Modern.az

“Qarabağ bütün Azərbaycanındır, işğaldan birgə azad etməliyik” – Qarabağdan olan deputatlar

“Qarabağ bütün Azərbaycanındır, işğaldan birgə azad etməliyik” – Qarabağdan olan deputatlar

16 May 2015, 13:24


QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” Beynəlxalq Kampaniyası çərçivəsində yaradılan Media İşçi Qrupu Ermənistanın işğal etdiyi bölgələrimizin anım günlərinin formatını dəyişməklə bağlı müraciət edib. Müraciət bütün dünya azərbaycanlılarına ünvanlanıb. Media İşçi Qrupunun, eyni zamanda  Modern.az saytının rəhbəri Elşad Eyvazlı bununla bağlı  bildirib:

“Hazırda yalnız işğal günləri həmin bölgələrin sakinləri toplaşaraq bu günü qeyd edirlər. Niyə yalnız həmin bölgənin sakinləri? Şuşa yalnız şuşalıların deyil, bütün azərbaycanlılarındır.

Digər işğal olunmuş rayonlar da həmçinin. Müraciətimizin məqsədi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bu məsələyə həssas yanaşmasını rica etməkdir. Hər bir azərbaycanlı özünə sual versin ki, o, Qarabağ üçün nə edib. Hər bir azərbaycanlı bu məsələdə özünün məsuliyyət daşıdığını unutmamalıdır. Rayonlarımızın işğal günləri bütün azərbaycanlılar tərəfindən anılmalıdır”.

Modern.az saytı işğal olunan rayonları təmsil edən deputatlardan bu çağırışa münasibət öyrənib.

Laçın rayonun deputatı Nazim Fərəcov:

“Elə də olmalı idi. Laçın və ya Şuşa tək oranın sakinlərinin deyil. Qarabağsız Azərbaycan olarmı? Bütün Azərbaycan torpaqlarının geri qayıtması üçün can yandırmalıdır. İşğal olunmuş torpaqlarımızı geri almaq üçün bütövlükdə Azərbaycan çalışmalıdır. Çünki həmin yara tək laçınların və ya şuşalıların deyil, bütövlükdə Azərbaycanın yarasıdır. Şuşa və Laçın getdisə, deməli Azərbaycan parçalandı. Torpaqlarımızın geri qayıtması üçün hamımız maraqlı olmalıyıq”.

Xocalı rayonun deputatı Elman Məmmədov:

“Bu müraciəti alqışlayıram. Mənim bu məsələyə münasibətim əvvəldən başqa formatdadır. Yəni biz Azərbaycan xalqı olaraq qəbul etməliyik ki, Xocalı, Şuşa və ya Laçın təkcə oranın sakinlərinin deyil. Qarabağın hamısı bütöv Azərbaycanındır. Azərbaycanda yaşayan və yaşamayanların da hamısına bu problemlər aiddir. Həm torpaq, yurd, işğal, anım, həm də soyqırım günü hamıya aiddir. Mən həmişə istəmişəm ki, həmrəy olaq. Bütün xalq olaraq anım günlərini birlikdə keçirtməliyik. Kənardan baxanlar bizim həmrəylimizi görməlidirlər. Onlar da bizim dərdimizə şərik olmalıdırlar. Mən bunu belə qəbul edirəm. Mən həmişə digər rayonların işğal günlərində iştirak edirəm, əlimdən gələn köməkliyi göstərirəm”.

Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev: “Bu çox gözəl ideyadır. Torpaqların işğal olunması ümumxalq anım günü olmalıdır. Hər bir azərbaycanlı təkcə anım günlərində Qarabağı yad etməməlidir. Azərbaycanlılar həmişə Qarabağı yadında saxlamalıdır. Bizim ermənilərlə də düşmənçiliyimiz əbədidir. Çünki Qarabağ bölgəsində baş verən soyqırımları həmişə xalqımızı ürəyində olacaq. Düşməndən də qisasımızı alacağıq”.

Ağdam rayonunun deputatı Bəxtiyar Sadıqov:

“Çox təəssüf ki, biz yalnız qara bayramları dırnaq arası qeyd edə bilirik. İşğal günü olanda hər rayonun özü müəyyən formada anım keçirir. Bunun əsas mərasimlərindən biri şəhidlərin qəbirlərini ziyarət eləmək və xatirələrini anmaqdır. Sonrakı vaxtlarda artıq filmlər çəkildi, ayrı-ayrı görüşlər keçirildi.

Yəni çalışırlar ki, hər il müəyyən qədər dəyişiklik olsun. Amma bütün bunların heç biri o torpaqların özünün əvəzini vermir. Məndə ona tərəfdaram ki, anım mərasimlərində məzmun dəyişikliyi olsun. Yəni daha çox vətənpərvərlik duyğuları oyatmaq, gəncləri tərbiyə etmək, torpağa məhəbbət aşılamaq, şəhid olmuş şəxslərin xatirəsini əziz tutmaq hissini aşılamaq lazımdır. Eyni zamanda, onlarda o hiss və duyğunu aşılmayıq ki, sülh yolu ilə olmasa belə biz hökmən torpaqlarımıza qayıdacağıq. Biz döyüşərək, qanımızla, canımızla o torpaqları azad edəcəyik.

Məncə, bütövlükdə xalqımızı bu cür tərbiyə edən, ruhlandıran, göz yaşından daha çox qələbə və döyüş əzmi, torpaq uğrunda mübarizə aparmaq kimi mərasimlər effektli olar”.

Sevinc YASİNQIZI  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama