Modern.az

“Binalara vurulan üzlük oliqarxların sexində hazırlanır”

“Binalara vurulan üzlük oliqarxların sexində hazırlanır”

19 May 2015, 14:09

Deputat: “Binalardan tez alışan üzlüklər sökülməlidir”

“Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir”.

Bu sözləri Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun fikrincə, Azərbaycan hökuməti, Fövqəladə Hallar Nazirliyi, xüsusi xidmət orqanları məsələyə münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır:

“Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur”.

Deputat deyib ki, binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir:

“Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər.

Rusiyada, Çexiyada binaların üzlənməsi üçün ucuz başa gələn, amma yanmayan materiallardan istifadə edilir. Həmin material hətta 100 dərəcə temperaturda da yanmır. Bizdə istifadə olunan material isə oliqarxın, biznesmenin sexində istehsal olunur. Ucuz başa gəldiyindən də geniş istifadə edilməyə başlayıb. Məsələni başlı-başına buraxmaq olmaz, ciddi məsələdir”.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerində olan Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında yanğın nəticəsində 4 nəfərin öldüyünü, 10-dan çox adamın xəsarət aldığını deyib. O, əlavə edib ki, yanğına səbəb binanın üzlüyünün keyfiyyətsiz olması ilə bağlıdır.

Səhiyyə Nazirliyi isə ölənlərin sayının 6-ya çatdığını bildirib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama