Modern.az

Zərdabi belə deyərdi – “Mətbuatın müəyyən qüvvənin maraqlarının tərənnümçüsünə çevrilməsi adi hal alıb” - RUBRİKA

Zərdabi belə deyərdi – “Mətbuatın müəyyən qüvvənin maraqlarının tərənnümçüsünə çevrilməsi adi hal alıb” - RUBRİKA

Media

16 May 2015, 13:31

 

Modern.az saytının “Zərdabi belə deyərdi” rubrikasında əsasən bu günün jurnalistikasına və onun problemlərinə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirən Həsən bəy Zərdabinin gözü ilə klassik baxış öz əksini tapacaq. Rubrikada Zərdabi ilə bu günümüz arasında təcrübə və peşəkarlıq qazanan jurnalistlər körpü yaradır.  

Rubrikanın budəfəki qonağı “Azadinform”  İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevdir.  

Onun fikrincə, Azərbaycan mətbuatının əsasını qoyan böyük Həsən bəy Zərdabi bu problemləri qabardardı:   

Problem – 1.

Ənənəsizlik. Mətbuat ənənəsiz inkişaf edir... 

Həsən bəy Zərdabi azad sözə xidmət etmək istəyirdi, amma azad deyildi, ruhu da, düşüncəsi də, fikirləri də zəncirlənmişdi. O, “Əkinçi”nin səhifələrini gah ədəbiyyat, gah incəsənət, gah da təsərrüfat həyatı ilə zənginləşdirərək milləti bu yolla ağ günə çıxarmağa çalışırdı. Bu gün də zühur etsə, azad sözdən başqa bütün məsləklərə xidmət edən müstəqil mətbuatımızın halından pərişan olardı. Zərdabi zamanında pul tapa bilmirdi, bu gün isə pullar çox asanlıqla redaksiyaların qapılarını “döyür”. Amma nə xeyri? İstər elektron kütləvi informasiya vasitələri, istər internet media, istərsə də ayrı-ayrı nəşrlər dinləyici və oxucu auditoriyasının tələbləri kontekstindən maksimum çıxış edə bilmir. Əslində bunun səbəbi sadə olduğu qədər də mürəkkəbdir. Kifayət qədər intellektual potensialla bərabər, müasir texniki avadanlıqların da mövcud olduğu şəraitdə ictimai tələblərin ödənilməməsi təəssüf doğurur. İctimai formasiyanın dəyişməsi, qütbləşmə, liderlik iddiası və digər real səbəblər insanları şüurlarında mövcud olan fərdi maraqlardan uzaqlaşdıra bilmədi. Beləcə, bəzi istisnaları çıxmaq şərti ilə seçimsiz, ənənəsiz inkişaf etdi Azərbaycan mətbuatı...  

Problem – 2. 

Sovet jurnalistika məktəbi kifayət qədər güclü idi...

Həsən bəy deyirdi: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır”.

Həsən bəy bu gün də təxminən belə deyərdi, amma bəzi istisnalarla. İndi pul var, mətbəə var, bir-iki yüz də olmasa, 5-6 min oxucu var, dövlətdən izn problemi də yoxdur, amma, yenə başqa “əmmalar” var.

Sovet İttifaqının dağılması, milli hərəkatın güclənməsi, Azərbaycan xalqının birləşməsi və milli həmrəyliyin nümayişi, əlbəttə, milli mətbuatımıza da güclü təsir göstərdi. Müstəqil mətbuat hələ çox-çox əvvəl Həsən bəyin “Əkinçi”sindən, Əli bəy Hüseynzadənin “Füyuzat”ından, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”indən və neçə-neçə retro nəşrlərin zamanından fərqli olaraq hamımızın şahidliyi ilə ərsəyə gəldi. Bu heç də özü ilə adlarını sadaladığımız mütəfəkkir insanların yerlərini doldura biləcək yetərincə söz-qələm sahiblərini yetişdirmədi...

Sovet dövründə medianın birinci funksiyası - partiyalılıq idi. Amma sovet jurnalistika məktəbi kifayət qədər güclü idi, ixtisaslaşma var idi. O illərdə söz azadlığından başqa həyatın bütün sahəsi nəşr olunan qəzetlərdə əks olunurdu.

Problem – 3.

Dini maarifləndirmə yüksək səviyyədə deyil...  

Həsən bəy Zərdabi İslamda mövhumatı və dini fanatizmi qəbul etmir, dini ayinləri həyata keçirərkən “Quran”da nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Təəssüf ki, eyni hal bu gün də qüvvədədir. Söhbət konkret olaraq dini-mənəvi-psixoloji problemlərdən gedir.

O problemləri bizə özümüz vasitəsi ilə yaşadırlar. Bu gün dindarların sayının getdikcə artmasında bəzi xoş olmayan məqamlarla bağlı ictimai fikirdə narahatlıq yaranır. Bu narahatlıqlar da ibadətlə məşğul olmaq istəyən insanların xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edilir. Radikal təriqətlər gənclərin bir çoxunda aqressiya və mənəm-mənəmlik iddiası formalaşdırır. Bu gənclərin heç də hamısını həqiqət yolçuları hesab etmək absurddur.

Onların dinə gəlişində xoş niyyət olsa da, necə və hansı yolla gəlmələrində xoş olmayan məqamlar var.

Dini maarifləndirmə yüksək səviyyədə olmadığı üçün onların dinə gəlişi çox vaxt neqativ formada baş verir. Onlar məscidlərdə radikal İslam təriqətlərinin moizələrinin təsiri altına düşürlər...  

Problem – 4.

Mətbuat ictimai fikirdə oynadığı roluna görə qiymətləndirilmir...  

Zərdabi mətbuat bolluğu ilə cəmiyyətin real ehtiyacı arasındakı fərqdən mütəəssir olardı. Dövlətin media ilə bağlı atdığı müsbət addımlar mətbu nəşrləri ayrı-ayrı monopolistlərin iqtisadi asılılığından və onların maraqlarına xidmət dilemması ilə qarşılaşdırmaya bilərdi. Bu cəmiyyətdə məlumat azadlığı və jurnalist hüquqları ilə vətəndaşların şəxsi hüquqları arasındakı balansın gözlənilməsinə səbəb olacaqdı. Əslində dövlətin mətbuata bu cür qayğısı media ilə yanaşı, cəmiyyəti də bəzi xoşagəlməz hallardan xilas edə bilərdi.

Çox  təəssüf ki, bu gün Azərbaycanda mətbuat ictimai fikirdə oynadığı roluna görə qiymətləndirilmir. Mətbuatın konkret fərdlər tərəfindən alınması və ya müəyyən siyasi qüvvənin maraqlarının tərənnümçüsünə çevrilməsi adi hal alıb. Azad sözü inkişaf etdirmədən cəmiyyətdə siyasi mədəniyyəti əxlaqi dəyərlər müstəvisində formalaşdırmaq mümkünsüzdür.

Əlbəttə, cəmiyyətimizin siyasi mədəniyyətinin inkişafı mürəkkəb və çətin prosesdir. Bu gün informasiyanın vətəndaşlara çatdırılması üçün yeni texniki formalar və vasitələrdən istifadə edən mətbuat bütün müasir cəmiyyətlərdə və demokratiya formalarında ideyaların təbliği üçün vacib vasitəyə çevrilir.  

Problem – 5.

Maarifləşmə, müasirləşmə, məfkurə saflığı nəzərə alınmır...  

Zərdabi bu gün media sahəsində qanunvericilik aktlarının kifayət qədər zəngin olduğunu görərdi və deyərdi ki, azad sözün bərqərar olması azad fikrin və siyasi plüralizmin inkişafı mətbuatın cəmiyyətin bütün sahələrinə maneəsiz müdaxiləsinə stimul verib. Amma təəssüflənərdi ki, bu çox vaxt ayrı-ayrı şəxslər və dövlət məmurları ilə jurnalistlər arasındakı münasibətlərdə münaqişə meyllərinin yaranmasına səbəb olur.

Bu da cəmiyyətdə və xüsusən də  dövlətlə mətbuat arasındakı münasibətlərdə bir növ boşluq yaradırdı. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qanunvericilik aktları kifayət qədər zəngindir. KİV-in sərbəst fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası tam təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.

Zərdabi arzu edərdi ki, ölkə KİV-ləri Azərbaycan milli mətbuatının qaranquşu sayılan “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsiplərin - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdətini, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılmasını, hadisələrin obyektiv işıqlandırılmasını xatırladaraq ümummilli mənafelərə xidmət etməyin vacibliyini ortaya qoymalıdır.  

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi