Babam ordubadlı olub. Qardaşları Qaçaq Nəbinin dəstəsində vuruşduğundan evin kiçik oğlunu - babamı birtəhər Qazağa qaçırıblar. O da Qazaxda ordubadlı Hüseyn kimi yaşayıb. Yaxşı pul qazanıb, müharibə illərində çoxlarına kömək edib. Maraqlı adam olub. Nənəmə tar müəllimi tutub, atelye açıb.
Çox kasıb uşaqların oxumasına yardımçı olub. Atamgil Bakıda məşhur bayıl Əhmədin nəvələridir. Nənələri Qubadan Fətəli bəyin qızı Səkinə xanım idi. Bibim Rəfiqənin oğlu Kamran Nəzirli (gözəl yazıçımız, dilçi) şəcərəmizi yazıb. Əslində Azərbaycanın bu başından o başına hər yer mənim kəndimdi -Azərbaycanı birləşdirirəm. Mən bu torpağı bütöv sevirəm, “haralısan”sualı mənə yaddır. Bura mənim vətənimdi, onu tam görmək istəyirəm.
Bakı
Amma Bakı daha doğmadı. Əvvəllər karamel fabriki vardı, onun yanında 14 nömrəli məktəbdə oxumağa başlamışam. Sonra bizə də Yasamalda AMEA-nın işçiləri, ali məktəb müəllimləri üçün tikilən binalarda mənzil verdilər. Sonradan Yaxınlıqdakı indiki 52 nömrəli məktəbdə oxudum. Həmin məktəbin məzunuyam. Çox sevimli və nümunəvi şagird olmuşam. Bütün fənlərdə birinci idim, amma dil-ədəbiyyatı seçmişdim, anamın fizika-riyaziyyata bağlılığı buna mane oldu. Sənədlərimi fizika fakültəsinə verdi. İnadkar idi.
Ədəbiyyat müəllimim Rəhilə xanım biləndə, az qaldı ağlasın, anamla tələbə yoldaşı olmuşdu. Xeyli yalvardı. İnşalarım əl-əl gəzirdi, bütün məktəb oxuyurdu. Direktorumuz İsgəndər müəllim də ədəbiyyatçı idi, o da çox dedi. Yeganə şagird idim ki, rayon, şəhər yoxlamalarında inşalarımın 5/5 qiyməti düşməzdi. O vaxt əlaçıların yazıları xüsusi yoxlanardı. Sözəbaxan idim çox. Mübariz deyildim. Düşündüm ki, ikinci təhsil alaram, qoy anamın arzusunu yerinə yetirim. O vaxtlar ali məktəbi qurtaranda hökmən təyinatla işləməli idin.
Abşeron rayonunda indiki Müşfiqabad qəsəbəsində işlədim. Müəllimliyi, məktəbi, şagirdlərimi çox sevdim. O vaxt ora Vodakaçka adlı kiçik bir kənd idi. Uşaqlar məktəbə gəlmirdilər. Özümü Almaz kimi hiss edirdim. Evlərə gedirdim, onları məktəbə gətirirdim. Neçə dəfə şəhərə tamaşaya, sirkə, gəzintiyə gətirmişdim, ayaqlarında qaloş. Bir ibtidai sinif müəlliməsi vardı, elə orda yaşayırdı, hey deyərdi: “Ay qız, gözəl şəhərli qızısan, bu uşaqları necə yanına salıb şəhərə aparırsan?” Mən isə xoşbəxt olurdum. Kiçik bir dükan vardı kənddə, o kasıb uşaqlar hamısı 8 martda mənə “Şipr” və “Krasnaya Moskva” adlanan ətir almışdılar, yəni ancaq onlar vardı dükanda.
1980-ci ildən Yasamal rayonundakı 31 nömrəli məktəbdə işləyirəm. Bütün həyatım Bakı ilə bağlıdır. Bəlkə ona görə Bakı daha doğmadır. Harada olsam, Bakını özləyirəm: Dalanları dolaşıqdı, küçələri qarışıqdı. Qoşa qala qapısı da heç vaxt ondan ayrılmayan Gözlərimdi elə bil ki. Saçlarıma sığal çəkən neft qoxulu küləkləri Ürəyimdə hey dolaşan hələ deyə bilmədiyim sözlərimdi elə bil ki. Səadətim doğma Bakım mənim sirli dünyamsan sən. Uşaqlığım, gəncliyimsən. Qum üstündə şanılar tək xumarlanan dincliyimsən.
Ordubad
Dəmir yolu açıq olanda tez-tez Ordubada gedərdik. Bütün tətillərimiz, demək olar, orda keçirdi. Anamın yeganə bibisi orda yaşayırdı. Çox nurani idi. Bizi çox sevərdi, gəlişimiz onlar üçün bayram olardı. Düzdür, Qazaxda da çox olmuşuq, amma Ordubaddakı günlərim daha əzizdir. Anam Qazaxda doğulub, böyüsə də ömrünün son illərində Ordubadı arzulayırdı. Yaşlı idi, sağlam deyildi, indiki yolla getmək çətin idi. Amma getdi. Bir il sonra dünyasını dəyişdi. Elə bil Ordubadla, oradakı doğmaları ilə vidalaşmağa gedibmiş. Onda düşündüm ki, ata yurdu deyilən ifadə doğru imiş. Bəlkə buna görə ötən yayda birdən-birə Astaraya getmək, o yerləri görmək istədim. Qohumlarım olsa da, çox getmirəm. Anamın yaxın dostu, tələbə yoldaşı olan Rəfiqə bibimin uşaqları daha doğmadı mənə. Bacımla elə onun nəvəsi Anarın evinə getdim, gözəl də xanımı, ailəsi var. O qədər isti, mehribandırlar ki... Necə darıxmışdımsa, yayda iki dəfə getdim Astaraya. Hətta bu yay da getmək keçir ürəyimdən.
Bir uşaq boylandı xatirələrdən...
Uşaqlıqda, tələbəliyimdə Qazaxda da çox olmuşam. Nənəm sağ olanda tez-tez gedərdim. Səməd Vurğun küçəsində babam Hüseyn kişidən qalma böyük həyətimizi, kərpic evimizi, evin qarşısında iki böyük tut ağacını indi də unutmuram. Meyvəli, güllü-çiçəkli bağı meşəyə oxşayırdı. Bağ qaymaq çiçəyi ilə örtülərdi. O qədər yasəmən, qızılgül, zanbaq olardı. İndi də yasəməni çox sevirəm. Bəlkə o illərin xatirəsi kimi, bilmirəm. Bəlkə çox az olduğu üçün. Uşaqları şəhərdə oxuyub, işlədiyi üçün nənəm tək qalırdı. Evi satdılar, onu Bakıya gətirdilər. Qala bilmədi. Bakıda özünü lap tənha hiss edirdi. Rayon, kənd başqadır. Orda insanlar daha mehribandır. Yenidən ev aldılar Qazaxda. Amma mən həmin qaymaqçiçəkli həyəti xatırlayıram. 90-cı illərdə Qazağa getmişdim. Səməd Vurğun küçəsinə getdim, öz doğma baba evimizi tapdım. Darvaza açıq idi, içəri keçdim. həyətə baxdım, baxdım... Əliuşaqlı bir qadın vardı. “Kimi axtarırsan?” - deyə soruşdu. Nəsə bir ad dedim. Bir-neçə dəqiqə ləngidim. Qadınsa hey danışır, mənə kömək etməyə çalışırdı. Sağollaşıb çıxdım. Yamanca kövrəldim.
Bütün yolu ağladım:
Qayıtdım yenə də uşaqlığıma,
Xəyalım o ötən illərə döndü.
Babamın kənd evi düşdü yadıma
Könlümdə gör neçə xatirə dindi.
Yadıma düşdükcə ötən günlərim
Özüm də kövrəldim, xatirələr də.
Yadıma salaraq ötən günləri
Bir uşaq boylandı xatirələrdən.
Yasəmən ağacı, zanbaq kolları,
Həyəti bəzəyən qamaqçiçəyi.
O kəndin palçıqlı, daşlı yolları
Sandım ki, hələ də məni gözləyir.
Getdim mən o kəndə, getdim yenə də,
Necə doğma idi cığır da, iz də.
Bir həsrət asıldı kipriklərimdən,
Sanki kövrəlmişdi kənd evimiz də.
Bir gəlini gördüm bulaq başında,
Gülümsər gözləri necə tanışdı.
Sandım uşaqlığım durub qarşımda
O gözlər bir anda nələr danışdı...
Nənəmdən xəlvətcə kal meyvələri
Necə dərməyimiz yadıma düşdü.
Yığıb donumuzun ətəklərinə
Gizli yeməyimiz yadıma düşdü.
Gəzərdik bağları tutub əl-ələ,
Güllərin ətrini birgə duyardıq.
Hərdən xınagülü yığıb həvəslə
Təzə gəlinlərtək xına qoyardıq.
Unudub illəri, özüm özümü
Elə uşaq olmaq istədim ki, mən.
Şirin bir duyğuyla yumdum gözümü
Gizlənqaç oynamaq keçdi könlümdən.
Yadıma düşdükcə ötən günlərim,
Özüm də kövrəldim, xatirələr də.
Yadıma salaraq ötən günləri
Bir uşaq boylandı xatirələrdən.
Böyüdüm
Beləcə böyümüşəm. Gözəl tələbəlik illəri yaşamışam. Şagird kimi, tələbə kimi fərqli olmuşam, sevilmişəm, seçilmişəm. Həmişə ictimai fəal olmuşam. Məktəb, fakültə, institut divar qəzetlərinin redaktoru olmuşam. Onda bu çox önəmli “vəzifə” idi. İlk şeirlərimi də belə yazmağa başlamışam.
Yəni maraqlı olub. Şagirdlərim də məni çox sevib, hətta deyərdim fanatcasına sevgilər olub. “Qəlbimin sultanı”, “Şəxsiyyətim”, “Ürəyim”, “Yeganə insan” ...nə bilim çox sözlər deyiblər. Son kitabımda bəzilərinin sözlərini qısaca vermişəm. Bəlkə bu sevgi məni onlardan - məktəbdən ayrılmağa qoymayıb.
Müəllimə işləsəm də, qəzet-jurnallarla əməkdaşlıq edirdim. 80-ci illərdə Azərbaycan televiziya-radio şirkətində bir çox şöbələrlə çalışırdım.
Sonra Gənc Yazarların Respublika ədəbi birliyi... Bu birlikdə ötən günləri lap çox xatırlayıram. O vaxt ilk rəhbərimiz Vaqif İbrahim heç yadımdan çıxmır.
O illərdən qalan doğma sandığım insanlar var ömür yaddaşımda: Vaqif İbrahim yol qəzasında dünyasını dəyişəndən sonra Birliyin rəhbəri Məmməd İsmayıl, o dövrün cavan yazarları Paşa Qəlbinur, Əbülfət Mədətoğlu, Vaqif Bəhmənli, Əjdər Ol, Qardaşxan Əzizxanlı, Maarif Soltan, Məhərrəm Qasımlı, Ağacəfər Həsənli, Zülfüqar Şahsevənli, Dayandur Sevgin, Maşallah Məftun və bir çoxları. O illər çox əzizdir mənə. Ayda bir-neçə dəfə Vaqif İbrahimin məsul katib işlədiyi “Göyərçin” jurnalındakı otağına toplaşardıq, şeir-hekayələr oxuyardıq, müzakirə edərdik, müxtəlif yazıçı və şairlərlə görüşərdik, onlar da bizim müzakirələrdə iştirak edirdi. Beləcə böyüdüm, beləcə yaşadım, beləcə ...
Elmin NURİ